Amerikada yaşamaq şansı verən “Green Card”: - Azərbaycana ayrılan kvota niyə azaldılıb?

12-10-2021, 19:05           
Amerikada yaşamaq şansı verən “Green Card”: -
2021-ci ildə 1439 Azərbaycan vətəndaşı “Green Card” qazanıb.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bu il dünyanın müxtəlif ölkələrindən 11 milyon 830 min 707 insan ABŞ-da leqal yaşamağa və işləməyə imkan verən “Green Card” lotereyasına qatılıb.

Onlardan 55 min nəfər qələbə qazanaraq ABŞ-a köçmək və işləmək icazəsi alıb. Azərbaycan vətəndaşları ilə yanaşı 5604 Ukrayna, 6001 Rusiya, 2143 Belarus, 190 İsrail, 2293 Ermənistan, 1899 Gürcüstan, 2406 Qazaxıstan, 2130 Qırğızıstan, 1565 Moldova, 2332 Tacikistan, 5319 Özbəkistan və s. ölkə vətəndaşı "Green Card" əldə edib.

Maraqlıdır, vətəndaşlarımızın “Green Card”a bu qədər maraq göstərməsinin əsl səbəbi nədir? Nə üçün Cənubi Qafqazda ən az sayda kvota Azərbaycana ayrılıb?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ən azı yüz ildir ki, dünyada “Amerika arzusu” deyilən bir ideya var:

“Çünki ABŞ-a köçən çox kasıb insanlar belə bir müddət sonra çox varlı insanlara çevrilə bilir. Buna görə də ABŞ hələ də dünyanın ən böyük cazibə mərkəzi olaraq qalır və daima hər kəs üçün cəlbedici gəlir. Həmçinin, bir çox azərbaycanlıların da ABŞ-a köçmək və orada iş quraraq, hansısa ciddi uğura imza atmaq kimi bir arzusu var.

Bununla yanaşı, bəzi mütəxəssislər üçün Azərbaycan cəlbedici deyil, kiçik bazardır. Dünyaya çıxmaq üçün isə ABŞ-ı seçirlər, çünki ABŞ həm böyük bir bazardır, həm də ora dünya iqtisadiyyatının mərkəzidir. Bu səbəbdən daha çox İT üzrə mütəxəssisizlər ABŞ-ı seçmək də israrlıdır.

Onu da nəzərə alaq ki, ölkəmizdə sosial-iqtisadi problemlər artdıqca və iş yerləri ilə bağlandıqca insanlar başqa bir ölkədə həyatlarına yenidən başlamağa çalışırlar. Bunun üçün isə ən uyğun ölkəni Amerika olduğunu hesab edirlər. Halbuki bunun özü də çətin məsələdir, çünki ABŞ-da da iş qurmağın özü də çox böyük fədakarlıq və bilik tələb edir”.

Ekspert Ermənistana Azərbaycandan daha çox kvota verilməsi məsələsinə də aydınlıq gətirib:

“Ümumiyyətlə, “Green Card” kvotası adətən ciddi sosial-iqtisadi problemlərin olduğu ölkələrə verilir. Ermənistanda müharibədən sonra yaranmış psixoloji vəziyyət kifayət qədər göz önündədir. Həmçinin, o ölkədə sosial-iqtisadi məsələlərlə bağlı da çox ciddi problemlər mövcuddur. Hesab edirəm ki, Ermənistana daha çox kvota verilməsi məhz bununla bağlıdır. Həmçinin, bu proses adətən rəsmi rəqəmlərə əsasən ölçülür.

Azərbaycandakı rəsmi rəqəmlərə görə iqtisadi vəziyyət Ermənistandan daha yaxşıdır. Yəni limitlə bağlı bölgülərdə bu iqtisadi parametrlər nəzərə alınır. Ona görə də bunun sırf siyasi məsələ olduğunu düşünmürəm. Çünki siyasi məsələ olsaydı Ermənistana heç bir kvota verilməzdi. Orada daha qəliz limit ayrılma mexanizmləri var. Azərbaycan rəsmi iqtisadi statistikalara görə yaxşı vəziyyətdə olduğu üçün, ölkəmizə daha az kvota verilib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.