Çox sayda məhbus əfv üçün mürciət etdi - Novella Cəfəroğlu AÇIQLADI
6-09-2021, 19:55
Bu il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin 30, 8 noyabrda isə 44 günlük Şanlı Vətən Müharibəsinin 1 ili tamam olur.
Bəs bu əlamətdar günlərdə amnistiya və böyükmiqyaslı əfv sərəncamı olacaqmı?
Hüquq müdafiəçisi, İşçi qrupun üzvü Novella Cəfəroğlu Publika.az-a açıqlamasında söyləyib ki, əslində onlar əfv sərəncamının daha tez baş tutacağını gözləyiblər:
“Düşünürdük ki, qələbədən sonra xeyli sayda məhbus azadlığa çıxacaq. Hamımız böyük amnistiya və ya əfv sərəncamının olacağını gözləyirdik. Amma görünür, çatdıra bilməyiblər. Hesab edirəm ki, nəsə hazırlayırlar. Yəqin, böyükmiqyaslı əfv və ya amnistiyaya hazırlıq görülür. Parlament öz işinə başlayandan sonra böyük amnistiyanın olub-olmayacağını biləcəyik”.
Hüquq müdafiəçisinin fikrincə, bu il qələbənin hesabına çox şeylər olmalıdır:
"Ürəkdən istədiyimiz bəzi məsələlər var. Özümüz də işləyirik. Prezidentin köməkçisi Hikmət Hacıyevlə danışanda ona siyahını da təqdim etmişik. Pandemiya ilə əlaqədar olaraq İşçi qrupun toplaşmasına imkan yoxdur. Amma İşçi qrupun üzvlərinin hamısı bir yerə toplaşır və bu haqda söhbətlər aparılır. Bir çox məsələləri bir yerdə həll edirik. Məktublar yazırıq, qol çəkirik, sənədlər hazırlayırıq. Yəni, yığışa bilməsək də bir yerdə çox işlər görürük".
Novella Cəfəroğlu deyib ki, tanınmış məhbuslardan da əfv olunmaq üçün müraciət edənlər də var:
“O qədər insan var ki, əfv olunması üçün müraciət ediblər. İşdə olmadığım üçün bir çoxunun adı yadımda deyil. Çox adamın məktubu bizdədir. Bizə xeyli sayda insan zəng vurur. Son iki ildə minə yaxın insan bizim sayəmizdə azadlığa çıxıb. Onların içərisində tanınmış şəxslər də olub. Biz indi də bu işi aparırıq. Əsasən cəzasının çox hissəsini çəkənlər azadlığa buraxılır. Sumqayıtdan Elçin Məmmədli əfv üçün müraciət edib. Mingəçevirdən olan Elçindir. Biz çox istəyirik ki, Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun tezliklə azadlığa buraxılmasına nail olaq. Bizim siyahımızda tanınmış 38 məhbusun adı var. Bu yaxınlarda jurnalist Niyaz Niftiyevi buraxdırdıq. Hamımız onun üçün məktub yazdıq".