HƏQİQƏTƏN DƏ... Ermənilərlə BİRGƏ YAŞAYA BİLƏRİKMİ?

8-10-2021, 08:59           
HƏQİQƏTƏN DƏ...
Dini və milli tolerantlıq Azərbaycan xalqının ən üstün keyfiyyətlərindən biri olsa da, torpaqlarımızı işğal edən, ölkəmizin ərazi bütövlüyünü qəbul etməyən, tarix böyük etnik qırğınlar törədən ermənilərlə münasibətlər düşmən həddindədir. 44 günlük müharibə xalqımızın qələbəsi ilə bitsə də, bu savaşda minlərlə igid oğulları şəhid verdik və millət olaraq sağalmayan yaralar aldıq. Bundan sonrakı dövrdə də Azərbaycan dövləti hərbi qüdrəti ilə düşmənə daim göz dağı versə də, bölgədə sülh və əmin-amanlıq şəraitində yaşamaq istiqamətində də addımların atılmasını zəruri hesab edir. Bu, həm də postmüharibə dövründə Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək və iki xalq arasındakı münasibətləri tənzimləmək məqsədilə bölgəyə gələn sülhməramlıların buradakı mövcudluq dövrünün qısalmasına səbəb olar.

Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Bu prosesdə Avropa İttifaqı və Gürcüstan da öz vasitəçiliyini təklif edir. Həmçinin oktyabrın 6-da Vyanada Ermənistandan olan siyasi partiya təmsilçiləri ilə Azərbaycanın siyasi partiya təmsilçilərinin görüşü baş tutdu. “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev bildirib ki, görüş Avstriyanın dövlət qurumları və beyin mərkəzi nümayəndələrinin təşkilatçılığı ilə keçirilib. Görüşdə postmünaqişə dövrünə aid məsələlər müzakirə edilib.

Bundan öncə dövlət başçısı İlham Əliyev də Azərbaycan qanunlarını qəbul edən ermənilərin hətta Şuşada gedən yenidənqurma işlərinə işçi olaraq cəlb edilə biləcəyini vurğulamışdı.

Bəs iki dövlətin münasibətləri ilə yanaşı xalqlararası münasibətləri necə bərpa etmək və regionda etnik ayrı-seçkiliyə son qoymaq olar?

“Yeni Müsavat”ın sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli vurğuladı ki, Azərbaycanın artan təzyiqləri və Prezidentin son dönəmlərdə verdiyi bəyanatlar onu göstərir ki, ermənilərlə birgə yaşayışın məsələsi ən aktual nüanslardan biridir: “Çox önəmli bir məsələ də var. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində mesajlar, çağırışlar artmaqdadır. Əlbəttə ki, bu çağırışlar həm də Ermənistanın arxasında dayanan güclərin etdiyi çağırışlardır. Şübhəsiz birincisi, Ermənistanla münasibətlərin qaydaya düşməsi ilə bağlı proses davam etdirilir. Mən düşünürəm ki, ermənilərin kompakt yaşadığı bölgəyə dair Azərbaycanın planları, müharibədən keçən müddət ərzində görülən işlərlə bağlı olub və bu təxirə düşdü. Yəni böyük qayıdış, azad olunan ərazilərin bərpası, xidmət sahələrinin qurulması, o cümlədən kommunal xidmətlərin təmin olunmasından sonra Azərbaycan bu məsələyə baxmalı idi. Hazırda ermənilərlə birgə yaşayış məsələsi həllini tapacaq vacib addımlardan biridir. 10 noyabr razılaşmasının bəndlərindən çıxış etsək, Qaçqınların işi üzrə BMT-nin Ali Komissarlıq İdarəsi çərçivəsində məcburi köçkünlərin geri qayıdışı təmin olunacaq. Bu, Azərbaycanın da planıdır. Azərbaycanın millət vəkili, həmin dairənin deputatı Tural Gəncəliyevin Xankəndində ofis açma məsələsi reallaşmalıdır. Üçüncüsü, Azərbaycan tərəfi bölgənin təminatını öz üzərinə götürməlidir. Buraya kommunikasiyaların, yəni təbii qazın, işığın, suyun təminatı. Bununla Azərbaycanın xidmət sahələrinə aid olan təmsilçi şəxslər bu bölgəyə daxil olmalıdır, onların da təhlükəsizliyi iki formada təmin olunmalıdır. Həm sülhməramlılar tərəfindən, həm də Azərbaycanın xüsusən də hərbi polis və polis orqanları tərəfindən. Yəni burada əsgərlərdən söhbət getmir”.

Millətlərarası münasibətlərə gəldikdə isə Ə.Əlibəyli bildirdi ki, elə bir şərait təmin olunmalıdır ki, burada kompakt yaşayış normaları gözlənilsin: “Yəni qarışıq şəkildə yaşama prinsipi baş verməsin. İndiki halda toqquşmaların olması da mümkündür. Üçüncü, ən önəmli vasitə informasiya sahəsində görüləcək işlərlə bağlıdır. Çünki bu, ermənilərin Azərbaycana adaptasiyasını təşkil etmək üçün müvafiq olaraq Azərbaycanın internetindən, telefon rabitəsindən, yayım tezliklərindən istifadə olunmalıdır və digərlərinə imkan verilməməlidir. Digər ciddi məsələ bundan ibarətdir ki, bölgə Qarabağ iqtisadi rayonu ərazisinə aiddir.Yəni Azərbaycan hakimiyyəti tərəfindən mərkəzləşdirilmiş idarəetmə orqanına tabe edilməlidir ki, bu da həyata keçirilsin. Azərbaycan tərəfi ermənilərə vətəndaşlığın bərpasını həyata keçirməlidir, buna repatriasiya prosesi deyirlər. Azərbaycan vətəndaşları qanunvericiliyimizdə nəzərdə tutulan hüquqlardan nə formada istifadə edirsə, bizim erməni əsilli vətəndaşlarımız da həmin hüquqlardan istifadə edə bilməlidir. Azərbaycanın pensiya təminatı, sosial təminatlar məsələsindən onlar da yararlanmalıdır”.

Siyasi şərhçi hesab edir ki, təhlükəsizlik baxımından Azərbaycan bölgəyə nəzarətdə bir an sayıqlığını itirməməlidir: “Şübhəsiz, birinci növbədə milli təhlükəsizlik baxımdan bu, bölgədə qarışıqlıq yaradacaq, bir növ faşist-daşnak təfəkkürü ilə hərəkət edəcək şəxslərə qəti şəkildə imkan vermək lazım deyil. Bunların ilk növbədə sülhməramlıların vasitəsilə bölgədən çıxarılmasını təmin eləmək mümkündür. Yəqin ki, bu cür də olacaq. İnformativ olaraq həmişə Azərbaycan bir addım öndə olmalıdır. Bölgədəki ermənilərlə Ermənistan arasındakı münasibətləri Azərbaycan ciddi şəkildə nəzarətdə saxlamalı və yönləndirməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.