Azərbaycanın alternativ enerji sektoruna investisiya cəlb etməkdə ciddi problem var... 5 qəpiklə nə etmək olar?
24-11-2021, 07:03
Firdovsi Şahbazov: “Özəl sektorun bu sahəyə sərmayə qoyması yox səviyyəsindədir”
Azərbaycanda alternativ enerji sektoruna investorları cəlb etməyin, bu sahəni inkişaf etdirməyin vacib olduğu bəh-bəhlə bəyan edilir. Ancaq tarif siyasətində baxdıqda görürük ki, sözügdən sektora münasibətdə açıq-aşkar ayrıseçkilik var. Elektrik enerjisilə bağlı Tarif Şurasının son qərarına baxanda bunu aydın şəkildə görmək mümkündür.
Problem ondadır ki, bundan əvvəl sonuncu dəfə enerji tarifləri 5 il əvvəl - 2016-cı ilin noyabrında müəyyən edilib. O zaman özəl kiçik su elektrik stansiyaları və külək stansiyaları üzrə hər kvT üçün alış qiyməti 5 və 5.5 qəpik müəyyən edilib. 5 il sonra həmin qiymətlər olduğu kimi saxlanıb, amma dövlətin nəzarətində olan istehsal müəssisələri üzrə alış qiyməti 20%, əhaliyə pərakəndə satışı həyata keçirən enerji satışı müəsssisləri üçün isə az qala 30%-lik bir artıma gedib. Nəzərə almaq lazımdır ki, son 5 ildə ölkədə inflyasiya da artıb. Çox güman ki, alternativ enerji sektoruna maraq göstərən investorlar da bu məqamları nəzərdən qaçırmır. O zaman bu cür aşağı alış qiyməti ilə alternativ enerji sektoruna sərmayə cəlb etmək olarmı? Hansı şirkət bu sahəyə investisiya qoyar ki?
“Alış qiymətləri elə olmalıdır ki, investor bu sahənin inkişafında maraqlı olsun”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bu cür yanaşma davam edərsə, alternativ enerji sektoruna investorları cəlb etmək çətin olacaq: “Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. 2010-cu ildən etibarən texnologiyanın sürətli inkişafı, neft qiymətlərinin yüksəlməsi, habelə ölkələrin yaşıl enerjiyə keçid strategiyaları bərpa olunan enerji mənbələrinə diqqəti artırdı. Bu çərçivədə, dünyada 2010-2019-cu illər ərzində bərpa olunan enerji sektoruna 3 trilyon dollar, 2019-cu ildə isə 302 milyard dollar həcmində investisiya qoyulub. Dünyada bərpa olunan enerji mənbələrinə olan bu qədər böyük tələbat Azərbaycanı da bu istiqamətdə düşünməyə vadar edir. Çünki potensial böyükdür. Ölkədə günəşli günlərin il ərzində 2500-3200 saat arasında dəyişdiyini nəzərə alsaq, bu göstərici enerjinin istehsalı üçün yüksək səciyyələndirilə bilər. Bakıətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, küləyin sürətinin saniyədə 3-4 m olması ondan elektrik enerjisi əldə etmək üçün kifayət edir. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur. Ancaq təəssüflər olsun ki, biz bu potensialdan düzgün istifadə edə bilmirik. Nəzərə almaq lazımdır ki, hansısa investor sərmayə qoyanda buna sosial prizmadan yanaşmır. Daha çox sərmayə qoyduğu sahədən gəlir götürməyi düşünür. Əlbəttə ki, istehsal olunan enerji mövcud qiymətlərdən çox aşağı qiymətə alınarsa, o zaman istər yerli, istərsə də xarici investor vəsait qoymaqda maraqlı olmayacaq. Çünki o halda zərərlə işləyəcək. Bu gün yalnız dövlət vəsaiti hesabına bu sahəyə sərmayə qoyulur. Ancaq inkişaf etmiş ölkələrdə əsasən özəl sektor aparıcı rola malikdir. Azərbaycanda isə özəl sektorun bu sahəyə sərmayə qoyması yox səviyyəsindədir. Yalnız dövlətin bu sahəyə vəsait qoyması isə səmərəli sayıla bilməz. Ona görə də alış qiymətləri elə olmalıdır ki, investor bu sahənin inkişafında maraqlı olsun. Yoxsa bu sahənin inkişafı sözdə olacaq, praktik işdə yox”.
Bu baxımdan ekspert hesab edir ki, qiymətlərə yenidən baxılmalıdır.
Vidadi ORDAHALLI