Bakıda daha bir özbaşınalıq - polis də onlarla bacarmır + VİDEO
5-05-2016, 01:29
Bakıda avtobus və taksi sürücülərinin dayanacaq uğrunda savaşı sərnişinlərin həyatı üçün böyük təhlükə yaradır. Metro stansiyaları qarşısında, əhalinin gur məskunlaşdığı ərazilərdə taksi sürücüləri avtobus dayanacaqlarını işğal ediblər. Bu səbəbdən də, sərnişin avtobusları yolun ortasında dayanır.
teref.az yazır ki, admiral.az olaraq, vəziyyətlə yaxından tanış olmaq üçün şəhərin bir neçə istiqamətində olduq. Həqiqətən də vəziyyət acınacaqlı idi. Əsasən "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "20 yanvar", "Memar Əcəmi" stansiyalarının çıxışlarında taksilər avtobus dayanacaqlarını tamam bağlayır. Hətta bəzi taksi sürücüləri maşını düz dayanacağın içərisində saxlayır.
Avtobus sürücüləri də bu vəziyyətdən cana yığılıblar. Sürücülər Admiral.az-a bildirdilər ki, özbaşınalıq edən taksi sürücülərilə heç yol polisləri də bacara bilmir. Hətta bir neçə dəfə taksi sürücüləri ilə avtobus idarə edənlər arasında kütləvi şəkildə davalar da olub. Amma çifayda ...
"Nə qədər demək olar axı? Gəlib dayanacaqda saxlayırlar. Biz də məcbur oluruq avtobusu yolun ortasında saxlamağa. Onlara yüz dəfə deyirik ki, avtobus dayanacağının qarşısını kəsməyin. Heç bir xeyri yoxdur. Yol polisi də onları qovur. Amma yenə də gəlirlər", - deyə Tural Dünyamalıyev adlı avtobus sürücüsü şikayətlənir.
Dispeçerlər də taksi sürücülərinin özbaşınalıqlarından boğaza yığılıblar. "Əhmədli" metrosu yanında avtobusların qrafikinə nəzarət edən Elşən Mehrabov deyir ki, bir neçə dəfə taksiləri dayanacaqlardan yığışdırmağa çalışıblar. Hətta bəzən mübahisə və davalar da olub. Onun sözlərinə görə, problemlə bağlı hər yerə şikayət olunub. Amma yenə də heç bir nəticə yoxdu.
"Avtobuslar taksilərin əlindən dayanacağa girə bilmir. Taksilər dayanacağın qarşısında saxlayır. Avtobuslar da qalır yolun ortasında. Hər yerə şikayət etmişik. Yol polisi gəlir, ayda bir dəfə qovur. Yenidən belə olur. Axşam ümumiyyətlə yol bağlanır", - deyə Elşən Mehrabov vurğulayır.
Problemlə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Admiral.az-a bildirdi ki, yol polisi belə taksi sürücülərilə daima mübarizə aparır. Onun sözlərinə görə, əslində polis belə sürücülərin öhtəsindən də gələ bilir. Sadəcə olaraq, problemin tam aradan qaldırılmasına müəyyən vaxt lazımdır.
"Mən deməzdim ki, biz həmin sürücülərlə bacara bilmirik. Xeyir, yol polisi bacara bilir. Sadəcə mentalitetimizlə bağlı təhlükəli vərdişlərimiz var. Bu səbəbdən yol polisinin gördüyü işlər qısa müddətli olur. Hazırda metroların qarşısında qeyri-qanuni taksi fəaliyyətilə məşğul olan, avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərinə qarşı mübarizə tədbirlərini keçiririk. Tərtib edilmiş protokollar üzrə müşahidə aparırıq. Taksi sürücüsü var, həftə ərzində 3 dəfə eyni xəta törədir. İnanıram ki, belə cərimələr mütəmadi aparılırsa, bunun bir nəticəsi olacaq", - deyə Vaqif Əsədov bildirib.
Yol polisi deyir ki, belə problemlərin həllində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə, sadə vətəndaşlar da mübarizə aparmalıdır:
"Sizin vasitənizlə taksi fəaliyyətilə məşğul olan sürücülərə, vətəndaşlara müraciət edirəm. Bu məsələnin müsbət həlli üçün təkcə yol polisləri yox, eləcə də sərnişinlər iradlarını bildirməlidirlər. Deməlidirlər ki, çörək pulu qazanırsız, buyurun, qazanın. Halal xoşunuz olsun. Amma başqasının yolunu kəsmək, başqa insanların hüquqlarını tapdalamaq yolverilməzdir",