Fransada yaşayan rusların maaş kartı və bank hesabları bloklanır
30-03-2022, 11:17

Fransada yaşayan ruslar və belaruslar banklarda əməliyyatların bloklanması və hesablarının bağlanması ilə üzləşməyə başlayıblar.
Azpost.info RİA-Novosti”yə istinadən bildirir ki, bura, xüsusən də Fransanın Société Générale (SG), CIC və BNP Paribas banklarının müştəriləri daxildir.
Bloklanma ilə üzləşən ruslar və belaruslar Fransa banklarından milli mənsubiyyətə görə ayrı-seçkiliyə son qoymağı xahiş edən petisiya imzalayıb.
Təşəbbüs qrupunun Change.org saytındakı açıq petisiyanı bu günə kimi 1300-dən çox insan imzalayıb.
“Biz, SG, CIC və bəzi digər banklardakı hesablarına kütləvi məhdudiyyətlər və bloklanması ilə üzləşmiş Rusiya və Belarus vətəndaşlığı olan Fransa sakinləri və vətəndaşları SG-nin rəhbərliyi, Fransa Bankı və İqtisadiyyat və Maliyyə Nazirliyinə milli mənsubiyyətə görə açıq-aşkar ayrı-seçkiliyə son qoyulması xahişi ilə müraciət edirik” – deyə sənəddə deyilir.
Qeyd olunur ki, rusdilli müştərilər hazırda kartları ilə hesabları arasında pul köçürə, fransız maaşı və ya təqaüd ala bilmirlər.
“Bir çoxumuz faktiki olaraq dolanışıqsız qalmışıq. Avropa İttifaqının 25 fevral 2022-ci il tarixli 2022/328 saylı Şura Qaydasının 5b maddəsinin 2-ci bəndinə uyğun olaraq, biz sanksiyalara məruz qalmırıq və buna görə də bu cür hərəkətləri özbaşınalıq və ayrı-seçkilik hesab edirik. Biz hesab edirik ki, bu cür davranışın demokratik və tolerant cəmiyyətdə yeri yoxdur. Bu, Fransa Respublikasının dəyərlərinə və qanunlarına ziddir və dayandırılmalıdır”, – deyə müraciətdə deyilir.