Bakıda bu günlərdə bal su yerinə “axır”

27-10-2021, 07:28           
Bakıda bu günlərdə bal su yerinə “axır”
Pandemiya başlayandan bəri ilk dəfədir bu günlərdə Bakıda - Gənclikdəki Atatürk parkının yaxınlığında qurulmuş çadırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan bal yarmarkası keçirilir. Yağışa baxmayaraq çadırın qarşısında gözləyənlər var, koronavirus səbəbindən müştərilər içəriyə növbə ilə keçirlər, maskalar taxılır, əllər dezinfeksiya edilir. Pandemiyayadək təşkil edilən ənənəvi yarmarkadan fərqli olaraq satıcılar narazı görünmürlər, alıcı arxasınca qaçan yoxdur, müştəri uğrunda mübahisələr eşidilmir. Arıçılar bildirirlər ki, ilin-günün bu vaxtında gündə 50-60 kilodan çox bal sata bilirlər. Bir neçə arıçı yarmarkanın ilk günlərindən bütün məhsulunu sata bilib.

Prezidentin yediyi bal...

Arıçı Sabir Mustafayev deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təsərrüfatını Kəlbəcərə, öz doğma yurd-yuvası olan Ağcakənd kəndinə köçürüb. Bu il balı Kəlbəcərdə süzüb, 2 tona yaxın məhsul götürüblər. Onun 20 faizi şəhid ailələrinə hədiyyə edilib. Kəlbəcərdə arıçılarla görüşündə Prezident S.Mustafayevin təqdim etdiyi baldan yeyib, görüşdən 2 ay sonra Kəlbəcər balının unikal dada malik olduğunu söyləyib. Arıçı deyir ki, həmin baldan yarmarkaya da çıxarıb, elə ilk gündən məhsulun hamısı satılıb.

Yarmarkanın ən bahalı balı da, deyəsən, Kəlbəcər balı olub, 45-60 manat arası satılıb.

Digər satıcı da söhbətə qoşulur, deyir ki, gələn il o da mütləq və Laçına gedəcək, çünki Prezidentin bir kəlməsi ilə onlarla müştəri gəlib, satmağa məhsul qalmayıb.

Öyrənirik ki, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatı Laçın yaylaqlarına, 2500 arı ailəsi isə Kəlbəcər yaylaqlarına köçürülüb.

“Kiloqramı 50 manatdan bal satılacağına inanmırdım...”

Bunu isə arıçı Elşad Behbudov deyir. Bildirir ki, bu il Laçın yaylaqlarına cəmi 37 arı ailəsi köçürüb. Özü də 4 nəfər yaxını ilə 2 ay Laçında qalıb, maşında gecələyiblər. Laçın yaylaqlarının balı 50 manatdan təklif edilir, müştəriləri də var.

“Yaylaqlar dəniz səviyyəsindən 2200-2700-ə qədər yüksəklikdədir. Laçın balının dadı digər bölgələrdən seçilir, çünki ancaq çiçəklərdən toplanıb. İnanmırdım ki, yarmarkada 50 manata bal sata biləm, buna görə az məhsul çıxardım”,-arıçı danışıb.

Onun sözlərinə görə, Laçın və Kəlbəcərə ancaq yaxşı arı aparmaq lazımdır, çünki arı zəif olanda bal yığa bilmir.

Arıçı deyir ki, dağlıq ərazilərdə məhsuldarlıq yaxşı olur. Amma gərək yazın ilk vaxtlarında arılara düzgün qulluq göstərilə, ana arılar dəyişdirilə: “Ana arı da istehsal edirik, çünki ana arını cavanlaşdırmaq lazımdır. Biz köçəri həyat sürürük, yazda bir yerə, yayda başqa səmtə gedirik. Ana arı iş qüvvəsini itirir”.

Bir arı ailəsi 35-40 kiloqram bal verir, kiloqramını 30 manatdan satanda 1 ton baldan 30 min manat gəlir olur. Arıçı əlavə edir ki, mayadan kəsmək lazım deyil. Arıya şərbət verəndə ölür, arı balla qidalanmalıdır ki, qışda ölməsin.


Norveç niyə Azərbaycandan bal sifariş verir?

Yarmarkaya rəsmi qeydiyyatdan keçmiş 250 arıçı qatılıb, hər birinə 400 kiloqramadək məhsul çıxarmalarına icazə verilib.

“Balçı Elşad” kimi tanınan Elşad Beybudov uzun illər mətbuatda çalışıb. Deyir ki, mətbuatdan fərqli olaraq arılarla işləmək ona zövq verir, üstəlik qazancı da yaxşıdır. İlə 2 ton yarımdan artıq bal götürür, bir ildən o biri ilə məhsul qalmır. Pandemiya dövründə onlayn satış edib, Türkiyə, Malaziya, Norveç, Yaponiyaya məhsul göndərib. Hətta Yapon müştəri gəlib, məhsulun dadına, qablaşdırmasına şəxsən nəzarət edib. Yarmarkaya 400 kiloqram bal çıxarıb, artıq məhsulun yarıdan çoxunu satıb.

“Norveçdə yaşayan irland kimyaçı Sarmaşıq balı sifariş verdi, bu baldan azdır, dünyada bahalı bal kimi tanınır. Arı balı dərman bitkilərindən alır, içərisinə nanə, limon qatmaqla xüsusilə uşaqlar üçün öskürək əleyhinə dərman hazırlanır. Norveçdə də bu baldan azdır. Azərbaycanda da sarmaşıq balının alıcıları çoxdur, qapı-qapı gəzib axtaranlar olur”.

Yarmarkada sarmaşıq balı yoxdur, amma çiçək balı, çökə balı, dağ balı, akasiya, biyan, şabalıd balı var.

Elşad əlavə edir ki, builki yarmarkada müştərilər əsasən gənc nəsildir.

Gədəbəyin Zəhmət kəndindən gətirilən bal

Füzuli adlı arıçı isə deyir ki, təsərrüfatını apreldə Kür qırağına, oradan Şəmkirə, sonra Gədəbəyin Zəhmət kəndinə köçürür. Yarmarkaya çıxardığı balın kiloqramını 30 manatdan təklif edir. Alıcıları arasında kosmetika şirkətlərinin nümayəndələri də var, bal məhsullarını alıb cavanlaşmaq üçün kremlər hazırlayırlar.

Maksim isə balı Zaqataladan gətirib. 19 yaşlı arıçı Vətən Müharibəsində iştirak edib, “Cəsur döyüşçü”, eləcə də Şuşa, Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının işğaldan azad olunması üçün medallarla təltif edilib.

Maksim deyir ki, atası, babası, bibiləri arıçılıqla məşğul olub, o da onların davamçısıdır. İndi müharibədə aldığı yaralar hələ tam sağalmasa da təsərrüfatlarından əldə edilən balı yarmarkada satır ki, dolanışıqlarına dəstək olsun.

Səbuhi Nəbiyevin məhsulları isə bir neçə ildir ən keyfiyyətli məhsul mükafatına layiq görülür. Arıçı deyir ki, balı 25 manatdan aşağı satmaq sərf etmir. Bu il 3 ton bal götürüb, rayonda 30 manatdan satır. Yanacağın bahalaşması ildə təxminən 500 manatadək xərclərini artırır.

Yarmarkada satışa çıxarılan balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Keyfiyyətsiz bal arıçılardan götürülüb, yarmarka başa çatandan sonra sahiblərinə qaytarılacaq. Yəqin ki, sahibləri də həmin balı daha sonra hər halda müştərilərə təmiz bal adı altında satmağın başqa yolunu tapacaqlar...



Ülviyyə Xudiyeva

virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.