"Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur" - Nəriman Həsənzadə

19-05-2021, 08:56           
"Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur" - Nəriman Həsənzadə
"O vaxt Ağstafadan Bakıya yaşamağa tək özüm gəlmişdim, bir anam var idi, fikirləşirdim ki, anamı da gətirim yanımda yaşasın. Axşam məktəbində dərs deyirdim, kiminsə yerinə məni hərbi xidmətə göndərdilər. Xalq şairi Səməd Vurğunun yanına getdim ki, mənə kömək etsin. Səməd Vurğun da o vaxt akademiyada vitse prezident idi. Götürüb hərbi komissarlığa zəng edib dedi ki, cavan şairdir, bir anasıdır, bir də özü, axı bir uşağı əsgər aparmırlar. Məni Rusiyaya çağırmışdılar, Səməd Vurğunun xahişi ilə Bakıya saldılar. Getdim hərbi xidmətə, bir il olmamışdı ki, xəbər gəldi ki, anan rəhmətə gedib. Mən onda əsgərlikdən qaçdım! Necə qaçdım? Salyanski kazarmada xidmət edirdim, Sovet ordusu idi. Eyvazov adlı bir mayor var idi, gəlib dedim ki, yoldaş mayor, mənim anam rəhmətə gedib, icazə verin gedib dəfn edim. Məndən başqa heç kəsi yoxdur. Dedi ki, gərək hərbi komissar teleqramı təsdiq etsin ki, anan həqiqətən də rəhmətə gedib. Mənə posta qayıtmağımı tapşırdı. Tutulub qaldım ki, bəs mənim anamı kim dəfn edəcək?! Mənə acıqlananda avtomatı üstünə çəkdim, tez əllərini qaldırıb təslim oldu ki, get, icazə verirəm. Qapıdan çıxanda yenə də 4-5 əsgər üstümə hücum çəkdi, onlara vaxt verdim ki, ya geri çəkilin, ya da atəş açıram. Geri çəkildilər və mən avtomatla birgə şəhərə qaçdım"

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə bildirib. Müsahibimiz daha sonra əlavə edib.

"Gəldim şəhərə geyimimi dəyişdim, ağlaya-ağlaya Ağstafaya qaçdım. Anamı dəfn etdim, Bakıya hərbi hissəyə qayıdanda eşitdim ki, məni hərbi tribunala veriblər. Moskvaya kimi xəbər çatıb ki, bir əsgər silahla qaçıb. Bəxtimdən hər zaman qarşıma yaxşı insanlar çıxıb. Səhəri gün diviziya ilə yazıçılar görüşə gəldilər. Onların arasında Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri və s.yazıçı və şairlər vardı. Nigar xanımı da Gəncədən tanıyırdım, mənə doğma idi. Dedi ki, niyə qəmlisən, nə olub? Dərdimi dedim ona, o da Rəsul müəllimə dedi. Rəsul müəllimlə Nigar xanım generalın yanına xahişə getdilər və məni hərbi tribunaldan xilas etdilər. Bu mənim həyatımda çox böyük hadisə oldu. İndi də valideynlərimlə bərabər Nigar Rəfibəyli və Rəsul Rzaya rəhmət oxuyuram" deyə Nəriman Həsənzadə bildirib.

Xalq şairi məmur özbaşınalığından da danışaraq onları ölkə başçısından nümunə götürməyə çağırıb.

"İcra başçısı niyə tutulsun? Axı cənab prezident onu özü təyin edib, necə tanısın insanları? Görünür o məmurlarda səviyyə, tərbiyə, əxlaq yoxdur. Onlar xalq qarşısında cavab verməyə borcludurlar. Çünki cinayətkardırlar! Mat qalırsan ki, icra başçısı bu qədər yırtıcılıq edib. Nə istəyirsiz?! Biz cənab prezidentin arxasınca gedirik, onun kimi ölkəni hamı sevməlidir, uzağa baxmaq lazım deyil, o özü bizə örnəkdir. Xalq onun ardınca gedir. Ölkəni içəridən yeyənlərin özü də elə bizim düşmənimiz sayılır. Özünüz də görürsünüz ki, o da artıq get-gedə ələnir. Cənab prezident də onları bağışlamır. Yırtıcılıq etməkdənsə gedib hansısa şəhid ailəsinin, qazimizin problemini həll etsinlər" deyə Nəriman Həsənzadə bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.