Operatorlar vətəndaşları niyə qarət edir? – Araşdırma
5-05-2016, 00:22
Rouminq tarifləri məsələsində Azərbaycan vətəndaşlarının bəxti qonşu ölkələrin sakinləri, məsələn, Gürcüstan və ya Türkiyə sakinləri ilə müqayisədə elə də gətirməyib.
Xaricə səfər etmiş Azərbaycan sakini mobil telefonu ilə evinə zəng etmək üçün dəqiqəyə görə ən azı 0,9-1 dollar (1,35 - 1,5 manat) ödəməlidir. Azərbaycandan həmin vətəndaşa edilən zənglərə görə isə ondan orta hesabla 25 sent (0,38 manat) tuturlar. Bəzi ölkələrdən edilən zənglərə görə isə Azərbaycan vətəndaşları 3 dollara (4,5 manata) qədər ödəməli olurlar.
Amma qonşu Gürcüstanın ölkədən xaricə çıxan vətəndaşları öz ölkələrinə cəmi 15 sentə zəng edə bilərlər, ölkələrindən gələn zənglərə görə də cəmi 15 sent ödəyirlər. Türkiyə sakinlərinin də bəxti bu məsələdə gətirib. Bu ölkənin vətəndaşları gün ərzində paket şəklində 3,5 dollara (9.9 lirə) xaricdə Türkiyədən gələn zəngləri qəbul edə, Türkiyəyə zəng edə bilirlər. Qısacası, Azərbaycanın mobil rabitə operatorlarının rouminq qiymətləri bir sıra region ölkələrinə baxanda xeyli yüksəkdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov ANS-ə müsahibəsində Azərbaycanın mobil rabitə operatorlarının müştəri üçün yaratdığı narahatlığın təkcə rouminq qiymətləri ilə bağlı olmadığını bildirir: "Xaricdən müştəri xidmətlərinə zəng edəndə də rouminq qiymətləri ilə pul tutulur. Rouminq qiymətləri də çox yüksəkdir. Xüsusilə də azərbaycanlıların çox getdiyi Avropa ölkələrindən Bakıya zəng etmək fantastik qiymətlərə başa gəlir. Buna görə də əksər azərbaycanlılar kimi mən də rouminq xidmətlərindən istifadə etmirəm, çalışıram sosial şəbəkələrdən istifadə edəm. İndi əksər sosial şəbəkələrin danışıq xidmətləri var. Avropada Wi-Fi şəbəkəsinin geniş yayıldığı
nəzərə alınarsa, rouminqdən istifadə etməyənlər, demək olar ki, pulsuz danışırlar”.
Avropa ölkələrində olmuş hər bir azərbaycanlı, demək olar ki, hər gün iqtisadçı alimin dediyi variantdan istifadə edir. Bunun üçün fast-fud şəbəkələrində nahar eləmək və ya məşhur şəbəkələrdən birində qəhvə içmək yetərlidir. Bəzi mağazalarda da Wi-Fi şəbəkəsi var və onlardan da istifadə etmək mümkündür. Otellərdə də Wi-Fi zonaları var və müştərilər pul xərcləmədən sosial şəbəkələrin danışıq xidmətlərindən istifadə edə bilirlər.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın mobil rabitə operatorlarının ucuz paketlərinin olmaması da müştəriləri rouminqdən uzaqlaşdıran səbəblərdir. Bu isə avtomatik olaraq mobil rabitə operatorlarının potensial gəlirlərini azaldır.
Statistik göstəricilər də İSİM rəhbərinin sözlərini təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatlarından belə görünür ki, 2012-ci ilə kimi Azərbaycanın mobil rabitə operatorlarının gəlirləri sürətlə artsa da 2012-ci ildən sonra artım sürəti xeyli yavaşıyıb. Ölkə üzrə mobil rabitə operatorlarının toplam gəliri 2011-ci ildə 670 milyon manat olmuşdusa, 2012-ci ildə bu, 831 milyon manata qalxmışdı. Yəni illik artım 24%-ə bərabər olmuşdu. 2012-ci ildən bu yana 3 illik artım isə nominal ifadədə cəmi 9% olub və 2015-ci ildə mobil rabitə operatorlarının toplam gəlirləri 914 milyon manata bərabər olub.
Son illərdə Azərbaycan operatorları tərəfindən əhaliyə göstərilmiş toplam mobil rabitə xidməti (milyon manat)
Bu illər ərzində orta maaş göstəricisi 398 manatdan 470 manata, yəni 20 faizə qədər qalxsa da mobil rabitə şirkətləri bu artımdan yararlana bilməyib və belə görünür ki, bunun əsas səbəblərindən biri də bazarla ayaqlaşa bilməyən tariflər, o cümlədən rouminq tarifləridir. Hər halda, Azərbaycandan xaricə ildə 4 milyona yaxın adam səfər edir. Onların hər biri xaricdə olduğu hər gün ərzində orta hesabla telefonla 2 manatlıq danışsa, Azərbaycanın mobil rabitə operatorlarının toplam gəliri 100 milyon manatdan çox artar.
Mobil rabitə operatorları isə rouminq tariflərinin belə yüksək olmasının onlardan asılı olmadığını bildirirlər. "Bizə tarifi qarşı tərəf, yəni Azərbaycan vətəndaşının getdiyi ölkənin yerli mobil rabitə şirkəti təqdim edir. Həmin ölkəyə səfər edən Azərbaycan vətəndaşı nə qədər az olarsa, tarif bir o qədər qalxır. Çünki bu işdə tarifi əsas qaldıran məsələ billinq, yəni edilən zənglərin qeydiyyatı və hesablanmasıdır. Buna görə də biz yalnız Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi kütləvi səfər ölkələrinə yay vaxtı ucuz paketlər təklif edə bilirik", - deyə Azərbaycanın mobil rabitə operatorlarından birindən ANS PRESS-ə bildiriblər.
Amma şirkətdən verilən cavab nə qədər real vəziyyətə uyğun olsa da bəzi ölkələrin, məsələn, Gürcüstanın təcrübəsi vəziyyətin alternativ üsullarla yüngülləşdirilməsinin mümkünlüyünü ortaya qoyur. Ola bilər ki, Gürcüstanın mobil rabitə operatorları ölkəyə gələn turistlər üçün rouminq tariflərini aşağı tələb edir və əvəzində öz abunəçiləri üçün də rouminqin ucuzlaşmasına nail olur və s. Azərbaycan operatorları da bu kimi təcrübələri öyrənməli və tətbiq etməlidir. Hər halda, rouminqin ucuzlaşmasına çəkilən məsrəf reklam üçün ayrılan vəsaitlər qədər effektivdir. Çünki bu, real müştəriyə ünvanlanıb və onun xətdə qalmasına xidmət edir.