Natiq Məmmədli: "Müharibənin gedişində dövlət media üzərində senzura tətbiq etmədi"
29-01-2022, 13:19
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “BBC Azərbaycanca”ya “Media haqqında” Qanunla bağlı müsahibə verib.
O, 44 günlük müharibə ərzində Azərbaycanda mediaya dövlət senzurasının tətbiq edilmədiyini bildirib.
“Vətən müharibəsinin gedişində Azərbaycan dövləti heç bir senzura [media üzərində] tətbiq etmədi”, – deyə o bildirib.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
2020-ci il sentyabrın 27-də ‒ Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibə başlayan gün ‒ ölkə ərazisində hərbi vəziyyət elan olundu.
Bununla Azərbaycanda media üzərində dövlət senzurasının tətbiqi rəsmiləşdi.
Belə ki, “Hərbi vəziyyət haqqında” Qanuna görə, hərbi vəziyyət rejimində ölkədə yaşayan şəxslərin hüquq və azadlıqları qismən və müvəqqəti məhdudlaşdırıla, onların üzərinə əlavə vəzifələr qoyula bilər.
Bu vəziyyət dövlətə kütləvi informasiya vasitələrinin yaydığı məlumatları senzuradan keçirmək imkanı verir.
Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədilə yazışmaya, televiziya və radio yayımına, telefon və radio danışıqlarına, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə verilən məlumatlara nəzarətin həyata keçirilməsidir.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 7-ci maddəsinə görə də, hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.
Qanunda o da qeyd olunur ki, qanunvericiliklə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq məqsədi ilə KİV-dən istifadəyə yol verilmir.
Hərbi vəziyyətin elan olunması ilə bərabər ölkə ərazisində internetin verilişinə də məhdudiyyətlər qoyulub. 2020-ci il noyabrın 11-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 44 günlük müharibə ərzində tətbiq olunan internetə giriş məhdudiyyətlərinin sona çatdığını elan edib.
“Fakt Yoxla”nın daha öncəki araşdırmasına görə, bu dövrdə internetin məhdudlaşdırılmasından əlavə, hökumət “WhatsApp”, “Facebook”, “Telegram” və “Twitter”ə girişi davamlı olaraq bloklayıb.
Azərbaycanın əsas internet provayderi olan “Delta Telekom” Kanadada yerləşən “Sandvie” şirkəti vasitəsilə “YouTube”, “Facebook” və “Instagram”dan canlı yayım videolarını bloklamaq üçün xüsusi texnologiyalardan istifadə edib.
Müharibə ərəfəsində Müdafiə Nazirliyi KİV nümayəndələrindən yalnız rəsmi məlumatlara istinad etmələrini istəyib.
Daxili İşlər Nazirliyi də rəsmi olmayan məlumatları yayan sosial media və digər rəqəmsal media istifadəçilərinə xəbərdarlıq edib.
Eyni zamanda, media nümayəndələrinin cəbhə bölgəsində baş verənləri işıqlandırmasına diskriminativ formada əngəllər yaradılıb.
“Fakt Yoxla”nın yuxarıda qeyd olunanlara əsasən gəldiyi nəticəyə görə, Natiq Məmmədlinin iddiası düz deyil.