Fırıldaqçı şirkətin vurduğu zərər dəqiqləşdirilir
26-05-2016, 17:47
“Topstaff LTD” şirkəti tərəfindən aldadılan vətəndaşlara vurulan zərərin məbləği dəqiqləşdirilir. Hazırda şirkətin rəhbərləri ilə bağlı araşdırmalar davam edir.
Bunu virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı bildirib.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Topstaff LTD” şirkətinin rəhbərləri yüksək vəzifəli şəxslər tərəfindən himayə olunduğu görüntüsünü yaradaraq mindən çox vətəndaşı aldadıblar: “Şirkətin rəhbəri, Gürcüstan vətəndaşı Həsənova Mətanət Zahir qızı aprelin 16-da saxlanılıb. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Piramida şəklində işləyən şikətin minlərlə vətəndaşa ziyan vurduğu bəlli olub”.
Təşkilat rəhbəri xatırladıb ki, “Topstaff LTD” şirkəti 2008-ci ildə yaradılıb. Şirkət neft-qaz və tikinti şirkətlərini avadanlıqlarla təmin etməklə məşğul olub. Ötən il isə şirkət fəaliyyət istiqamətini dəyişməyə başlayıb. Bundan sonra vətəndaşları işədüzəltmək adı ilə də aldadıblar. “Vətəndaşlara SOCAR, BP, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen” kimi şirkətlərdə işə düzəldəcəklərini deyiblər. Bəzilərindən 10 mindən çox pul alınıb. Lakin sonradan bəlli olub ki, onlar heç kimi həmin şirkətlərdə işlə təmin etmirlər”.
M.Qəhrəmanlı Mətanət Həsənova ilə görüşdüyünü və bu görüşdən sonra Dövlət Əmək Müfəttişliyinə müraciət etdiyini deyir. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin tədqiqat şöbəsində araşdırılma başlanılıb, fırıldaqçı qadın həbs olunub. Lakin Dövlət Əmək Müfəttişliyi araşdırma aparmır. “Şirkət öz əməkdaşları ilə də əmək müqaviləsi bağlamadan işləyib. Cəmi 7 nəfərlə müqavilə bağlanılıb. Halbuki təşkilatımıza çoxlu sayda sənədlər təqdim olunub. Biz həmin sənədləri müstəntiqə təqdim etdik”, - M.Qəhrəmanlı əlavə edir.
Şirkətin vergidən yayındığı da bildirilir. M.Qəhrəmanlı deyir ki, M.Həsənova ilə əlbir işləyənlərin də adı bəllidir. Onlar da istintaqa cəlb ediləcəklər.
Ülviyyə