"Onunla ayrı-ayrı vaxtlarda müxtəlif ünvanlarda görüşüb, cinsi əlaqədə olmuşuq" - TƏFƏRRÜAT

24-03-2022, 12:39           
 "Onunla ayrı-ayrı vaxtlarda müxtəlif ünvanlarda görüşüb, cinsi əlaqədə olmuşuq" - TƏFƏRRÜAT
Bakının Nizami rayonunda 1991-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində Camala (adlar şərti verilib – red.) xəsarət yetirib. Teref.az demokrat.az-a istinadla xəbər verir ki, hadisə 17 fevral 2021-ci ildə baş verib. Faiq ev alqı-satqısı ilə məşğul olan Camal ilə mənzilin kirayə pulunun məbləği ilə bağlı aralarında münaqişə yaranıb. Yaranmış mübahisə zaman Faiq bıçaqla Camalın bədəninin müxtəlif nahiyələrindən vurub.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 14-də Samirə ilə “Azar” adlı sosial şəbəkədə təsadüfən tanış olub: “Onunla ayrı-ayrı vaxtlarda müxtəlif ünvanlarda görüşüb, cinsi əlaqədə olmuşuq. Fevralın 17-də Samirə mənə zəng etdi, hazırda yaşadığı mənzildən çıxmaq istədiyini və kirayə ev tutmaq məqsədi olmasını bildirdi. Həmin gün axşam saat 20 radələrində Samirəyə zəng etdim, harada olmasını soruşdum. Samirə “Xalqlar Dostluğu“ metrostansiyasının yaxınlığında ev tapdığını, anası Validəni götürərək birlikdə mənzilə baxmağa getmək istədiyini bildirdi. Eyni zamanda Samirə telefonda mənzili onlara kirayə verənlərin kişi cinsinə məxsus olmasını dedi. Samirəyə tək getməmələrini dedim, onunla görüşdük. Sonradan tanıdığım Camal və digər şəxslər bizi binanın həyətində gözlədilər. Biz birlikdə liftlə mənzilə qalxdıq. Mənzilə daxil olduq və baxdıqdan sonra evin istiliyinin zəif olduğunu ev sahibinə bildirdim, evin qiymətini 20 manat aşağı düşməsini xahiş etdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, lakin ev sahibi evin qiymətinin 350 manat olduğunu, aşağı düşməyəcəyini deyib: “Bu zaman stulda əyləşən Camal yerindən qalxaraq üzərimə gəldi, qolumdan tutaraq silkələyə-silkələyə saat 20-dən bizi gözlədiyini bildirdi. Mən isə ona işinin bu olduğunu, həmçinin evin soyuq olmasını dedim. Qiymətdə razılaşmamağımız səbəbindən müqavilənin yazılmamasını istədim. Samirərə getməyimizi dedim. Camal yenidən qolumdan tutaraq onunla oyun oynadığımı dedi. Buna görə aramızda mübahisə başladı. Camal üzərimə gəldi, məni vurmaq istədi. Bu zaman geriyə çəkildim və cəld yumruqla Camalın sifət nahiyəsindən vurdum. Zərbənin təsirindən Camalın sifət nahiyəsindən qan gəldiyini gördüm”.

Faiq qeyd edib ki, bu zaman evdə olan ev sahibi Eldar və yanında olan Namiq onu sakitləşdirməyə çalışıblar: “Camal isə yumruqla sinəmdən vurdu və üzərimə yıxılaraq vurmağa davam etdi. Özümü qorumaq məqsədi ilə əynimdə olan gödəkçənin sağ cibindən bıçağı çıxardım və Camalın yan nahiyəsinə vurmaq istədim. Bu zaman bıçaqla onun sol qol nahiyəsindən vurdum. Bundan sonra Samirə ayaqlarıma düşərək sakitləşməyimi, getməyimizi xahiş etdi. Camalı bıçaqla vurduqdan sonra bıçağı cibimə qoyaraq mənzildən çıxdıq. Sonra bıçağı həyətə tulladım və avtomobilə əyləşərək oradan getdik. Samirə və anası ilə birlikdə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığına gəldik. Samirənin anası orada düşərək evə getdi. Samirə isə evə getmək istəmədi. Onu Nizami rayonu ərazisində yerləşən “Siyaqut” şadlıq sarayının yaxınlığına aparmağımı xahiş etdi. Ona görə Saçirəni həmin ünvanda düşürdüm və evə getdim”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, ailədə ondan başqa işləyən yoxdur, evə o, baxır, bir azyaşlı uşağı vardır. O deyib ki, dəfələrlə cəhd göstərsə də, zərərçəkmiş şəxs onunla barışmayıb. O, əməlindən səmimi peşman olduğunu söyləyib.

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Faiq hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.