51 rayonun mərkəzi büdcədən maliyyəsi kəsildi - tək icra aparatı maliyyələşəcək... Nə gözlənilir?
24-11-2021, 07:13

İlqar Hüseynli: “Rayonların yaratdığı gəlirlər bilavasitə hər bir rayonun büdcəsində qalacaqsa və oradan...”
img
Məlum olduğu kimi, 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il cəmi 14 rayona vəsait ayrılacaq. 51 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. Layihəyə əsasən, dövlət büdcəsindən Ağdam, Balakən, Cəbrayıl, Goranboy, Xocalı, Xocavənd, Kəlbəcər, Qax, Laçın, Lerik, Oğuz, Yardımlı, Zəngilan və Zərdab rayonları vəsait alacaq. Adıçəkilən rayonlara cəmi 37 milyon 456 min manat vəsait ayrılacaq.
Beləcə, 51 rayonun mərkəzləşmiş qaydada büdcədən pul alması dayandırılır. Həmin rayonlarda yalnız icra aparatı və kommunal təsərrüfat sahələri dövlət büdcəsindən maliyyələşdiriləcək. Digər sahələr bağlı olduqları qurumlardan vəsait alacaq. Məsələn, rayon təhsil şöbəsi Təhsil Nazirliyindən, səhiyyə şöbəsi Səhiyyə Nazirliyindən maliyyəşəcək.
Maraqlıdır, bu sistemə keçid nə kimi effekt verəcək? Bu yeni qayda rayonlarda təhsil, səhiyyə sisteminə, idman-sağlamlıq və digər sferaların maliyyələşməsinə necə təsir edəcək?
“Ola bilsin, gözləntilər özünü heç doğrultmasın...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert İlqar Hüseynlinin fikrincə, indidən bu barədə birmənalı fikir söyləmək çətindir: “Büdcədən asılılıq səviyyəsi rayonların ümumi daxili məhsul istehsalında iştirak payı ilə ölçülür. Bunu regionlar üzrə hər bir rayona bölsək, hər bir rayonun istehsal etdiyi məhsullar və buna uyğun gəlirləri var. Baxaq görək, bu gəlirlərin yerli büdcədə qalmasını təmin edən qanunvericilik varmı-yoxmu? Əslinə baxanda yoxdur. Çünki həmin rayonların da istehsal nəticəsində yaratdığı gəlirlər nəticə etibari ilə mərkəzi büdcəyə toplanır. Oradan başlayır müxtəlif regionlar, proqramlar üzrə vəsaitlərin bölgüsü. Rayonların yaratdığı gəlirlər bilavasitə hər bir rayonun büdcəsində qalacaqsa və oradan idarə olunacaqsa, o zaman 51 rayonun özü-özünü maliyyələşdirməsi ilə bağlı fikir səsləndirmək olar. Məsələn, İmişli rayonunda Şəkər Zavodu böyük gəlir yaradır. Ancaq gəlin görək, sözügedən zavodun rayon ərazisində gəlirləri və dövriyyəsi bütövlükdə orada sosial gəlir yaradırmı? Bəlli deyil. Yəni burada o vəsaitlərin tam olaraq bölüşdürülməsinin hansı mexanizm üzrə aparılması çox önəmlidir. Bu mexanizm düzgün və optimal meyarlara əsaslanacaqsa, o zaman özünü doğrulda bilər. Əsaslanmayacaqsa, o zaman müsbət effektdən danışmağa dəyməz”.
Bir sözlə, ekspert hesab edir ki, bu mexanizmin özünü nə dərəcədə doğruldacağı yaxın illərdə məlum olacaq. Ola bilsin, gözləntilər özünü heç doğrultmasın.
Vidadi ORDAHALLI