Gənc qadının müəmmalı intiharında bank əməkdaşının qalmaqallı ifadəsi: - İntim yazışma?

15-10-2021, 09:51           
Gənc qadının müəmmalı intiharında bank əməkdaşının qalmaqallı ifadəsi: - İntim yazışma?
24 apreldə Sabirabad rayonu Cavad kənd sakini Zeynalova Səmayə Xalid qızının yaşadığı (gəlin köçdüyü) evdə intihar etməsi faktına (CM. 125-ci maddə) dair Sabirabad rayon prokurorluğunda istintaqı edilən və nəticədə icraatına xitam verilən cinayət işi ilə bağlı bəzi qaranlıq məqamlar üzə çıxıb.

Bu barədə ailənin vəkili Samir Zeynalov Cebhe.info-ya məlumat verib. O, cinayət işi və intiharla bağlı yeni detalları bölüşüb.

Vəkil bildirib ki, sözügedən cinayət işi üzrə istintaqa şahid qismində ifadə vermiş və hazırda AccessBank Azerbaijan-ın Sabirabad rayon filialında çalışan, həmin rayonda yaşayan Yahyayev Nicat İsa oğlu doğru danışmayıb:

“İstintaq orqanı tərəfindən qəbul edilmiş qərarın təsviri hissəsində ümumi şəkildə qeyd olunur ki, sözügedən şəxs 2020-ci ilin dekabr ayında mərhum Səmayə Zeynalova ilə tanış olub, onunla bir müddət intim mövzuda yazışıb, lakin heç vaxt görüşməyib. Yazışmanın hansı məzmunda olması məlum deyil. Gerçəyin müəyyən edilməsi istiqamətində tərəfimdən araşdırma aparılıb, Yahyayev Nicat İsa oğlu və onunla birlikdə prokurorluqda olmuş atası Yahyayev İsa ilə mobil telefon vasitəsilə əlaqə yaradılıb və müəyyən danışıqlar aparılıb”.

Vəkil bildirib ki, danışıqlar əsnasında sözügedən şəxs ilkin olaraq Səmayə Zeynalova ilə qeyd olunan mövzuda ünsiyyətini, onunla yaxınlığını və tanışlığını təkzib etsə də, belə bir məzmunda prokurorluğa ifadə vermədiyini qeyd etsə də, nəticədə prokurorluğun qəbul etdiyi məlum qərarda adının bu şəkildə hallanmasına soyuq yanaşıb:

“Atası da oğlunun Səmayə ilə tanışlığını, göstərilən mövzuda yazışmasını təkzib etsə də, nəticədə eyni münasibəti o da sərgiləyib. Araşdırmanın gedişatında ata və oğul mənimlə və bu vəziyyətdən ciddi narahatlıq keçirən, strees yaşayan mərhumun ailə üzvləri ilə həqiqətin müəyyən edilməsi naminə görüşməkdən ciddi cəhdlə boyun qaçırıb. Hətta bizi müxtəlif orqanlara şikayət etməklə təhdid ediblər. Atası ilə qısa müddətlik üzləşdiyim zaman ciddi həyəcan və təşviş keçirərək, nəticədə əsaslı şübhələrin qüvvədə qalmasını təmin edib. Mən hesab edirəm ki, sağlam düşüncəsi, saf mənəviyyatı və vicdanı olan şəxs bu cür hərəkətsizlik və laqeydilik nümayiş etdirməz və etdirməzdi...”

Samir Zeynalovun sözlərinə görə, Nicat Yahyayev prokurorluqda bilə-bilə yalan ifadə verərək mərhumun adının ləkələnməsi təşəbbüsündə iştirak edib.

Xatırladaq ki, aprelin 24-də Sabirabad rayonunun Cavad kəndində özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı bildirilən 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının ailəsi onun ölümünü müəmmalı hesab edir. Sabirabad rayon prokurorluğunda fakta görə Azərbaycan Respublikasının CM-in 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. //cebhe.info//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.