Cinayətkar Baqramyan şəbəkəsinin HƏRBİ STRUKTURU açıqlandı – ARAŞDIRMA
26-05-2016, 17:46
Jurnalist Lavrenti Amşentsi – Müharibə zamanı Ermənistan hansı rolu oynadı və ya oynamadı ? Dağlıq Qarabağ erməni batalyonunun taleyində hansısa diaspor rolunu oynayırdı...?
Vağarşak Kosyan – Belə düşünürəm ki, Ermənistanın və ya Dağlıq Qarabağın köməyindən danışmaq bəzi səbəblərə görə lazım deyil. Bəli, hansısa kömək gəlirdi, amma mən bu barədə heç nə demiyəcəm. Bu siyasət işidir... Bəli, mənəvi olaraq Ermənistan, Dağlıq Qarabağ bizimlədir, amma onların öz problemləri var və bizim gürcülərlə münasibətimizə onları qatmaq lazım deyil...Diaspor çox güclü kömək etdi ! Rusiya diasporu yemək, geyim tədarükü görürdü. Bizim öz mühasibat şöbəmiz vardı və Rusiya diasporunun köməyi bizim üçün əhəmiyyətli idi ! Yaxın və uzaq ölkələrin də diasporları kömək edirdi. Gəlin dəqiqləşdirməyək haradan amma, erməni diasporu bizə kömək edirdi !
Gürcüstana qarşı döyüşən Baqramyan batalyonunun Ermənistan Respublikası tərəfindən, müxtəlif kanallarla dəstəklənən Krunk və Maştots təşkilatlarının fəaliyyətləri nəticəsində formalaşdırılması artıq bizə məlumdur. Müharibənin ilkin hissəsində erməni diasporunun sürətlə təşkilatlanması, təbliğatçı informasiyalarla onsuz da seperatçılar tərəfində olan erməni əhalisini səfərbər etməsi, dəstələr, daha sonra qrup və bölmələrin yaradılması nəticədə mütəşəkkil Baqramyan batalyonunun formaşması üçün zəmin hazırladı. Öncəki araşdırmalarda ermənilərin gürcü əhalisinə qarşı terror-təxribat əməliyyataları təşkil etməsi açıq-aşkar sübut edilib. Batalyonun apardığı terraktlarla yanaşı, onun hansı şəkildə fəaliyyət göstərməsi, struktur və idarə heyəti haqqında da məlumatlanmalıyıq.
Artıq bildiyimiz kimi müharibənin əvvəlində, ilkin olaraq Qaqrada silahlanan ermənilər təxribatçı qruplar təşkil edərək gürcü qüvvələrinə və mülki əhaliyə qarşı basqınlar edirdi. Qruplar sürətlə silahlanaraq demək olar ki, hər yerdə qurulurdu. Nşan Karagözyan Mexadrda, Sarkis Karekyan Salmada, Karapet Raqanyan Xapuşsedə, Vağarşak Kosyan Baqnaridə, Eduard Melkonyan rayonun Lenin adına kalxoz idarəçiliyində, Eduard Kiviryan Açmardada, Sergey Zabelyan Tsandripş qəsəbəsində və Dəmirçiyan Baranovkada gürcülərə qarşı təxribat xarakterli əməliyyatların həyata keçirilməsi zamanı xüsusilə seçilib.
Məsələn, Baqramyan batalyon qərargah rəisi Levon Markaryan aparılan təxribatçı fəaliyyətləri bu şəkildə etiraf edir: “...Oktyabr 1992-ci ildə Qaqra rayonunun erməni kəndlərinin əhalisi əsasında bir-birindən fərqli qruplar yaradıldı. Bu qruplar rəsmi xarakterli deyildi. Onların adı belə müəyyən edilməmişdi. Onlar bir qayda olaraq kəndlərini qorumaq üçün silahlı qruplar yaratdı və mürəkkəb daxili vəziyyətdən istifadə edərək, müxtəlif bəhanələrlə mülki əhalinin talan etməyə çalışdı...”
Araşdırmalara görə, noyabr 1992-ci ilin sonunda Sergey Zabelyanın təşəbbüsü ilə komandir Vağarşak Kosyan və bu bölmələrin nümayəndələri Lenin adına kolxoz klubuna dəvət edilib. Bu təşkilati görüşdə hərbi strukturun bütün şöbələrini bir komandanlıq altında birləşdirmək qərarı verilib. Belə ki, yeni hərbi birləşmənin yaradılması üçün, qarşıya qoyulan vəzifələr üzərində gərgin fəaliyyətə başlanıldı. Məsələnin müvəffəqiyyətlə həll edilməsi üçün faktiki olaraq bütün mövcud bölmələrin komandirləri cəlb olundu. Arsen Çakryan, Avedis Kosyan, Aram Muradyan, Haçaryan Məlik, Tomasyan Sergey və İşxan kimi diasporla sıx işləyən nüfuzlu şəxslərin erməni əhalisi arasında apardığı təbliğatçı fəaliyyətinləri nəticəsində bölgənin erməni əhalisi yaradılan dəstələrə sürətlə qoşulmağa başladı. Batalyonun yaradılmasına qədər bu tipli təbliğatçı fəaliyyət 1992-ci il noyabr və dekabr ayları boyunca davam edib.
Erməni batalyonuna qoşulmaq arzusunda olanlar Sergey Zabelyan və Vağarşak Kosyanın yanına göndərilirdi. Onlar ideoloji rəhbər olmaqla yanaşı, müxtəlif bölmələri birləşdirən, həm də sürətli qərarlar zamanı ən mühüm təxribatçı tapşırıqları həyata keçirən şəxslər olub. Batalyonun tərkibi əsasən ermənilərin yaşadığı zona olan Qaqra, Qudauta və Tqvarceli rayonlarından təşkil edilib.
Yenicə yaradılan bölmələr 1993-cü il yanvarın 5-də sepratçı qüvvələrinin Suxumiyə etdiyi hücumda iştirak edir. Döyüşlər zamanı bölmələr təyin edilən yerə çatır, seperatçı rəhbərlikdən Qumist çayının cəbhə xətlərinin formalaşdırılması əmrini gözləyir. Əməliyyatın uğursuzluqla nəticələnməsinə baxmayaraq, bölmələr ətraf hissələrdə kütləvi talançılıqla məşğul olur. Araşdırmalara görə, Qaqra erməniləri bu döyüşdə Pitsunda batalyonuna yerli erməniləri də cəlb edib. Eyni zamanda, erməni döyüşçülərinin bir hissəsi Oçamçira qruplaşdırılmasında da fəal iştirak edib. Batalyon burada da qətillər törədərək, əsirlər aparıb.
Ermənilərin getdikcə aktivləşməsi 1993-cü ilin əvvəlində çeçen döyüşçülər tərəfindən müsbət qarşılanmadı. Artıq erməni döyüşçülərin özləri də sıxışdırılmağa başlandı. Belə ki, Abxaziya müharibəsində iştirak edən çeçenlərin bir hissəsi, Qarabağ müharibəsində Azərbaycanın tərəfində döyüşdükdən sonra Abxaziyaya qayıdıb. Nəticədə, 1993-cü ilin qışında erməni və çeçenlər arasında iki silahlı toqquşma baş verib. Bir neçə nəfərin həlak olması, o cümlədən hər iki tərəfdə qarşıdurmaların dərinləşməsindən qorxan seperatçı rəhbərlik dərhal məsələyə qarışaraq yaranmış vəziyyəti normallaşdırmağı bacarır. Müharibə ərzində etnik mənsubiyyətlərə görə, bölmələrin formalaşması, o cümlədən həmin batalyonlar tərəfindən əzilmə qorxusu erməniləri vahid bir qruplaşmada birləşməyə tələsdirirdi. Erməni bölmələri üzərində çeçen qorxusunun nisbətən çəkilməsi ilə erməni qarşıdurmaları daxili məsələlərin həllinə yönəlir. Belə ki, Krunkun erməni icmasına ümumi liderlik etmək cəhdi Maştots üzvləri ilə silahlı toqquşmalara səbəb olub.
Belə ki, separatçı rejim daxilində yüksək “qüvvə”lərindən istifadə edən Suxumidəki Krunk icmasının rəhbərliyi, Qaqradakı erməni Maştots diasporunun nisbi müstəqilliyinə razı deyildi. Baqramyan batalyonunun idea tərtibatını öz üzərinə götürən və Abxaziyadakı erməni icmasının siyasi lideri kimi tanınan (həmçinin seperatçı rejimin “silahlı qüvvələri”nin sədr müavini) Albert Topolyan batalyona bütövlükdə nəzarət etmək üçün, Vağarşakı Qandiat batalyonunu qeyri-şərtsiz Krunka tabe etməyə çağırdı. Cavabında, Qaqra icmasının Maştots liderlərindən biri, açıq-aşkar ona qoşulmaqdan imtina etdi. Nəticədə, Qudautda vəziyyət təcili şəkildə ağırlaşdı və yaranan münaqişə sonunda Albert Topolyanın bir mühafizəçisi ölüdürüldü.
Baş verən münaqişələrə baxmayaraq, ermənilər batalyonun formalaşdırılması üçün seperatçı rejimin “müdafiə nazirliyi”nə lazimi sənədlərin hazırlanmasını səngitmirdi. Araşdırmalara görə, bunun üçün Andrey Davtyan və Vartan Asatryan adlı erməni nümayəndələri seperatçı rejimin “müdafiə nazirliyi” nə – Qudauta göndərilib. Nümayəndə heyətini Ardzinba qəbul edir və lider ermənilərin münaqişə zamanı həlledici rola malik olduğunu bildirir. Nəticədə, 1993-cü il yanvarın sonundan etibarən, seperatçı qüvvələr ermənilərin bir çox hissəsini toplayır və ayrı bir erməni batalyonunun formalaşdırılması ideasını dəstəkləməyə başlayır.
Baqramyan batalyonu formalaşdırılan zaman, diaspor təcili şəkildə məaliyyə toplanmasına başlayıb. Maşots nümayəndələrinin bir qrupu, demək olar ki, Rusiyanın bütün erməni icmasını ziyarət edərək, o zaman tanınan nüfuzlu insanlarla görüşlər keçirib. İkinci qrup isə, müxtəlif kanallarla silah satın alınması və çatdırılması ilə məşğul olub. Onların əsas məqsədi Rusiyadan vəsait toplamaq və xaricdən silah tədarük etmək olub. Araşdırmalara görə, 1993-cü il mart ayının ortalarında Maştots erməni batalyonu üçün yeni silahlar və texnikalar əldə edə bilib. Bununla yanaşı, Maştots rəhbərliyi yerli ermənilərin təşəbbüsü və əsasən də Ermənistanın diktəsi ilə batalyon üçün Eçmiədzindən göndərilən keşişi qəbul edib. Eçmiədzin Abxaziyada gürcülərə qarşı mübarizədə aparan erməni döyüşçülərinə dua etmək üçün Ter-Qriqori adlı keşiş göndərir. Nəticədə, 1993-cü il yanvarın sonunda batalyonunun “sənədləşməsi” ilə bağlı bütün məsələlər həll edilir.
Beləliklə, Sovet İttifaqı marşalı İvan Baqramyanın adına olan motoatıcı batalyon 9 fevral 1993-cü ildə qondarma rejimin rəhbəri Vladislav Ardzinbanın “55 nömrəli əmrinə” əsasən qeydiyyata alınır və seperatçı qrumun “silahlı qüvvələrinin” bir hissəsinə çevrilir. İlkin olaraq 40-50 nəfərdən ibarət olan bölmələrin sayı artaraq tədricən 300 və daha sonra isə 500 nəfərə çatır.
Jurnalist Amşentsinin “Deməli batalyon özünü ilk dəfə olaraq martda elan etdi ?” sualına Vağarşak bu şəkildə cavab verib: “Batalyon yox- 50 nəfərdən ibarət könüllü hücum bölməsi!... Onlar batalyon adı altında döyüşürdülər, amma yenə də bu bölmə idi. Buna qədər bizim hərbi hissələr yanvar hadisəsində də iştirak edib, lakin o zaman hələ batalyon yox idi.”
Deməli faktiki olaraq, 1993 cü il mart ayında Suxumi üzərinə başlayan hücuma qədər Baqramyan batalyonu hələ də formalaşma mərhələsində olub. Bu baxımdan batalyonun formalaşdırlması yanvardan başlayaraq, rəsmi olaraq yaranması fevral, “elan edilməsi”, yəni aktiv fəaliyyətə başlaması mart ayında göstərilir.
“...3-4 strukturlu bölükdən ibarət olan Qaqra batalyonu artıq insan çoxluğundan sıxlaşdı. Bölmələrin normal idarə olunması nəzarətdən çıxırdı və artıq onu bölmək lazım idi.Bu mənada Müdafiə Nazirliyi, Ali Şura formalaşdı və erməni batalyonu yaradıldı.Yaradılması haqda Müdafiə Nazirliyi və Ali Şuranın fərmanı verildi... Bizdə həm də təkcə Çandripşa zonasının yerli əhalisi deyil, Qaqra bölgəsindən də vardı. Bizə həm Suxumidən, həm Labradan, Araqiçdən, Şaumyandan (Qarabağ nəzərdə tutulur– Q.Ş) , Merxuilidən bir sözlə Abxaziyanın hər yerindən gəlirdilər. Erməni bölmələrinin varlığından xəbər tutan hər kəs bizə birləşməyə gəlirdi. Nəticədə, əhalinin eynidilli ahəngi və bölmələrin şəxsi heyyətinin birliyi erməni batalyonunun yaradılmasına səbəb oldu...” – deyə Vağarşak Kosyan bildirir.
Araşdırmalara görə, Gürcüstanın Abxaziya bölgəsində Şaumyan adlı bir ərazi vahidi yoxdur. Şaumyan hazırda düşmən işğalından azad edilən Goranboyun dağlıq hissəsidir. Buna qədər isə, Qarabağda qüvvələrimizə qarşı döyüşən ermənilərin bir hissəsinin Abxaziyada gürcülərə qarşı döyüşməsini bildirmişdik. Nəticədə, Vağarşakın həmin bölgənin adını çəkməsi bizə bir sıra məsələləri dəqiqləşdirmək imkanı da verəcək.
Beləliklə, 1993-cü ilin yanvar, fevral və mart ayları ərzində formalaşan Baqramyan batalyonunda erməni döyüşçüləri təntənəli şəkildə and içir. Əsasən Krunkun , o cümlədən Maştotsun liderliyində yaradılan batalyonda ilk andı Krunk lideri Albert Topolyan içir. Qeyd etmək lazımdır ki, Maştotsdan fərqli olaraq, Krunkun seperatçı rejim daxilində çox güclü dayaqları vardı. Fevralın 9-da keçirilən yığıncaqda seperatçı rejimin “xarici işlər naziri” Sergey Şamba da iştirak edir.
Həmin gün, Ardzinba tərəfindən batalyon komandanlığı və şəxsi heyəti də təsdiq edilib. Komandir baş leytinant Vağarşak Kosyan, komandir müavini Gevorq Markoryan, kadrlarla iş üzrə komandir müavini baş leytenant Suren Minosyan, silahlanma ilə bağlı müavin baş leytinant Sedrak Çolokyan, təchizat komandir müavini starşina Sergey Zabelyan, batalyon qərargah rəisi Levon Markaryan təyin edilib. Göstərilən şəxslər yüksək hazırlıqlı və idarəetmə qabiliyyətinə malik olub, vaxtilə SSRİ silahlı qüvvələrində xüsusi bölmələrdə xidmət edib.
Vağarşak Kosyan bildirir: “Bizdə sovet ordusunun peşəkar zabitləri var idi. Bu baxımdan mənə asan idi. Bilmədiyim məsələlərlə bağlı nə zaman müraciət edirdim o zaman da istədiyimi ala bilirdim...”
Markaryan Lenya Levonoviç SSRİ Hərbi-Kosmik Qüvvələrin təqaüdçü polkovniki olub. O, 1989-cu ildə III-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeninə layiq görülüb. Abxaziyada anadan olan Markaryan hemşinlilərin Türkiyədən köçü zamanı məskunlaşan erməni ailələrinin nəsillərindəndir. Sovet ittifaqında uzun müddət xidmət etdikdən sonra, 1990-cı ildə Gürcüstanın Abxaziya bölgəsinə gəlir. Bir neçə ay ərzində, Abxaziyada müharibə başlayana qədər, öz məskunlaşdığı bölgədə təxribatçı dəstə yaradır və ona rəhbərlik edir. Qısa müddət ərzində Levon Markaryan, erməni batalyonunun formalaşdırılması işinə qoşulmaq üçün dəvət olunur.
Bu haqda Levon Markaryan bildirir: “Ermənistan silahlı qüvvələrinin yaradılması yalnız Ermənistanda deyil, ermənilərə sığınacaq olan xarici vətəndə (Ermənistan nəzərdə tutulur – Ş.Q) ermənilər üçün də mühüm əlamətdar hadisədir. Və biz, Abxaziya Respublikasının ərazisində yaşayan ermənilər Abxaziyanı öz vətənimiz hesab edirik...deyilən faktlarla qürur duyuram.”
Markaryan şəxsən erməni batalyonunun Gürcüstana qarşı müharibədə iştirakı üçün əlindən gələni əsirgəməyib. Məaliyyə, geyim, qida və digər ləvazimatlarla qaniçən batalyonu təmin edib. Gürcüstanı işğalçı, Abaziyanı vətən adlandıran yüksək rütbəli erməni göründüyü kimi bundan xüsusilə məmnundur.
“Demək istəyirəm ki, müharibə zamanı insanlar çox məsuliyyətli olur, mahiyyətini dərk edir. Bunu çubuq altında deyil, Vətən naminə, onun uğrunda edirik. İnsanlar bir məqsəddən ilham alıblar – Abxaziyanı işğalçılardan azad etmək...” – deyə Levon Markaryan bildirir.
Beləliklə, dağınıq erməni bölmələri vahid batalyon ətrafında birləşdirildi. Müxtəlif növlü silahlar və sistemlərdən istifadə təbii ki, ilkin formalaşan batalyon həcmi üçün kifayət qədər çox deyildi. Araşdırmalara görə, fevralın 11-də komandirlər batalyonunun gələcək dislokasiya yerinə, rayonun Tsandripş qəsəbəsinin internat məktəbi sahəsinə gəlib. Bölmə komandirləri bölgəyə batalyon şəxsi heyətinə qeydiyyata düşmək üçün döyüşçüləri ilə birgə gəlib. Yuxarıda göstərildiyi kimi, batalyonun şəxsi strukturu əsasən Qaqra mahalında yaşayan ermənilərə əsaslanırdı. Rayonun erməni əhalisi ilə yanaşı batalyona, gürcü nəzarətindəki ərazilərdə məskunlaşan ermənilər də daxil olub. Batalyon etnik tərkibinə görə əsasən ermənilərdən ibarət olsa da, onlarla yanaşı abxaz, rus, kabardin, etnik almanlar və yunanlar da gürcülərə qarşı döyüşüb. Araşdırmalara görə, batalyon Qudautada Rusiyaya məxsus zenit alayından hələ, 1992-ci ilin avqust və sentyabr aylarında abxazlara verilən silahlarla təmin edilib.
Batalyon daxilində koordinasiyanı təşkil edən və onun nəqliyyat vasitələri ilə təmin edilməsini isə Sergey Zabelyan edib. Belə ki, Zabelyanın vasitəçiliyi ilə Artur Asaturyanın seperatçı qüvvələrdən və ruslardan aldığı nəqliyyat vasitələri hesabına avtomobil tağımı yaradır. Bu kimi fəaliyyətlərdə xüsusən Hovhannes Daşyan, Sergey Papazyan, Robert Xalayçev, Harutyun Melkonyan, Karapet Minasyan adlı şəxslər mühüm rol oynayıb. Təbii ki, digər məsələlərlə yanaşı, texnika və silah-sursat alınması birbaşa diasporun nəzarəti altında həyata keçirilib. Erməni batalyonunun yaradılması ideyasına Maştots, gizli təşkilat rəhbərləri, o cümlədən Krunk rəhbəri Albert Topolyanla yanaşı, Qaqra qarnizon rəisi Dopua Quram Xoneloviç də birbaşa dəstək verib. Batalyona erməni icması nümayəndələri, iş adamları, məsələn Qaqradan Sergey Çakryan və digər nüfuzlu şəxslər maliyyə və təchizat yardımı ediblər. Belə ki, Suxumidən olan, hazırda isə Moskvada yaşayan Saturyan qardaşlarının rəhbərlik etdiyi Tiko adlı Rusiya kommersiya bankı batalyonun təchizatında xüsusi rol oynayıb.
Aparılan araşdırımanı daha da dərinləşdirdikdə batalyon şəxsi heyətinin avtotağım rəhbərindən başlayaraq, tibb xidməti işçilərinə qədər kimliyini müyyən edə bildim. Belə ki, avtotağım rəhbəri K.Minalyan, minaatan batareya komandiri Z.Kalaydjyan, onun müavini L.Selvyan, qumbaraatan tağım komandiri İ.Tarba, batalyonunun xüsusi şöbəsinin müdiri Qumba İqorya Anatoliyeviç (seperatçı rejimin leon ordeni ilə təltif edilib) təyin edilib. Tank əleyhinə tağımın komandiri Raqanyan Vaqan Anuşavanoviç (seperatçı rejim qəhrəmanı), kəşfiyyat tağımında ilkin olaraq Pak, ardınca T.Kalaydjyan, rabitə tağımına Ayk Ustyan, “Zenitka” Tank əleyhinə tağım komandiri K Keşyan, “Zenitka” sürücüsü Avidzba Karlo, maddi təminat M.D.Danielyan, birinci rota komandiri Sarkis Karekyan, müavin Nşan Ustyan, ikinci rota komandiri Nşan Karagözyan, ardınca onun qardaşı Karapet Karagözyan, üçüncü rota komandiri Sergey Tomasyan, ardınca Qalust Trapizonyan (seperatçı rejim qəhrəmanı), tibb bacıları Lamara Cvijba, Zirafina Dzapşba, Sveta Karagözyan, Xalbad Rimma (Sara), Sveta Almeşeva, Xaraziya Lyalya, Aqrba Nina, Marina Minosyan, Qablia İnqa (Eşerdə ölüb) və sanitar təlimatçısı Aram Kinosyan olub.
Tibb xidmətinin rəisi Harut Çakıryan, qida rəisi S.İ. Çakryan, 1993-cü ilin mayına qədər batalyon komissarı Suren Minasyan, ardınca Harutyun Terzyan (seperatçı rejimin qəhrəmanı elan edilib) olub. İyul 1993-cü ildə A.Terzyan Çukurovkada yaralandıqdan sonra komissar V.A.Tatulyan təyin edilib.
Araşdırmalara görə, ilk batalyon komissarı Suren Minasyan Taçatoviç müharibədən öncə, Alaxadzi orta məktəbində hərbi təlimatçı işləyib. Toplantıların birində çıxış edən Vağarşak və Zabelyan ermənilərə Minasyanı daxili qoşunların ehtiyat zabiti, erməni “Maştots” cəmiyyətinin sədri kimi təqdim edir. Üç gün sonra o batalyon komissarı vəzifəsində bölmələrin yaradılmasında iştirak etməyə başlayır. Suren hərbi komissarlıqdan döyüşçülərin seçilməsi, döyüş əməliyyatları üçün kadrların hazırlanması ilə məşğul olub. Bölgənin kalxoz və savxozları isə batalyonun ehtiyyaclarını qarşılayıb. Müharibə zamanı döyüşlərdə həlak olan erməni ailələrini isə Sergey Zebelyan, Levon Markaryan və X.T.Minasyan diaspordan göndərilən məaliyyə hesabına susdurmağı bacarıb.
Müharibə zamanı ikinci Barqamyan batalyonu müharibənin sonuna yaxın, 1993-cü ilin sentyabr hücumuna qədər yaradılıb. Vahid komandanlığı birinci erməni batalyonunda keçmiş komandir müavini olan mayor Gevork Markaryan (seperatçı rejimin leon ordeni ilə təltif edilib) edib. Artıq, 1993-cü ilin iyun ayında Markaryan digərinə nisbətən daha kiçik, 160 nəfərlik ikinci Baqramyan batayonunun komandiri olub. Batalyonu komandir müavini Gevork Meletyan, təhcizat rəisi M.D.Danelyan, komissar D.Q.Matulyan, bölük komandiri S.B.Paxlyan olub. Gevork Markaryan həmçinin komissar funksiyalarının həyata keçirilməsinə də başçılıq edib.
Yuxarıdakı faktlardan göründüyü kimi, Baqramyan batalyonu bir qrup təsadüfi və silahlı insanların birliyi deyildi. Şahidlərə, Gürcüstan Baş Prokurorluğu, təhlükəsizlik və kəşfiyyat orqanlarının məlumatlarına görə, batalyon müharibə zamanı ifrat qəddarlıq göstərib, gürcülərə qarşı soyqırım və etnik təmizləmə əməliyyatlarında fəal iştirak edib. Bunu, Gürcüstan Baş Prokurorluğunda saxlanılan, Abxaziyada müharibə zamanı sivil gürcü əhalisinə qarşı törədilən cinayət aktları haqqında 200 səhifəlik materiallar da təstiqləyir.
Araşdırmalara görə, Abxaziya müharibəsində ən dəhşətli cinayət aktları erməni Baqramyan batalyonuna aiddir. Həmin sənədləri araşdıran tədqiqatçılar Baqramyanı bölgədə yerləşən digər qruplarla müqayisə etmək bir yana, onun Ermənistanla sıx təşkilati strukturda birləşməsini və geniş şəbəkə tərəfindən idarə olunmasını bildirir. Bu baxımdan, “Baqramyan” yalnız batalyon olaraq deyil, Ermənistan və Ümumerməni diasporu tərəfindən təşkilatlandırılan, güclü xarici əlaqələrə, xüsusi gəlir mənbələrinə, öncədən planlaşdırılan məqsədlərə malik cinayətkar struktur kimi qiymətləndirilməli və yuxarıda göstərilən şəxslərin hər biri etdiyi cinayət aktlarına görə gürcü xalqının qarşısında cavab verməldir. Şahin QOCAYEV
teref.az