NASA 64 İL SONRA İLK DƏFƏ UNO-LAR HAQDA DANIŞMAĞA BAŞLADI - Agentlik illərdir hər kəsi düşündürən sirri ortaya çıxarır…

13-06-2022, 08:54           
NASA 64 İL SONRA İLK DƏFƏ UNO-LAR HAQDA DANIŞMAĞA BAŞLADI - Agentlik illərdir hər kəsi düşündürən sirri ortaya çıxarır…
UNO – Uçan Naməlum Obyekt! NASA uzun illər bu haqda danışmaqdan yayınsa da, indi müzakirələrdə iştirak etmək qərarına gəlib.

Teref.az-ın yazdığına görə, qafqaz.media ABŞ-ın “Atlantik” nəşrinə istinadən xəbər verir ki, iyunun 9-da ABŞ Kosmik Agentliyi “hər hansı naməlum hava obyektlərini”, yəni Uçan Naməlum Obyektləri (UNO) tədqiq edəcək ekspertlər qrupu yaratmaq planlarını açıqlayıb. Payızda işə başlayacaq komanda bu cür hadisələrlə bağlı artıq toplanmış məlumatları tədqiq edəcək və gələcəkdə daha dəqiq informasiya toplamaq üçün yeni üsullar hazırlayacaq. NASA bu komandanın doqquz ay işləyəcəyini və bütün fəaliyyətinin elmi şəkildə aparılacağını bəyan edib.

“Atlantik” hesab edir ki, bu, hadisələrin olduqca gözlənilməz dönüşü idi. Bir çox insanın fikrincə, kosmik agentliyin işi ilə UNO-lar arasında bəzi assosiasiyalar həqiqətən də kök sala bilər. UNO termini 1950-ci illərdə yaradıldığı gündən bəri yadplanetli kosmik gəmi ilə sinonim olub və NASA-nın missiyalarından biri digər planetlərdə həyat əlamətləri axtarmaqdır. Bununla belə, sonuncu açıqlama, 64 illik tarixində ilk dəfə olaraq NASA-nın UNO-lar haqqında daha geniş müzakirələrə açıq və həqiqətən də ciddi şəkildə daxil olmaq qərarına gəldiyini qeyd etdi. Agentlik nəinki səmada sirli uçan obyektlər barədə məlumatlara münasibətini dəyişməyib, həm də astrofiziklərdən ibarət tədqiqat qrupu yaratmağa, habelə bu alimlər qrupunun işinin nəticələrini ictimaiyyətə təqdim etməyə hazır olduğunu nümayiş etdirib.
NASA-nın Elm Missiyasının rəis müavini Tomas Zurbuxen mətbuat konfransında deyib: “Bizim “naməlum olanı” daha yaxşı anlamağa kömək edə biləcək cihazlarımız və alimlər qrupumuz var və biz bu güclü elmi kəşf vasitələrini bu mövzuda tətbiq etməyə hazırıq. Ümumiyyətlə, atmosferdəki naməlum hadisələrə maraq bir çox səbəblərdən qaynaqlanır. Açığı, mən inanıram ki, biz yeni elmin əsasını qoya bilərik. Biz çoxlu misallar bilirik ki, ilk baxışda az qala sehrli görünən bir şey, sonda bir çox yeni elmi kəşfə səbəb olub”.

NASA nümayəndələrinin bu gün təkrarladığı kimi, "naməlum hava obyektləri”nin (UNO) yadplanetli mənşəli olduğuna dair heç bir sübut yoxdur. Agentlik daha çox günəş sistemində və ondan kənarda olan digər planetlərdə həyatın axtarışında maraqlıdır. Bəs niyə NASA hazırda UNO-ların tədqiqinə belə rəsmi maraq göstərməyə qərar verdi? Ehtimal ki, eyni səbəbdən ABŞ qanunvericiləri bu yaxınlarda son 50 ildə UNO ilə bağlı ilk konqres dinləməsini keçirdilər. Hansı ki, indi çoxları bu haqda danışır. 2017-ci ildə “New York Times” Pentaqonun UNO-nun bütün hallarını kataloqlamağı hədəfləyən gizli proqramı haqqında məqalə dərc etdi. 2020-ci ildə ABŞ Konqresi Müdafiə Nazirliyindən və ABŞ kəşfiyyat agentliklərindən UNO-larla bağlı əllərində olan bütün məlumatlar haqqında hesabat hazırlamağı xahiş etdi. Növbəti yay, hökumət çoxdan gözlənilən bu hesabatı dərc etməyə hazırlaşarkən, bir müxbir NASA Administratoru Bill Nelsona agentliyin UNO məsələsində dəqiq olaraq hansı addımlar atdığını soruşdu. Məxfi məlumatlara çıxışı olan keçmiş senator Nelson cavab verdi ki, o, UNO-nu görmüş pilotlarla danışıb və bu hadisələrin öyrənilməsinə ehtiyac olduğuna əmin olub. Nelson 2021-ci ildə deyib: "Beləliklə, mən Zurbuchen ilə bu cür hadisələri daha yaxşı başa düşmək üçün kəşfiyyat məlumatlarına əlavə olaraq, elm baxımından tam olaraq nə edə biləcəyimizi müzakirə etdim".

NASA-nın qurmağa ümid etdiyi “elmi perspektiv” və “yeni elm” dedikdə tam olaraq nə nəzərdə tutulur? Komandaya rəhbərlik edəcək astrofizik David Spergel verdiyi açıqlamada, alimlər qrupunun ilk prioritetinin "mülki şəxslər, hökumət, qeyri-kommersiya təşkilatları və kommersiya şirkətləri"nin hesabatları da daxil olmaqla, bütün mövcud məlumatları toplamaq olacağını söyləyib. Milli Elmlər, Mühəndislik və Tibb Akademiyasında etdiyi təqdimatda Zurbuchen qeyd edib ki, alimlər qrupu həmçinin Yerin müşahidəsi və astronomik missiyalar üçün uçuşlardan əldə edilən məlumatları təhlil edəcək. Zurbuhen "Daim səmaya baxırıq. Düşünürk ki, UNO-nun təbiətini daha yaxşı başa düşmək üçün NASA hansı məlumatları toplamalıdır?”, - deyə bildirib.

Zurbuchen-ə görə, hədəflənmiş UNO araşdırması NASA üçün "reputasiya riskləri" daşıyır: “Aydındır ki, ənənəvi elm mühitində bu cür şeylər haqqında müzakirələr bir növ elmin prinsiplərinə xəyanət kimi qiymətləndirilə bilər. Ancaq şəxsən mən buna qəti etirazımı bildirirəm”.

Amerikanın Aya enişlərinin görüntülərinin səhnələşdirildiyi barədə iddiaları nəzakətlə təkzib etməyə illər sərf edən NASA üçün belə bir geri dönüş həqiqətən qeyri-adi haldır. Hal-hazırda Ayın ətrafında dövr edən bir kosmik gəmidə işləyən alim bir dəfə belə açıqlama verib ki, bu missiyanın reallığına inanmayan bir şəxslə qarşılaşa biləcəyi üçün kosmik gəminin çəkdiyi Apollon eniş yerlərinin fotoşəkillərini həmişə özü ilə daşıyır. Aya gedən ikinci şəxs Buzz Aldrin 2005-ci ildə televiziya müsahibəsində Apollo 11 heyətinin Aya gedərkən naməlum obyektlər gördüyünü söylədikdən sonra agentlik vəziyyəti düzəltmək üçün çox səy göstərdi…

NASA wants to study how to have sex in space | MarcaUNO-ların varlığına inananların bəziləri Aldrinin bu məlumatı qəsdən gizlətdiyinə qərar veriblər. Lakin 1969-cu ildə NASA bu sirri aça bildi və bəyan etdi ki, “günahkarlar” heç də yadplanetlilər deyildilər, onların kosmik gəmilərinin panellərindən əks olunan günəş şüaları idi. Sadəcə olaraq, NASA heç vaxt ictimaiyyətə belə təfərrüatlar verməmişdi və Aldrinin də bundan xəbəri yox idi.

Şübhəsiz, agentlik anlayır ki, hətta indi də UNO kimi bir mövzunun həlli qərarı milli təhlükəsizlik maraqları ilə daha yaradıcı nəzəriyyələr arasında diqqətlə tarazlıq yaratmağı tələb edir. Təəssüf ki, NASA rəhbərliyi artıq ən təhlükəsiz yoldan üz döndərib. Rəsmilər bu gün yeni UNO tədqiqatının NASA-nın yerdənkənar həyatı axtarmaq proqramları ilə heç bir əlaqəsi olmadığını söylədi, lakin onlar hər iki proqramın eyni həvəslə həyata keçirilməsindən danışdılar. Zurbucher hətta mətbuat konfransını NASA-nın yerdənkənar həyatı tam olaraq necə axtardığına dair hekayələrlə açdı: Rover hazırda Marsda torpaqda mikroorqanizmlərin qalıqlaşmış qalıqlarını tapmağa çalışır. NASA-nın teleskoplarından biri yeni ekzoplanetləri aşkarlamağa çalışır, digər teleskop isə tezliklə həyatın mövcudluğuna işarə edə biləcək molekulların axtarışı üçün onların atmosferlərinə nüfuz etməyə çalışacaq.

NASA kosmosda texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyaların əlamətlərini axtarmağa kifayət qədər ciddi yanaşır. Və NASA rəsmiləri Yerdənkənar həyatı axtarmaq üçün digər proqramlarla birlikdə UNO haqqında danışanda insanların başlarına müəyyən qədər “corab hörürlər”. Hətta UNO-nun dünyadan kənar izahatının olmadığı bildirilsə də, yenə də bir növ əlaqənin olduğu iddialarına inandırıcılıq verirlər.

Bu gün NASA bildirir ki, UNO-ya "elmi maraq" ilə yanaşı, agentliyin səmamızda uçuşların təhlükəsizliyi ilə bağlı narahatlıqları var. Kifayət qədər müəmmalıdır: NASA agentliyinin adındakı ilk "A" hərfi "aeronavtika" deməkdir. Ancaq bugünkü elan aeronavtika departamentindən deyil, NASA-nın elm şöbəsindən gəldi və hansı ki, bu, yeni qrupun işini maliyyələşdirəcək elm şöbəsi olacaq. Bundan əlavə, bu alimlər qrupuna Prinstondan olan nəzəri astrofizik rəhbərlik edəcək, "yaxınlıqdakı ulduzların ətrafında planetlərin tapılmasından tutmuş kainatın formasının müəyyən edilməsinə qədər" kifayət qədər geniş maraq dairəsi var - bu, təhlükəsizlikdən daha romantik ambisiyadır. Beləliklə, ən sadə səviyyədə NASA indi bütün UNO iddialarını ciddi qəbul etməlidir və yeni bir müşahidə haqqında məlumat vermək istəyən hər kəs bunu bilir.

UNO-nun müasir tarixini bir çox aktyorlar - qanunvericilər, Müdafiə Nazirliyinin rəsmiləri, UNO araşdırmaçıları və hətta Blink-182 pank qrupunun rəhbəri Tom DeLonge təşkil edir. İndi mürəkkəb teleskoplar və kosmik zondlar arsenalına malik dünyanın aparıcı kosmik agentliyi onların sıralarına qoşulub. NASA rəsmiləri araşdırmanın bütün tapıntılarını və nəticələrini ictimaiyyətə açıqlayacaqlarını iddia edirlər. Heç bir sirr yoxdur! Amma bu heç də o demək deyil ki, NASA öz proqramı ətrafında ictimai müzakirələrin gedişinə və bu prosesdə ediləcək kəşflərə nəzarət edə biləcək. NASA UNO-lar haqqında danışmağa başlayan kimi, istəsəniz də, istəməsəniz də, hekayə çox fərqli bir yön alır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.