10 yaşlı Nərminin qətli işində növbəti sensasiya: boy ölçüsü… – Açıqlama

24-10-2021, 00:07           
10 yaşlı Nərminin qətli işində növbəti sensasiya: boy ölçüsü… – Açıqlama
Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın işi üzrə sensasion nüanslar üzə çıxmaqdadır. Qətli törətməkdə təqsirləndirilən İlkin Süleymanov ittihamları qəbul etmir və məhkəmədə istintaqa işgəncə altında ifadə verdiyini bildirir. İndisə Nərminin fiziki göstəriciləri ilə bağlı ziddiyyətlər ortaya çıxmaqdadır.
Bununla bağlı İ.Süleymanovun ailəsi Reportyor.info-ya bildirib ki, Nərminin atası Şərif Quliyev qızını üzdən tanıdığını deyib: “Onun altdan və üstdən bir diş yox idi, ilkin ifadəsində də bu fakt var. Ekspertiza rəyində isə alt dişi yerindədir, üst dişi olmadığı göstərilir.
İ.Süleymanovun ailəsi deyir ki, Nərmin dəfn olunarkən DNT analizi olmayıb: “Ailə 50 gün sonra DNT analizi verib. Fevralın 21-də qızın ailəsi mediaya deyib ki, bizi DNT analizi almaq üçün Bakıya çağırıblar. Bunu həmin vaxtı yutubda yayımlanmış video çıxışları da təsdiqləyir”.
Təqsirləndirilən şəxsin ailəsinin sözlərinə görə, Nərmin Quliyevanın DNT analizindən sonra 2-ci qan qrupu yazılıb: “Amma Tovuz Mərkəzi Xəstəxanasından verilən arayşda və ən əsası şəxsiyyət vəsiqəsində uşağın 4-cü qan qrupu olduğu qeyd olunub. Amma bütün istintaq sənədlərində qan qrupu 2-ci göstərilib. Həmçinin, kənd tibbi məntəqəsində həmişə qan verəndə 4-cü qrup çıxıb”.


İlkinin ailəsi bildirir ki, Nərminin boy ölçülərində də ziddiyyət meydana çıxıb: “Ümumiyyətlə, meyitə baxış zamanı boy ölçüsünə baxılmayıb. “Auto cad” proqramı ilə onun boy ölçülər – 1.47, 1.44, 1.42, yəni üç fərqli rəqəm ortaya çıxarılıb. Bu, meyitin yanmasından sonra aşkarlanmasıdır. Yanmamışdan əvvəl bu meyit 1.70 olub.
Ekspertiza rəyində isə göstərilir ki, Nərminin boyu sinif yoldaşları ilə müqayisədə 1.20 götürülüb. Əgər meyit Nərminə aiddirsə, yanmış vəziyyətdə 90 sm düşməliydi.

Uşağın anası isə deyir ki, mənim boyum 1.60-dır, uşaq yarım qədərdir. O zaman Nərminin boyu heç 1.20 də olmayıb. Əmisi Arif isə məhkəmədə uşağın boyunu təsvir edərkən bildirir ki, öz boyum 1.70 civarındadır, müqayisədə göbəyini göstərir, bu da boyunu 1.10 sm gətirib çıxarır”.
Bundan başqa, Nərminin anası sonuncu məhkəmə ifadəsində qeyd edib ki, uşağın kürəyində üç ət xalı var, biri döş üstündədir: “Ekspertiza isə aşkarlanan meyitdə bunların heç birini göstərməyib. Nəzərə alsaq ki, atası hər ifadəsində Nərmini tanıdığını və qurşaqdan yuxarı salamat olduğunu bildirirdi. Atasının sözlərinə inansaq, deyilən detallar ekspertiza rəyində göstərilməliydi.

Ona görə meyitin Nərminin olub-olmadığını dəqiqləşdirmək üçün yenidən ekpertiza keçirilməlidir”.
İlkinin ailəsi hesab edir ki, ekpertizaya təzyiq olunub və rəylər saxtalaşdırılıb: “Bu günə kimi ekpertizanın şübhə doğuran rəyləri ilə bağlı 20 vəsatət verilib, heç biri təmin olunmayıb.

Əgər əsl qatilin kimliyini üzə çıxarmaq istənilirsə, iş yenidən ilkin istintaqa qaytarılmalıdır, meyit ekshumasiya olunmalıdır”.

Xatırladaq ki, 48 yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir.
İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.