ABŞ kəşfiyyatının daha bir sirri açılır: - Xanı zorlayaraq dəhşətli işgəncələr veriblər

30-10-2021, 12:56           
ABŞ kəşfiyyatının daha bir sirri açılır: -
ABŞ-ın terror aktları törətməkdə şübhəli bildiyi şəxsləri saxladığı Quantanamo həbsxanasındakı məhkumlardan biri Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) saxlanılan şəxslər üzərində tətbiq etdiyi və işgəncə kimi qəbul olunan dindirmə metodlarını açıqlayıb.

Reyting.az xəbər verir ki, uzun illər ABŞ-ın Merilend ştatının Baltimor şəhərində yaşayan və “Əl Qaida” informatoru olmaqda şübhəli bilinən Quantanamo məhbusu Məcid Xan adlı şəxs “müharibə cinayətləri törətmək” ittihamı ilə münsiflər heyətinin qarşısına çıxarılıb.

2006-cı ildə Quantanamoya gətirilməzdən əvvəl 3 il tanımadığı, “qaranlıq yerlər” kimi xarakterizə etdiyi MKİ-nin həbsxanalarından birində saxlanıldığını bildirən Məcid Xan burada heç vaxt gün işığı görmədiyini və yeganə həmsöhbətinin mühafizəçilər və MKİ agentləri olduğunu açıqlayıb.

Kuba sahillərindəki Quantanamoda saxlanılan M. Xan ən təfərrüatlı izahatında “Sorğulanarkən öləcəyimi düşündüm”,- deyib.

M. Xan bildirib ki, dindirilmə ərəfəsində onu uzun müddət lüt saxlayıb, tavandan başı aşağı asıblar. Eyni zamanda günlərlə oyaq qalması və yatmaması üçün üzərinə buzlu su, həmçinin boğulma dərəcəsinə qədər başına su töküblər.

Məhkum əlavə edib ki, cinsi təcavüzə də məruz qalıb və günlərlə ac saxlanılıb.

“Onlara (MKİ agentlərini nəzərdə tutur-red.) yalvardım ki, dayansınlar və heç nə bilmədiyimə and içdim. Verəcək bir məlumatım olsaydı, onsuz da verərdim”,- deyən M. Xan əlavə edib ki, bəzən onu tanımadığı yerlərdə dindiriblər və bölgənin adı çəkilməyib.

Yaşadıqlarının ABŞ Konqresinin hesabatında işgəncə kimi ifadə edildiyini xatırladan Xan bu yanaşma ilə razı olduğunu da qeyd edib: “Onlara nə qədər çox əməkdaşlıq edəcəyimi desəm də, bir o qədər də işgəncəni çox verirdilər. Bu, dözülməz ağrılar idi”.

Sabah hərbi məhkəmə qarşısında ifadə verəcək M. Xanı 25 ildən 40 ilə qədər həbs cəzası gözləyir, lakin ABŞ səlahiyyətliləri ilə əməkdaşlıq etdiyi üçün bu cəzanın azaldılacağı ehtimal olunur. Yəni Xanın cəzasını 11 ilə qədər azalda bilərlər. Bu cəza Xanın 2012-ci ilin fevralında törətdiyi cinayəti etiraf etməsindən sonrakı dövr üçün hesablanacaq. Əgər Xan 11 il müddətinə azadlıqdan məhrum edilsə belə, 2022-ci ilin fevralına qədər azadlığa çıxmalıdır.

Maraqlıdır ki, Xanın vətəndaşı olduğu ölkəyə - Pakistana qayıtmasına icazə verilməyəcək. O, məlum olmayan üçüncü ölkəyə göndəriləcək.

41 yaşlı Xan “Əl-Qaidə” informatoru olduğunu etiraf edib və bir neçə icra olunmamış hücum planında iştirakını təsdiqləyib. Amma hüquqşünaslar hesab edirlər ki, bu əməllər ona qarşı zorakılığa əsas verməməlidir.

Onu da qeyd edək ki, ABŞ-da insan haqları mövzusunda müzakirələrə səbəb olan Quantanamoda hazırda 39 məhbus saxlanılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.