Rusiya Belarus istiqamətindən Ukraynaya geniş-miqyası hücuma keçəcək? - Hərbi ekspertdən ŞƏRH

14-01-2023, 00:01           
Rusiya Belarus istiqamətindən Ukraynaya geniş-miqyası hücuma keçəcək? - Hərbi ekspertdən ŞƏRH
“Belarus istiqamətindən Ukrayna ərazisinə yenidən geniş-miqyaslı hücum gözləmirəm”.

Bu sözləri Ednews-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov Belarusun Ukrayna sərhədlərinə yaxın ərazilərdə Rusiya və Belarus ordusunun birgə hərbi təlimlərini şərh edərkən bildirib.

Söhbət zamanı o, qeyd edib ki, səfərbərlik vasitəsi ilə aparılan rus əsgərləri Belarusda hərbi təlimlərə cəlb olunublar.

“2022-ci ilin fevralın 24-dən etibarən Belarus ordusu hazırlıq vəziyyətinə gətizdirilib. O zamanlar mətbuatda belə bir fikir dolaşırdı ki, Belarus da Rusiyanın Ukraynada apardığı müharibəyə qoşulacaq. Belarus ordusunun da şimal tərəfdən Ukrayna ərazisinə hücum edəcəyi gözlənilirdi. Lakin Ukrayna hərbi qüvvələrinin rus ordusunun şimal istiqamətində hücumlarını dəf etdikdən sonra Belarusun hərbi-siyasi rəhbərliyi belə bir niyyətindən əl çəkdi. Həmin dövrdən bəri Belarus ordusunun logistikası, xəstəxanaları, hava limanları və digər silah-sursatları Rusiyanın ixtiyarındadır. Moskva Belarus rəhbərliyini nə qədər müharibəyə cəlb olunmağa vadar etsə də, Lukaşenko bundan yayınmağı bacardı. Ancaq Rusiya Belarus ərazisindəki hərbi aerdromlardan istifadə edərək Ukraynanın hərbi obyektlərinə və şəhərlərinə sarsıdıcı hava zərbələri endirir”.

Şimal tərəfdən Rusiyanın növbəti hücum ehtimalı ilə bağlı suala cavab verən T.Eyvazov vurğulayıb ki, bunun baş verəcəyi təqdirdə Belarusun da bu müharibədə iştirak etdiyi nəzərə alınacaq.

“Belə olan halda ABŞ və Avropa ölkələri Belarus üzərində sərt embarqolar tətbiq edib onu dünyadan təcrid edəcəklər. Bu da ölkənin iqtisadi cəhətdən acınacaqlı vəziyyətə düşməsi ilə nəticələnə bilər”.

Tərlan Eyvazov, həmçinin Rusiyanın Belarus ərazisindən Ukraynanın şimal ərazilərinə geniş-miqyaslı hücumunu gözləmədiyini bildirib.

“Müharibə başlayandan bəri Ukrayna ordusu ölkənin şimal ərazilərində möhkəmlənib. Rus ordusu bu istiqamətdə hücum etdiyi təqdirdə Ukrayna Silahlı Qüvvələri bu hücumu dəf edəcək”.

Qeyd edək ki, Rusiya son bir ayda Belarusa təxminən 30 minlik qoşun göndərib. Ümumilikdə, Belarusda 150 min ətrafı rus ordusunun olduğu bildirilir.

Bununla bərabər, Belarus hərbi birliklərinin rus ordusu ilə birlikdə hərbi təlimlər keçirtməsi barədə məlumatlar dolaşır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.