Donuz ürəyinin insana transplantasiyası: üç etik məsələ

30-01-2022, 00:09           
Donuz ürəyinin insana transplantasiyası: üç etik məsələ
Baltimorda donuz ürəyinin insana ilk transplantiyası uğurla başa çatıb

7 saat davam edən ilk eksperimental əməliyyatdan - geni dəyişdirilmiş donuzun ürəyinin nəqlindən üç gün sonra 57 yaşlı amerikalı David Bennett özünü yaxşı hiss edir.

Həkimlərin sözlərinə görə, Bennettin vəziyyəti ağır olduğu üçün ona donor insan ürəyinin köçürülməsi mümkün olmayıb.

Çoxları bu əməliyyatı donor orqan transplantasiyasıyla bağlı gözləmə müddətini azaltmağa və bütün dünyada xəstələrin həyatını yaxşılığa doğru dəyişməyə kömək edəcək böyük tibbi uğur adlandırmağa tələsdilər.

Amma belə əməliyyatın etik baxımdan doğru olduğuna şübhə edənlər də var. Onlar xəstənin təhlükəsizliyi, heyvan hüquqları və dini mülahizələr kimi potensial əxlaqi problemlərə diqqət çəkirlər.

Beləliklə, insanlara donuz orqanlarının transplantasiyasıyla bağlı ziddiyyətlər hansılardır?

Tibbi nəticələr
Əməliyyat eksperimentaldır və xəstə üçün böyük risklər daşıyır. Transplantasiyalardan sonra orqanizm hətta uyğun insan orqanlarını da rədd edə bilər, heyvan orqanlarının nəqlində isə böyük ehtimal, bu risk artacaq.

Həkimlər artıq onilliklərdir ki, sınaqdan keçirdikləri ksenotransplantasiyada (heyvan orqanlarının insanlara köçürülməsi) dəyişkən nəticələr əldə edirlər.

Hələ 1984-cü ildə Kaliforniyada həkimlər babun ürəyi köçürməklə balaca qızı xilas etməyə çalışmışdılar, amma o, 21 gün sonra vəfat etmişdi.

Bu cür əməliyyatlar çox riskli olsa da, bəzi tibbi etika mütəxəssisləri hesab edirlər ki, risklərdən xəbərdar olduğu hallarda xəstə əməliyyat edilməlidir.

"İnsanın əməliyyatdan sonra tezliklə öləcəyini heç vaxt əvvəlcədən bilə bilməzsiniz, amma risk etməsəniz, irəli getməyəcəksiniz. Düşünürəm ki, əgər insan risk dərəcəsini tam olaraq dərk edirsə, onun belə radikal bir eksperimentə imza atmaq hüququ olmalıdır" - Oxford Universitetinin tətbiqi etika üzrə professoru Julian Savulescu,belə deyir.

HəDavid Bennet (sağda)
ŞƏKLİN MƏNBƏYİ,UNIVERSITY OF MARYLAND SCHOOL OF MEDICINE
Əməliyyatdan sonra David Bennet (sağda) özünü yaxşı hiss edir

Professor həmçinin vurğulayır ki, süni ürək və insan ürəyi transplantasiyası da daxil olmaqla, xəstələrə bütün mövcud variantları təklif etmək vacibdir.

Bennettin həkimlərinin dediyinə görə, onun situasiyasında əməliyyat özünü doğruldub, çünki başqa variantlar yox idi və bu transplantasiya olmasaydı, o öləcəkdi.

Professor Savulescu qeyd edir ki, istənilən belə əməliyyatdan əvvəl onun təhlükəsizliyinə əmin olmaq üçün toxumalar dərindən analizi edilməli, heyvanlar üzərində təcrübələr aparılmalıdır.

Amma Bennettin əməliyyatı eksperimental müalicələrdə tələb olunduğu kimi klinik sınaq çərçivəsində olmayıb.

Üstəlik, ona verilən dərmanlar heç primatlar üzərində sınaqdan keçirilməmişdi də.

Bununla belə, Bennettin əməliyyatının hazırlanmasında iştirak edən Meriland Universiteti Ali Tibb Məktəbinin əməkdaşı doktor Kristin Launun sözlərinə görə, həkimlər proses zamanı hər şeyi dəqiqliklə yerinə yetiriblər.

"Biz bunu onilliklərdir laboratoriya şəraitində primatlar üzərində təcrübədən keçiririk ki, insanlar üçün təhlükəsiz hala gəlsin" - BBC-yə açıqlamasında Lau belə deyib.

Heyvan haqları
Bennettin əməliyyatı heyvan orqanlarının insanlara transplantasiyasıyla bağlı mübahisələri yenidən alovlandırdı. Heyvan hüquqlarının müdafiəsiylə məşğul olan qruplar buna qarşı çıxırlar.

Belə qruplardan biri - Heyvanlarla Etik Davranış Tərəfdarı Olan İnsanlar (PETA) Bennettə donuz ürəyinin transplantasiyasını qeyri-etik, təhlükəli və "resursların dəhşətli israfı" adlandırır.

"Heyvanlar tövlədəki alət qutunuz deyil: hansını istəsəz, götürəsiz. Onlar mürəkkəb və ağıllı canlılardır" - PETA-nın bəyanatında belə deyilir.

Heyvan hüquqları müdafiəçiləri iddia edirlər ki, heyvanların genlərini insanlara uyğunlaşdırmaq üçün dəyişdirmək səhv hərəkətdir.

Bennettin orqanizmi transplantdan imtina etməsin deyə alimlər ürək donoru kimi xidmət edən donuzun 10 genində dəyişiklik etməli olublar.

Onun ürəyi əməliyyat günü səhər saatlarında çıxarılıb.

Britaniyada yerləşən heyvan hüquqları təşkilatı "Animal Aid"-in nümayəndəsi BBC-yə bildirib ki, təşkilat heyvanların gen modifikasiyasına və ya "istənilən şəraitdə" ksenotransplantasiyaya qarşıdır.

Orta yaşlarda ürək xəstəliyi riskini azaltmaq mümkündürmü?
"Heyvanlar öz həyatlarını yaşamaq hüququna malikdirlər, sadəcə öldürülmək və orqanlar üçün istifadə edilmək məqsədilə məruz qaldıqları genetik manipulyasiyadan və onunla bağlı bütün ağrı və travmalardan azad şəkildə" - təşkilatın nümayəndəsi belə deyib.

Bundan əlavə, bəzi fəallar genetik modifikasiyanın donuzların sağlamlığına hələ ki bilinməyən uzunmüddətli təsirlərindən narahatdırlar.

Oxford Universitetinin tədqiqatçısı və bioetika üzrə eksperti Katrien Devolder hesab edir ki, geni dəyişdirilmiş donuzların orqanlarından yalnız "onların əlavə iztirablara məruz qalmadığına əmin olduğumuz halda" istifadə etmək hüququmuz var:

"Donuzların ət üçün istifadə edilməsi onlardan insan həyatlarını xilas etmək üçün istifadədən daha çox problem yaradır, amma, təbii ki, bu, heyvanların rifahını nəzərə almamaq üçün səbəb deyil".

Transplant orqanlar üçün geni dəyişdirilmiş donuzlardan istifadə olunur.

Dini komponenti
Daha bir problem dini səbəblərə görə heyvanların orqanlarından imtina etməli olanlara aid ola bilər.

Alimlər ona görə donuzları seçiblər ki, onların orqanlarının ölçüləri insanlara daha çox uyğun gəlir və donuzları qeyri-azad şəraitdə çoxaltmaq nisbətən asandır.

Bu məsələ dinləri donuzlarla bağlı çox sərt qaydalar nəzərdə tutan yəhudilərə və müsəlmanlara necə təsir edə bilər?

Böyük Britaniya Səhiyyə Departamentinin Əxlaq və Etika Komitəsinin (MEAG) üzvü, London ravvini Moshe Freedman deyir ki, din yəhudilərə donuz saxlamağı və onun ətini yeməyi qadağan etsə də, donuz ürəyinin transplantasiyası "heç bir şəkildə kaşrutu pozmur".

"Yəhudi qanununun əsas məqsədi insan həyatını qorumaq olduğu üçün yəhudi xəstə özünün sağ qalma şansını və həyat keyfiyyətini artıracaq heyvan orqanının transplantasiyasına razılıq verməyə borcludur" - ravvin Freedman BBC-yə belə deyib.

İslamda da oxşar postulat var - insan həyatının xilas edilməsinə səbəb olan hallarda heyvanlardan istifadəyə icazə verilir.

Misirin Ali Dini Əmrlər Şurası - "Dar əl-İfta"-nın bu məsələylə bağlı fitvasında deyilir ki, "insan həyatı üçün təhlükə olduqda; orqanlardan birinin itirilməsi, xəstəliyin artması və ya davam etməsi, orqanizmin vəziyyətinin ciddi şəkildə pisləşməsi halında donuz ürəyinin qapaqlarının istifadəyə icazə verilir".

Professor Savulescu-nun sözlərinə görə, kimsə dini və ya etik səbəblərə görə heyvan orqanlarının transplantasiyasından imtina edirsə, bu o demək deyil ki, donor insan orqanıyla təmin olunmada onların prioriteti mütləq rədd edilməlidir:

"Kimsə deyə bilər ki, orqan almaq imkanın olduğu halda ondan imtina etmisənsə, növbə siyahısında sənin adını aşağı sürüşdürmək lazımdır. Amma bir başqaları qeyd edəcəklər ki, sən də digərləriylə eyni hüquqlara malik olmalısan. Biz bu iki nəzər nöqtəsini uzlaşdırmalıyıq".
Jack Hunter
BBC News












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.