“Çox təəssüf ki, bu pulları ona qeyri-rəsmi surətdə təqdim etmişəm” - Adı orqan alverində hallanan sabiq icra başçısı

9-09-2021, 11:59           
 “Çox təəssüf ki, bu pulları ona qeyri-rəsmi surətdə təqdim etmişəm” - Adı orqan alverində hallanan sabiq icra başçısı
Ötən həftə APA TV-nin yaydığı məlumatda Səbayel Rayon İcra hakimiyyətinin müavini, Binəqədi rayonunun icra başçısı və digər vəzifələrdə çalışmış Hüseyn Hüseynovun adı orqan alverində hallanırdı. Bir çox mətbuat orqanlarında da yayılan, həmçinin “Yeni Müsavat”ın 4-6 sentyabr tarixində dərc edilən məlumatda bildirilirdi ki,

Elvin Nəbiyev adlı şəxs iki il öncə öz böyrəyini 30 min manata sabiq icra başçısı Hüseyn Hüseynova satıb. Sabiq məmur isə öz oğlu üçün aldığı böyrəyin pulunun yalnız bir qismini, 10 min manatını ödəyib. Elvin Nəbiyevin iddiasına görə, sabiq icra başçısı ona puldan əlavə maşın almağı da söz versə də, bu günə qədər hələ də 20 min manatını ala bilməyib.

Bir böyrəyini satdıqdan sonra səhhətində kəskin problemlər yarandığını bildirən iddiaçı qeyd edib ki, hazırda işsizdir və tək ümid yeri böyrəyinə görə alacağı məbləğdir: “Hazırda məndə qanda kreatin yüksək olduğuna görə qanımda zəhərlənmə gedir və beləcə tək böyrəyim də sıradan çıxır. Mən hazırda bundan, Hüseyndən yerdə qalan məbləği, 20 min manatımı istəyirəm, tələb edirəm. Çünki mən pislik etməmişəm, yaxşılıq etmişəm. Mənim külli miqdarda borclarım var. Müalicə olunmalıyam və bundan əlavə də kirayədə qalıram”.

Məsələ ilə bağlı qarşı tərəf Hüseyn Hüseynov “Yeni Müsavat”ın redaksiyasına gələrək, Elvin Nəbiyevin iddialarına münasibət bildirib. Sabiq icra başçısı qeyd edib ki, oğlu üçün aldığı böyrəyin xərcini artıqlaması ilə ödəyib:

“Şəxsin öz razılığı ilə oğluma böyrək köçürmüşük. Belə ki, iki il əvvəl internetdə gördüm ki, Elvin Nəbiyev adlı şəxs imkansızlıq ucbatından böyrəyini 22 min manata satır. Mənim də oğlumun səhhəti ilə bağlı donor böyrək lazım idi. Həmin şəxslə görüşdük, danışdıq. Bildirdi ki, iki qızı əlildir və qızlarından birinin müalicəyə ehtiyacı var, İrana müalicəyə getməlidir. Hesabladıq, məlum oldu ki, qızının müalicəsi üçün 20-25 min manat xərc tələb olunur. Mən də bununla razılaşdım ki, qızının müalicəsinə köməklik edəcəm. Hələ əməliyyatdan öncə dedi, qızını artıq İrana müalicəyə göndərir və bunun üçün 10 min manat lazımdır. Mən də o pulu verdim. Böyrək köçürmə əməliyyatı başa çatdıqdan sonra ona 14 min manat da verdim. Amma çox təəssüf ki, bu pulları ona qeyri-rəsmi surətdə təqdim etmişəm. Yalnız bir dəfə maşın almaq üçün mənə müraciət edəndə köməkçim notarius vasitəsilə ona 5 min manat verdi. Daha sonra anasına da 3 min, əlavə olaraq sonra isə 2 min manat verdik.

Bu yaxınlarda isə gəlib dedi ki, qızım ölüb, onun başdaşını düzəltmək lazımdır, pul lazımdır. Bunun üçün məndən 800 manat istədi və mən o pulu da verdim. Bu azmış kimi, sonradan yenə məndən 20 min manat artıq almaq üçün mətbuata, mediaya müraciət edərək, onu aldatdığımı iddia edir. Mən o böyrəyi öz oğlum üçün almışam. Sizcə, bu məsələdə haqsızlığa yol vermək olarmı? Əlbəttə ki, bu işdə halallıq mütləqdir. Sadəcə, Elvin Nəbiyev bu yolla daha çox pul əldə etmək istəyir.

Onu da qeyd edim ki, Xətai rayonunda Elvin Nəbiyevin digər dələduzluq işi ilə bağlı məhkəmə prosesi başladılıb. İnsan, sadəcə, dələduzdur və müxtəlif yollarla rahat gəlir əldə etməyə çalışır".

Qeyd edək ki, məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Elvin Nəbiyevin də rəyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.