Müəmmalı məhkəmə araşdırmasının sonu - Cızma-qara dəftərə sığan 5 milyon, 10 il həbs cəzası

9-09-2021, 18:19           
Müəmmalı məhkəmə araşdırmasının sonu - Cızma-qara dəftərə sığan 5 milyon, 10 il həbs cəzası
Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdirinin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Həsənov Samir Hafiq oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

İş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutub.

Məhkəmə iclasında S.Həsənov son sözlə çıxış edib. Samir Həsənov bildirib ki, “Caspian Galaxy” MMC-də satış müdiri vəzifəsində çalışıb.

Şakir Ələkbərovun epizodu üzrə danışan S.Həsənov söyləyib ki, hər gün Şakir Ələkbərov ona zəng edərək müxtəlif sayda siqaretlər sifariş verib.

Onun szölərinə görə, çalışdığı şirkət bazarda rəqabət aparmaq üçün endirim kampaniyaları təşkil edib. Belə ki, qutusunun dəyəri 385 manat olan siqaretlər 20-30 manat ucuza satılıb. S.Həsənov bunu əlavə qazanc kimi dəyərləndirmək istəyib.

O deyib ki, bu işi görmək üçün pulu olmadığı görə Şakir Ələkbərova müraciət edib.

“2017-ci ildən işə başladıq. Şakir pul verirdi, mən də əlavə müştərilər tapırdım. Hər qutuda əlavə 11-13 manat qazanc olurdu.

Şakirdən hər qutuya görə 385 manat alırdım, 395 manat qaytarırdım. 10 manat Şakir qazanırdı. Mən isə 1-3 manat, bəzən heç nə qazanmırdım.

2020-ci ilin may ayına qədər bu şəkildə işlədik. Başda Şakir bütün qeydləri komputerdə edirdi. Sonra dedi ki, vergi yoxlaması zamanı problem ola bilər. Buna görə dəftərə yazmaq istədiyini dedi. Mən onsuz da dəftərə yazırdım və buna etiraz etmədim.

Şakir 2018-ci ilin ilk ayından, 2020-ci ilin mayına qədər mənə cəmi 5 milyon 596 min 995 manat pul verib. Mən isə qazancı ilə birlikdə 6 milyon 270 min 600 manat pul qaytarmışam.

Mənim qeyd dəftərim var. Məhkəməyə təqdim elədim. Amma Şakir qeyd dəftərinin olduğunu desə də, məhkəməyə təqdim edə bilmir.

Şakir mənim ona cəmi 3.5 milyon qaytardığımı deyir və bildirir ki, 2019-cu ildən işləyirik. Amma 2018-ci ildən başlayan işi, ona verdiyim pulları hesablamır. Hətta 2017-ci ildən də işləyirik. Bunları etiraf etmir. Mən 2017-ci ildə Şakirin anasının yas mərasiminə getmişəm. Tanımırdımsa, yas mərasiminə niyə gedirdim?

Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparanda bildim ki, Şakir özünü sığortalamaq üçün şikayət edib. Orada digər pul aldığım tanışlarımı da gördüm.

Mən onlardan dəfələrlə iş üçün pul alıb qazancı ilə geri vermişəm. Sonuncu dəfə də aldığım pulu mayda qaytaracaqdım. Amma məni tutdular.

Həmin adamlardan aldığım pulu Şakirə verdiyimi dedim, amma inanmadılar. Rəqəmləri xatırlamadığım üçün dəftərimi də aparmışdım.

Şakir ora gələn zaman hər dəfə müxtəlif məbləğlərlə razılaşmağımı istəyirdi. Əvvəlcə 1 milyon deyirdi. Sonra məbləği artıraraq "2 milyondan çox" dedi.

Məni saxlayanda vəkillərimlə görüşə icazə vermədilər. Vəkilim Ziya Ələsgərovla müqaviləm var idi. Amma 6 gün saxlanılsam da görüşdürmədilər. Məndən vəkilim olmadan ifadə aldılar. Sonuncu dəfə Şakir gələndə dedi ki, 2 milyona qol çək, burdan gedib özümüz haqq-hesab edərik. Mən də buna inandırm. Övladlarım üçün, ailəm üçün narahat idim. Şakirlə razılaşdım. Mən aldadıldım və məhkəmə qarşısına çıxarıldım. Barəmdə həbs qərarı seçdilər.

Şakirlə heç bir dostluq, qohumluq əlaqəm yoxdur. Deyir ki, mənə 18 dəfə pul verib və qaytarmamışam. İndi kim tanımadığı adama qaytarmadığı halda 18 dəfə pul verər? Demək ki, pul qaytarmışam və yenə verib”.

S.Həsənovun sözlərinə görə, Şakir Ələkbərov ayrı-ayrı şəxslərdən pul alaraq ona verib: “Mən pulu qazancı ilə geri qaytarmışam, amma Şakir həmin adamların pulunu verməyib. Buna görə də məndən şikayət edir və həmin şəxslərə pulun məndə olduğunu deyir. Mən bundan bir dəfə şübhələndim. Dedim ki, həmin adamlarla məni görüşdür. Mənə dedi ki, onlar vəzifəli şəxslərdir və mənimlə görüşməyi qəbul etməyəcəklər”.

Məhkəmə təqsirləndirilən şəxs ifadə verdikdən sonra hökmü elan edib. Hökmə əsasən S.Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, məhkəmə proseslərində Samir Həsənovun vəkili xatırladırdı ki, zərərçəkmiş kimi tanınan Şakir Ələkbərov məhkəməyə 5 milyondan artıq pulun mənbəyini təqdim edə bilmir.

Məhkəmə buna qiymət verəcəyini desə də, nəticə dəyişmədi.

Şakir Ələkbərov isə əvvəlki proseslərdə pulun özünün olduğunu desə də sonradan ayrı-ayrı şəxslərdən borc aldığını bildirmişdi.

Şakir Ələkbərovun Samir Həsənova 5 milyon pul verməsini sübut edən yeganə sənəd isə bir dəftərdir. Həmin dəftərdə Şakir Ələkbərov qələmlə Samir Həsənova verdiyi məbləği yazıb. Bu isə sübut kimi qiymətləndirilib. Tərəflər arasında heç bir borc müqaviləsi və rəsmi sənəd yoxdur. Eyni dəftər Samir Həsənovda da var. Samir Həsənovun qeyd dəftərində isə pulun qaytarıldğı tarixlə göstərilir.

İttihama görə, Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə, S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.

Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.

Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc əldə edib.

S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.