Sərdar Cəlaloğlunun “zərərli öhdəlik” açıqlaması aranı qatdı

24-05-2016, 02:30           
Sərdar Cəlaloğlunun “zərərli öhdəlik” açıqlaması aranı qatdı
Eldar Namazovdan ittihama cavab gəldi

ADP sədri Sərdar Cəlaloğlu strateq.az saytına müsahibəsində bildirib ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa gedəndə önünə bir şərt qoyulubmuş: Avropa Birliyi çərçivəsində, istər üzv olaq, istərsə də onunla əməkdaşlıq edək, heç bir zaman bu qurumun toplantılarında Qarabağ məsələsi qaldırılmayacaq.

Həmin sənədə müxalifət partiyaları imza atmayıb, lakin bir qrup tanınmış vətəndaş cəmiyyəti institutu təmsilçisi adından imza atılıb: “Buna öhdəliyə həm hökumətin, həm də müxalifətin razılıq verməsi lazım idi. Biz dəqiq bilirdik ki, nə AXCP, nə Müsavat, nə AMİP, nə də ADP qol çəkməyəcək, çəkmədik də. Amma Azərbaycandakı xarici dövlətlərin diplomatik missiyalarından bizə deyirdilər ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri buna razıdırlar. Sonra məlum oldu ki, bir qeyri-hökumət təşkilatı Azərbaycan ictimaiyyəti adından bu məsələni bir öhdəlik kimi boynuna götürüb.

Avropa Birliyi qarşısında bu cür öhdəlik götürənlərə gəlincə, sonradan bizə məlum oldu ki, İlqar Məmmədovun rəhbərliyi altında adını indi tam xatırlamadığım qeyri-hökumət təşkilatları assosiasiyası yaradılıb. Eldar Namazov, Sabit Bağırov və başqaları kimi siyasilər həmin təşkilatda təmsil olunurdular. Həmin assosiasiyada yer alan 20-yə yaxın qeyri-hökumət təşkilatı Azərbaycan xalqı adından öhdəlik götürmüşdü ki, Avropa Birliyi çərçivəsində heç vaxt Dağlıq Qarabağ məsələsi qaldırılmayacaq. Öhdəliyə İlqar Məmmədov qol çəkmişdi. Bu öhdəliyə yalnız İlqar Məmmədov və onun komandası yox, həm də Azərbaycan hökuməti imza atıb”.

S.Cəlaloğlu onu da deyib ki, öhdəlik sadəcə Qarabağ məsələsini Avropa Birliyində qaldırmamaq üçün götürülmüşdü. Problemin hüquqi həllində bu qurum neytral vəziyyətə salınmışdı: “Avropa Birliyindən başqa digər beynəlxalq qurumlar da bu prosesdən onsuz da kənarda dayanırdılar. ATƏT də məlumdur, Minsk qrupu yaradılmış və xristian təəssübkeşi olan dövlətlər Azərbaycanın suverenliyinə aid olan bu məsələnin hüquqi həllini uzadır və onun hərbi yolla həllinə də imkan vermir, hətta Qarabağı Azərbaycandan qoparmaq istəyir. Üzv olduğumuz digər bir beynəlxalq qurumlardan biri Avropa Şurasıdır ki, onun heç bir siyasi gücü yoxdur, digəri BMT-dir ki, iradəsi həmin Minsk qrupuna həmsədrlik edən dövlətlərin əlindədir”.

S.Cəlaloğlunun açıqlamasında adı keçən politoloq Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, o, vətəndaş cəmiyyəti təmsilçisi olaraq Azərbaycan dövləti adından heç bir öhdəlik sənədinə imza atmayıb: “Açığı Sərdar bəyin nəyi nəzərdə tutduğu, nədən belə bir fikir söylədiyi mənə aydın deyil. Hansısa bir dövlət vəzifəsi olmayan, ictimai bir təşkilatın rəhbəri olan hansısa şəxs dövlət adından öhdəlik götürə bilərmi? Bu mümkün deyil axı. Hətta kimsə başı xarab olub belə bir cəhddə bulunsa ciddi beynəlxalq təşkilatlar o adamı ciddiyə almaz. Adama deyərlər sən kimsən ki, dövlətin adından öhdəliyə imza atırsan. Üzdə olan faktlar da onu göstərir ki, Avropa Birliyinin müxtəlif strukturları müəyyən müzakirələr də aparırlar, müəyyən qərarlar da qəbul edirlər. Avropa Parlamentində də Dağlıq Qarabağın işğal altında olması ilə bağlı iki qətnamə qəbul edilib. Bu qətnamələrin qəbul olunmasında bizim də müəyyən payımız olub. Mən dəfələrlə o qətnamələrin müəllifləri ilə görüşmüşəm. Avropa Birliyinin Azərbaycanda nümayəndə heyəti olanda mütləq Dağlıq Qarabağla bağlı bizlərin fikirlərimizi soruşur. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa başladığı dövrdə Sabit Bağırovla mən bir dostlarımızla birlikdə Qarabağ Xartiyası adlı sənədi hazırlayıb Azərbaycanın 600 təşkilatının adından Avropa Birliyinin səfirlərinə, dünya ölkələrinə təqdim etdik. Həmin sənəddə deyilirdi ki, Azərbaycan sülh yolu ilə torpaqların azad olunmasına çalışır, lakin Ermənistan bun razı olmasa Azərbaycan güc tətbiq edib öz torpaqlarını azad edəcək.

Prezidentlərin son Vyana görüşündə Avropa Birliyinin işlər komissarı Federika Moqerin də Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdü. Bu da onu göstərir ki, Avropa Birliyi Qarabağ məsələsinin müzakirəsinə həmişə açıqdır və kiməsə qadağa qoymayıb ki, Dağlıq Qarabağ məsələsini tədbirlərdə qaldırmayın. Ola bilsin ki, Sərdar bəyin müsahibəsində açıqlamalar, informasiyalar texniki olaraq bir-birinə qarışıb və o cür həqiqətə uyğun olmayan nəticəyə gəlib çıxıblar”.

E.Namazov öhdəlik məsələsini yalnız bir məsələdə xatırladığını bildirdi: “Azərbaycan Avropa Şurasına üzv olanda Azərbaycan qarşısında qoyulan öhdəliklərin içərisində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olmaq da göstərilirdi. Orada da Dağlıq Qarabağ haqqında danışmamaq yox, münaqişənin həllinə sülh yolu ilə çalışmaq qeyd edilirdi. Həmin öhdəlikləri də ictimai təşkilatlar yox, dövlət tərəfindən hökumət imza atdı. Bir neçə müxalifət partiyasına isə həmin öhdəlikləri dəstəkləməklə bağlı sənədə imza atdırdmışdılar. İmza atan partiyalar sırasında ADP də var idi”.

E.Namazov ADP sədrinin ATƏT-in Minsk qrupu və bəzi beynəlxalq təşkilatların hətta Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istədiyi barədə dedikləri ilə qismən razı olduğunu bildirdi: “Sərdar Cəlaloğlunun narahatlığı müəyyən mənada haqlıdır. Təəssüflər olsun ki, dünya ədalət prinsipi üzərində qurulmayıb, maraqlar və ikili standartlar üzərində qurulub. Ona görə də biz özümüzü nə qədər zəif göstərsək, ümidimizi nə qədər beynəlxalq təşkilatlara bağlasaq bir o qədər təzyiq bizə olacaq. Deyəcəklər ki, problemi həll edə bilmirsinizsə, güzəştə getməlisiniz, güzəşt isə Dağlıq Qarabağ olsun və sair. Bizə belə təzyiqlər olmaması üçüm Azərbaycan diktə mövqeyində olmalıdır. Beynəlxalq təşkilatlar Azərbaycanın maraqlarından çox öz maraqlarını düşünürlər. Bizim əvəzimizdən heç kim gəlib torpaqlarımızı azad etməyəcək. Biz öz torpaqlarımızı azad etmək üçün vuruşsaq nə ATƏT-in Minsk qrupu, nə də başqa beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycandan ayırmaq fikrinə düşməyəcək”.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.