Azərbaycanda saxta dissertasiya belə yazılıb: - Feilləri dəyiş və hazırdır
26-10-2021, 16:03

Xəbər verdiyimiz kimi, Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə hadisəsi qeydə alınıb.
Xarici ölkədən daxil olan müraciətə əsasən, azərbaycanlı alimin işi araşdırılıb. Dissertasiya işinin plagiat olduğu təsdiq edilib. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edilib.
Ali Attestasiya Komissiyası Cebhe.info-nun plagiat disissertasiya yazan, elmi dərəcəsi ləğv olunan alimin kim olması və son illərdə plagiatla bağlı nə qədər müraciətin olunması barədə sorğusunu cavablandırıb. Verilən açıqlamada Komissiyanın Rəyasət Heyətinin elmi dərəcədən məhrumetmə ilə bağlı qərar qəbul etdiyi bildirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16.04.2021-ci il tarixində keçirilmiş iclasında Rusiya Federasiyasının vətəndaşı, “Mediamuzıka” elektron jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Aleksandr Valeryeviç Çernışovun Komissiyaya ünvanladığı 08.02.2019-cu və 14.10.2019-cu il tarixli müraciətlərində qaldırdığı iddia müzakirənin olunduğu və müvafiq qərar qəbul edildiyi deyilib.
Müraciətlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar İsgəndər qızı Əsgərovanın 2016-cı ildə Rusiyanın Stavropol şəhərində dərc olunmuş «Джазовые ритмы в структуре произведений» adlı məqaləsinin A.Çernışovun 2011-ci ildə dərc olunmuş «Джазовый ритм в музыке академической традиции» məqaləsindən plagiat olması faktının araşdırılması, N.Əsgərovanın 2017-ci ildə müdafiə edərək 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı “Элементы джаза в фортепианном творчестве композиторов ХХ века” (“XX əsr bəstəkarlarının fortepiano yaradıcılığında caz elementləri”) adlı dissertasiyasının (elmi rəhbəri – fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə) yenidən ekspertizaya cəlb olunması və dissertasiyada elmi plagiat faktlarının aşkarlanacağı təqdirdə onun elmi dərəcədən məhrum edilməsi barədə Komissiya qarşısında məsələ qaldırılıb.
Komissiyada işin ekspertizasının nəticəsinə və Sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının rəyinə əsasən, N.Əsgərovanın adı çəkilən məqaləsinin A.Çernışovun məqaləsindən plagiat olması, dissertasiya işinin əhəmiyyətli hissəsinin plagiatlığı, işin nəticə bölməsinin isə bütövlüklə rusiyalı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru M.V.Mityuxinanın 2003-cü ildə müdafiə etdiyi “Влияние джаза на профессиональное композиторское творчество Западной Европы первых десятилетий ХХ века” adlı dissertasiyasının (https://www.dissercat.com/content/vliyanie-dzhaza-na-professionalnoe-kompozitorskoe-tvorchestvo-zapadnoi-evropy-pervykh-desyat) nəticə hissəsindən elmi plagiat olması faktı həqiqətən öz təsdiqini tapıb. Müəyyən edilib ki, Nigar Əsgərova müstəqil elmi araşdırma aparmamış, aşağıda adları qeyd olunan müxtəlif müəlliflərin ayrı-ayrı vaxtlarda nəşr etdirdikləri monoqrafiya və məqalələrdən, müdafiə etdikləri dissertasiya işlərindən tərcümə (ingilis dilindən) və ya birbaşa köçürmə yolu ilə (bəzi hallarda açar sözləri və feilləri dəyişdirməklə) saxta dissertasiya hazırlayıb.