Mingəçevir İcra Hakimiyyəti “ən fəal dövlət orqanı” kimi təltif olunub - İlyarımdır qapıları vətəndaşların üzünə bağlı ola-ola

14-10-2021, 14:45           
Mingəçevir İcra Hakimiyyəti “ən fəal dövlət orqanı” kimi təltif olunub - İlyarımdır qapıları vətəndaşların üzünə bağlı ola-ola
İcra hakimiyyətinin saytı başçıya mədhiyyə yağdırmaqla məşğuldur

Bu günlərdə Onlayn İctimai Nəzarət Platforması və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www.enezaret.az) rüblük ilkin nəticələrini açıqlayıb. Rübün nəticələrinə əsasən, vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilən 13 dövlət qurumu seçilib. Onların arasında Mingəçevir şəhər İcra Hakimiyyətinin adı da yer alıb. Bu münasibətlə Mingəçevir şəhər İcra Hakimiyyəti xüsusi diplomla təltif edilib və icra başçısı İlham İsmayılova mükafat-plaket təqdim olunub.
Qeyd edək ki, Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıq çərçivəsində baş tutan pilot layihənin məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.
Öncə qeyd olunan www.enezaret.az saytı barədə. Saytda Mingəçevirlə bağlı cəmi 2 müraciət yer alıb: biri məişət tullantılarının daşınması, digəri də nasaz vəziyyətdə olan kəmərdən su sızmasıyla bağlıdır. Belə məlum olur ki, hər iki halda vətəndaş(lar) Platformaya, onlar da öz növbəsində Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciət edib(lər) və beləcə, problem öz həllini tapıb. Vəssalam! İcra hakimiyyəti də “ən fəal dövlət orqanı” kimi mükafata layiq görülüb.
Əslində isə bu, sol əllə sağ qulağı qaşımaqdır. Nəyə görə vətəndaş həyətinin qarşısında yığılıb qalmış zibilin daşınması və yaxud nasaz su kəmərinə görə hansısa www.enezaret.az saytına müraciət etməlidir? Oradan da həmin müraciət vətəndaşın qulağının dibində olan və buna görə məsuliyyət daşıyan müvafiq icra hakimiyyətinə ünvanlanmalıdır? Bu nə məntiqdir?
Biz E-Nəzarət Platformasının qalib(lər)i başqa hansı kriteriyalara görə müəyyən edib seçdiyini deyə bilmərik. Bildiyimiz odur ki, konkret Mingəçevir şəhər İcra Hakimiyyəti 1 il 6 aydan çoxdur ki, qapılarını məlum səbəblərdən vətəndaşların üzünə bağlayıb. Belədə hansı operativlikdən və vətəndaş müraciətlərinə baxılmasında fəallıqdan söhbət gedə bilər?
Görünür, layihənin təşkilatçıları icra hakimiyyətlərinin, konkret olaraq mükafatlandırdıqları Mingəçevir şəhər İH-nin veb-saytının formal xarakter daşıdığından xəbərsizdirlər. Çünki hazırki dövrdə vətəndaşların müraciətini virtual olaraq canlı şəkildə cavablandırmalı olan aparatın saytını icra başçısının hara gedib-gəldiyi, az qala nə yeyib-içdiyi barədə yazılar bəzəyir.
Ümumiyyətlə, ölkədə yerli icra hakimiyyətlərinin saytlarıyla bağlı durum olduqca acınacaqlıdır. Bütün şəhər və rayonların icra hakimiyyətlərinin veb-resursları bir-birinin təkrarıdır, hamısı sanki inkubatordan çıxıb. Standart xəbərlər, standart şəkillər, icra başçısına həsr olunmuş mədhiyyələr. Bir sözlə, bu gün yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin saytları olsa da, onların içərisində vətəndaşın, ölkəyə gələn potensial turistin öyrənəcəyi, faydalana biləcəyi heç nə yoxdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.