Qatır Məmməd və onun ermənilərdən ibarət cəlladları - Alimimizdən araşdırma - VİDEO

4-06-2016, 17:53           
Qatır Məmməd və onun ermənilərdən ibarət cəlladları - Alimimizdən araşdırma - VİDEO
Bu gün orta məktəbdə ədəbiyyat dərsində millətimizin balalarına bunu öyrədirlər: «“Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Qaçaq Kərəm”, “Səttar xan”, “Qatır Məmməd” qəhrəmanlıq dastanlarıdır. Müxtəlif dövrlərdə yaradılmış bu əsərlərin hər birində Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin müəyyən bir dövrü əks olunmuş, xalq içərisindən çıxmış qəhrəmanların doğma yurdu, ana vətəni qorumaq üçün yadelli işğalçılara qarşı apardıqları ölüm-dirim mübarizəsi göstərilmişdir» («Ədəbiyyat». Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərslik. Bakı: «Çaşıoğlu» nəşriyyatı, 2007, ss.23-24).

Deməli, «Qatır Məmməd» əsərində də «Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin müəyyən bir dövrü əks olunmuş», burada «xalq içərisindən çıxmış qəhrəman» Qatır Məmmədin «doğma yurdu, ana vətəni qorumaq üçün yadelli işğalçılara qarşı» apardığı «ölüm-dirim mübarizəsi göstərilmişdir». Bu gün də «çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə kəndli hərəkatının başçılarından biri» sayılan Qatır Məmməd haqqında «Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası»ndakı məqalədə onun hərəkətləriylə bağlı hətta ən kiçik tənqidə belə yol verilməsə də «inqilabçılığ»ının səbəbi araşdırılarkən məhz Cümhuriyyət hakimiyyətinin özü günahkar sayılır: «…Qatır Məmməd milli hökumətə qarşı çıxmışdır. Bu işdə bolşeviklərin ona maddi köməyi ilə yanaşı, hökumətin aqrar siyasətindəki səhvlər də müəyyən rol oynamışdı» (Bakı: «Lider nəşriyyat», 2005, 2-ci cild, s.142). Bu gün soydaşlarımız iki gündən bir Azərbaycanın televiziya kanallarında heç bir şərhsizfilansız göstərilən «Qatır Məmməd» filminə baxmaqdadır…

GÜLƏKMİ, AĞLAYAQMI?! Bugünkü Azərbaycan vətəndaşı yuxarıda adını çəkdiyim kitabları oxuduqdan və dediyim filmə baxdıqdan sonra istər-istəməz bu yeganə məntiqi nəticəni çıxarır: doğma yurdu, ana vətəni qorumaq üçün yadelli işğalçılara qarşı vuruşmuş Qatır Məmməd gerçəkdən də milli qəhrəman olubmuş, onun yıxmağa çalışdığı Azərbaycan Cümhuriyyəti (1918-1920) dövlətisə xalqımızın düşməniymiş!.. Güləkmi, ağlayaqmı?! Nə qədər faciəli bir durum! Milyonlarca insanımız çaşbaş qalıb: görəsən, biz Məhəmmədəmin Rəsulzadə’lərin, Əlimərdan bəy Topçubaşov’ların, Həsən bəy Ağayev’lərin, Fətəli xan Xoyski’lərin, Nəsib bəy Yusifbəyli’lərin… qurduğu ilk müstəqil dövlətimiz Azərbaycan Cümhuriyyəti’nin (1918-1920), yoxsa kommunist Lenin’lərin, Şaumyan’ların, Kirov’ların, Mikoyan’ların, Nərimanov’ların… qurduğu Sovet Azərbaycanı’nın varisləriyik? Görəsən, bu gün Azərbaycan Cümhuriyyətinin AZADLIQ və MÜSTƏQİLLİK idealınamı, yoxsa azadlıq və müstəqilliyin qatı düşməni olan BOLŞEVİZMəmi söykənməliyik? Bu gün Azərbaycanın «akademik»indən tutmuş çobanınadək Allahla şeytanı, Azadlıqla Əsarəti, Rəsulzadəylə Nərimanovu, Bağırovu… bir gözlə görür, onların hər ikisinin yaxşı olduğunu, ikisini də sevməyin mümkünlüyünü düşünür. Bu fəlakətli düşüncənin torunda çabalayan kütlə bir gerçəyi unudur – ALLAHI SEVƏN QƏTİYYƏN ŞEYTANLA DOST OLA BİLMƏZ, ŞEYTANI SEVƏNSƏ HEÇ VAXT ALLAHA DOST DEYƏ BİLMƏZ! Bugünkü «Allaha da, şeytana da sitayiş» düsturu onunla nəticələnib ki, məsələn, yaşadığım 6-cı mikrorayonda Çingiz İldırım, Səmədağa Ağamalıoğlu, Hüsü Hacıyev küçələri dalbadal sıralansa 2 da nəinki burada, hətta nəhəng Bakıda – ilk müstəqil dövlətimizin məhv eilməsində birbaşa xidməti olmuş yüzlərcə kommunist siyasi xadimin adının ən nüfuzlu obyektlərdə indiyədək qorunub saxlandığı paytaxtda MÜSTƏQİLLİYİMİZİN MEMARLARININ ADLARI UNUDULUB. Şaumyanın sağ əli olmuş Məşədi Əzizbəyovun, Azərbaycan Cümhuriyyətinin yıxılmasının baş ideoloqu və memarı Nəriman Nərimanovun adları «Məşədi Əzizbəyov», «Nəriman Nərimanov» metro stansiyalarında, Nərimanov rayonunda yaşadılsa da, onların Bakının mərkəzindəki amiranə heykəlləri əvvəlkindən də artıq qayğıyla qorunsa da, Pyotr Montin kimi «inqilabçı»nın adı Bakının lap göbəyindəki qəsəbədə qalsa da Məhəmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin… nəinki heykəllərinə, hətta kiçicik büstlərinə də bu boyda ölkədə yer tapılmaması bir yana, onların adının küçələrə, müəssisələrə verilməsi belə kimsənin yadına düşmür! Bəyəm bununçün ayrıca prezident sərəncamı gərəkdir?!.

QATIR MƏMMƏD NECƏ «XALQ QƏHRƏMANI» OLDU?

Allahsız və qansevər kommunistlərin qurduğu Azərbaycan İctimai Şura Cümhuriyyəti (sonralar: Azərbaycan Sovet Sosialist Respublikası) özünü rəsmən fəhlə və kəndlilərin hakimiyyəti sayırdı. Bolşevik-kommunistlərin 70 illik ağalığı dönəmində on minlərcə ölkə vətəndaşı (xan, bəy, sahibkar, ruhani, ziyalı…) məhz fəhlə və kəndli olmadığı üçün «sinfi düşmən» adlandırılaraq öncə ən adi insan hüquqlarından (məsələn, mülkiyyət, səsvermə, təhsil, işləmək… hüquqlarından) məhrum edilmiş, sonra da ya güllələnmiş, ya da Sibirə, Orta Asiyaya sürgünə göndərilmişdi. Bu hakimiyyətin rəsmi ideologiyası xalq qəhrəmanlarını yalnız çulucırıq fəhlə və kəndlilərin içərisində axtarır, tapmadıqdasa onları siyasi kabinetlərdə yetişdirirdi. Süni yetişdirilmiş onlarca «xalq qəhrəmanı»ndan biri də haqqında danışdığımız Qatır Məmməddir. Məmməd Əli oğlu Məmmədov (1887-1919) hələ çar zamanında quldur dəstəsi yaradaraq Gəncəbasar bölgəsində soyğunçuluğla məşğul olmuş, şəxsi qazanc məqsədiylə yolçuların vardövlətini talamış, varlıların mülkünə silahlı basqın yaparaq yağmaçılıq etmiş, xoşuna gəlməyən insanları, rəqiblərini cismən məhv edərək aradan götürmüş, heç bir suçu olmayan dinc əhaliyə divan tutmuşdu. Törətdiyi ağır cinayətlərə görə 1909 və 1914-də həbs olunaraq məhkəmənin hökmüylə Sibirə sürgünə göndərilmişdi. Uzun illər dövlət təhlükəsizliyi sistemində çalışaraq istefaya çıxmış polkovnik, mərhum Əsildar Hüseynbəyli 1994-də yazaraq bir neçə il öncə rusca nəşr etdirdiyi «Mühacirlər» kitabında (Bakı, yersiz və ilsiz) Qatır Məmməd haqqındakı bir çox sovet əfsanələrinə son qoyub. Hər şeydən qabaq, müəllif bildirir ki, məhz Sibirə katorqaya göndərildikdən sonra Məmmədə «Qatır» ləqəbi verilib; bu ləqəb ruscadakı «katorqa» sözündəndir (deməli, «Katır Məmməd» - «katorqaya göndərilmiş Məmməd»). Oxuculara bildirim ki, Ə.Hüseynbəylinin babası, goranlı Hacı Həsən Qatır Məmməd sürgünə göndərildikdən sonra onun gözəl arvadı Gülüstan’la ailə qurub və Sibirdən qayıdan Məmməd onunla qatı düşmən olub. Sonralar Qatır Məmmədin ölümü həmin Hacı Həsənin üzərinə yıxılıb. Sovet dönəmində belə bir «xalq qəhrəmanı»nı öldürmək olduqca ağır ittihamdı və bütöv bir nəslə çox baha otururdu. 1960-cı illərdə Ə.Hüseynbəyli respublika qəzetlərinin birində Moskvadan gəlmiş bir yazıçının müsahibəsini oxuyur. Qatır Məmməd haqqında roman yazmaq istədiyini söyləyən həmin yazıçı müxbirə bunu da bildirir ki, əsərdə qəhrəmanını «əksinqilabçı- qolçomaq» Hacı Həsənin öldürməsini də işıqlandıracaq. Həmin vaxt DTK-da işləyən Ə.Hüseynbəyli qohumlarının taleyindən rahatsız olaraq bu məsələyə aydınlıq gətirməkçün ozamankı MK-nın ideologiya üzrə katibi, mətbuata da nəzarət edən mərhum Şıxəli Qurbanov’un qəbulunda olub, babasının suçsuzluğunu inandırıcı tutarqalarla sübut edib. Söhbətin ardını onun kitabından oxuyuruq: «O (Ş.Qurbanov – Ə.T.) bildirdi ki, Azərbaycan Tarixi Muzeyindən aldığım bilgilərə görə, sənin versiyan həqiqətə yaxındır. Ancaq Qatır Məmmədin «inqilabçılığı» haqqında versiyanın artıq əfsanəyə çevrildiyini nəzərə alaraq, yəqin ki, onu inkar etməyə ehtiyac yoxdur. Hətta onun gülümsəyərək söylədiyi sözləri də xatırlayıram: 3 - Axı bizim Azərbaycanda kəndli-bolşeviklərin başçıları yoxdu, bəs fəhlə və kəndlilərin birliyi olmadan proletar inqilabı mümkündürmü?!» (həmin kitab, s.197). Deməli, Qatır Məmmədi kommunistlər məhz ona görə xalq qəhrəmanına çevirmişdilər ki, Azərbaycanda da kəndli hərəkatının başçıları olduğunu göstərsinlər və proletar inqilabı nəzəriyyəsinin doğruluğunu sübuta yetirsinlər! Ancaq görünür ki, quldur Qatır Məmmədin «inqilabçılığ»ı həddən artıq şişirdilmişdi və ciddi tarixçilər bu versiyanı yaxına buraxmırdı, MK da öz təbliğatını yalnız şair və yazıçıların əliylə aparırdı. Bizi bu fikrə gətirən professor Zülfəli İbrahimov’un «Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918- ci illər)» adlı monoqrafiyası (Bakı: Azərnəşr, 1957, 586 səhifə) oldu. Doğrudur, bu əsər iliyinə- sümüyünədək kommunist ideologiyası əsasında yazılıb, ancaq müəllif tarixi faktların dəyərləndirilməsində subyektivliyə yol versə də əsassız bir kəlmə belə yazmayıb, bütün fikirlərini danılmaz arxiv sənədləriylə möhkəmləndirib, bu üzdən də onun monoqrafiyası indinin özündə də çox ciddi tədqiqat əsəri sayılmalıdır. Alim vicdanına xəyanət etməyən professor Z.İbrahimov 1917-1918-də Azərbaycandakı kəndli çıxışlarına ayrıca bölmə həsr etsə də nə burada, nə də kitabın başqa yerlərində Qatır Məmmədin heç adını belə çəkməyib. Təkcə bu alim münasibəti «xalq qəhrəmanı»nın necə şişirdildiyinin göstəricisidir. Kommunistlər Qatır Məmmədin ölümündən də yararlanmaq istəyərək bu hadisəni saxtalaşdırıblar. Birbaşa Azərbaycan KP MK-nın təşəbbüsüylə buraxılmış «Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal mübarizlər» kitabında oxuyuruq: «…Qatır Məmməd 1919-cu il sentyabrın 18-də qəhrəmanlıqla həlak olmuşdur. Qızıl Ordu ilə birləşmək üçün o, öz dəstəsilə Dağıstana keçmək istəyir. Lakin Qaraquvaq kəndi yaxınlığında, Kür sahilində düşmən qüvvələri qəflətən ona hücum edir və Qatır Məmmədin dəstəsi şiddətli vuruşmadan sonra məğlub olur» (Bakı: Azərnəşr, 1958, s.138). Bu təsvir «xalq qəhrəmanı» yetişdirən inkubatorun məhsuludur. Bəs gerçəklik necədir – Qatırı «əksinqilabçı-qolçomaq» Hacı Həsən, yoxsa «düşmən qüvvələri» «şiddətli vuruşmada» öldürüb? Hansına inanaq? Mərhum Əsildar Hüseynbəyli bu məsələyə də tam aydınlıq gətirir: «Ər-arvad Hacı Həsənlə Gülüstanın ailə xoşbəxtliyini fevral inqilabından sonra Sibirdən qayıtmış Qatır Məmməd pozdu. O, babamı özünün «qan düşməni» elan etdi və onu öldürməyə bəhanə axtardı. Bu və o tərəfin qohumları davakar və qisascıl Qatır Məmmədi sakitləşdirməyə boşuna çalışdılar, hətta Hacı Həsənin özü qohumlar vasitəsiylə barışmaq, durumu aydınlaşdırmaq və düşmənliyi aradan götürmək üçün onunla görüşməyə can atdı, ancaq o dincəlmədi. Qatır Məmmədlə Hacı Həsənin tərəfdarları arasındakı çoxsaylı toqquşmaların birində o öldürüldü. Özü də öldürən qətiyyən Hacı Həsən yox, sonralar dəfələrlə təsdiq olunduğu kimi, onun gənc qohumlarından biriydi. Azərbaycan kəndlilərinin başçısı Qatır Məmmədin qəhrəman mübarizəsi və onun «istismarçı- mülkədar» Hacı Həsənin əliylə ölməsi haqqında gözəl «tarixi» və «inqilabi» versiya, bax, beləcə yarandı. Azərbaycanın bəlli diktatoru Mircəfər Bağırovun həmişə dəstəklədiyi bu versiya sonralar tarix dərsliklərinə, bütün inqilabi sorğu kitablarına salındı, bunun əsasında hətta pyes yazıldı. Qatır Məmmədin Bakı bolşeviklərinə dəfələrlə silah satması haqqında bilgilər ortaya çıxandan sonrasa o, tezliklə Sergey Kirov və Serqo Orconikidzenin «silahdaşları» zirvəsinə qaldırıldı» (Ə.Hüseynbəylinin həmin kitabı, s.196). Bizcə, bu qeydlər quldur Məmmədin «xalq qəhrəmanı» Məmmədə çevrilməsinin təkamül yolunu aydın əks etdirir.

«XALQ QƏHRƏMANI», YOXSA ERMƏNİLƏRİN ALƏTİ?

Azərbaycan Cümhuriyyətinin (1918-1920) ən böyük düşməni kommunistlərdi. Onların sədaqətli nökərlərisə Azərbaycanda ermənilər və erməni qafalı Əliheydər Qarayev’lərlə yanaşı Qatır Məmməd’lər, onların silahdaşı olan başqa bolşeviklərdi. Adicə bir yolkəsən quldur olan Qatır Məmmədi tezliklə ermənilər öz təsiri altına saldılar və onun gücünü Azərbaycanın gənc dövlətini yıxmağa yönəltdilər. 4 Yuxarıda adını çəkdiyim «Azərbaycanda sovet hakimiyyəti uğrunda fəal mübarizlər» kitabında yazılır: «Qatır Məmməd Goranboy-Əhmədli kəndindəki müsavat hökumət nümayəndələrini qovub dağıdır. Üsyan edən kəndlilər burada inqilabi qaydalar yaradırlar. Qatır Məmmədin meydana atdığı şüarı: «Əzin xan-bəyləri» şüarını eşidən kəndlilər yeni-yeni kütlələrlə gəlib onun dəstəsinə qoşulurdular. Onun adı müsavat hökumət orqanlarını və mülkədarları dəhşətə salırdı. […] Qatır Məmmədin partizan dəstəsinin fəaliyyətinə Bakı bolşevik təşkilatı rəhbərlik edirdi» (s.138). Bu gün heç kəsə sirr deyil ki, Moskvadan maliyyələşən ruslardan və ermənilərdən ibarət «Bakı bolşevik təşkilatı» Azərbaycan Cümhuriyyətini yıxmaqçün Lənkəran bölgəsində «Muğan Sovet Respublikası» qurmuş, Dağlıq Qarabağı hər an partlayacaq bombaya çevirmiş və bütün Azərbaycanda hakimiyyətdən narazı qüvvələrin əsas kütləsini (o sıradan Qatır Məmmədin quldur dəstəsini) öz nüfuzu altına keçirmişdi. Özü də bolşevik ruslar öz qara niyyətlərini daha çox ermənilərin əliylə gerçəkləşdirməyə çalışırdılar. Qatır Məmmədsə məhz ermənilərin Azərbaycanın müstəqilliyinə qarşı işlətdiyi alətə çevrilmişdi. Dediyim sözü aşağıdakı bəlgələr təsdiqləməkdədir. Arxivlərdə Qatır Məmmədin quldur dəstəsinin üzvləri haqqında çoxlu bilgi var. Yazının həcmini nəzərə alaraq bu haqda çox danışmayacağam, ancaq əslində Qatır Məmmədin öz xalqına qarşı fəaliyyətini yönləndirən, ona nəzarət edən və 70 illik sovet dönəmindəsə özünü məhz «Qatır Məmmədin silahdaşı» kimi tanıdaraq imtiyazlara yiyələnmiş bir çox ermənilərin adını çəkərək fotolarını göz önünə qoyuram. «Qatır Məmmədin silahdaşı» olmuş həmin ermənilərin öndə gedənləri bunlardır: Aruşanov Martiros, Babalyan Santri, Haykaz, Koçarov Mixail, Koçarov Hamparsum, Qriqoryan Arşak, Veliyan Nazar və b. Onu da göstərim ki, sovet çağında Qatır Məmmədin ermənilərlə «qardaşlığı» nəinki gizlədilmir, hətta «beynəlmiləlçilik» örnəyi kimi qabardılırdı. «…Fəal mübarizlər» kitabı yazır: «Onun dəstəsində… erməni kəndliləri də vuruşurdular» (təbii ki, Azərbaycana qarşı – Ə.T.) (s.139).

«OTUZİLLİKLƏR» DƏ VARDI…

Oxucuda yanlış təsəvvür yaranmasın – Qatır Məmmədin quldur dəstəsində ermənilərdən başqa türk soydaşlarımız da vardı. Bəs kimdi onlar? Bunu da mən yox, arxiv sənədləri deyir: qatı residivistlər, başkəsənlər, öz millətinə düşmən olan amansız quldurlar. Törətdikləri qanlı cinayətlərə görə Cümhuriyyətin ədalət məhkəməsi onların çoxuna 30 il iş kəsmişdi. Dəli Qara, Məmmədov Xankişi, Namazov İsa, Nəbiyev Tapdıq (Yapon Tapdıq) və başqaları həmin «otuzilliklər»dəndi. Sovet hakimiyyəti yalnız «müsavat hökuməti»ndən 30 il iş aldıqlarına görə onları «inqilabçı» qəhrəmana çevirmiş, qatı cinayətkarları bu səbəbdən əzizləmişdi… Əlimdə Qatır Məmmədin quldur dəstəsinin başqa üzvləri haqqında da bilgilər var, ancaq məncə, Azərbaycan istiqlalına qənim kəsilmiş həmin banda haqqında ümumi təsəvvür yaratmaqçün bu dediklərim də yetərlidir.

GƏNCƏLİLƏR ÖZ SÖZÜNÜ DEDİ

Bu yaxında eşitdim ki, Azadlıq və Müstəqilliyimizin beşiyi olan Gəncənin qeyrətli camaatı Qatır Məmmədin sovet dönəmində qoyulmuş uca heykəlini yıxaraq yerlə yeksan edib. Halal olsun gəncəlilərə! Doğrudan da, Gəncə boş yerə Azərbaycan Cümhuriyyətinin ilk paytaxtı olmayıbmış! Bir vaxtlar əlində silah sovet hakimiyyətinə qarşı möhtəşəm üsyan qaldıraraq istiqlalımızı qorumaqçün son anadək çarpışan Gəncə – rus işğalçısı Sisianovla son damla qanınadək vuruşaraq qəhrəmancasına şəhid olmuş Cavad xanın Gəncəsi bu gün də öz azadlıq savaşını aparmaqdadır! Qeyrətli yurddaşlarımız bu günsə savaşı istiqlalımızı məhv edənlərlə aparırlar. Onların sağ əli kommunistlərin adını hələ də yüzlərcə obyektdə əziz bir xatirə kimi qoruyub saxlayan bakılıların başına!

****

Ədalət Tahirzadə: “Şaumyanla birləşib erməniləri başına yığaraq Cumhuriyyətə qarşı üsyan etdi”

1918-20-ci illərdə mövcud olmuş Xalq Cumhuriyyəti dövrünün araşdırmaçısı Ədalət Tahirzadə Azərbaycan tarixində kifayət qədər tanınan, hətta barəsində dastan yazılan və film çəkilən silahlı birləşmə başçısı Qatır Məmməd haqqında sərt danışıb, onu fotolarla ermənilərlə iş birliyində suçlayıb.

Ə.Tahirzadə Qatır Məmmədlə bağlı bunları deyib:

“Kimlərsə bu gün yenə Qatır Məmməddən "xalq qəhrəmanı" düzəltmək istəyir! Şaumyanla birləşərək Cümhuriyyətimizə qarşı üsyan etmiş, erməniləri başına toplayaraq bir çox bəylərimizin qanını axıtmış, nəslini kəsmiş, var-dövlətini tar-mar etmiş bu Vətən və millət xaininə tariximizdə yer yoxdur!!!

Buyurun, onun başına topladığı quldur dəstəsindəki ermənilərlə tanış olun! Adlarını sıra ilə qeyd edirəm: Martiros Aruşanov, Haykaz, Hamparsum Koçarov, Mixail Koçarov, Arşak Avakoviç Qriqoryan, Santri Badalyan, Nazar Veliyan”.

Araşdırmaçı alim daha sonra daha bir neçə foto təqdim edərək onların izahını da verib:

“Bunlar da Qatır Məmmədin quldur dəstəsindəki adı müsəlman, özü ermənidən daha qəddar olan başkəsənlərdir. Bunların hər birinə Cümhuriyyət hökuməti Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə 30 il iş vermişdi. Adlarını sıra ilə yazıram: Dəli Qara, Əli, Xankişi Məmmədov, İsa Namazov, Tapdıq Nəbiyev.
Sonralar sovet hokuməti bunları "inqilabçı" adlandıraraq göylərə qaldırdı. Bu quldur dəstəsinin başqa "müsəlman" üzvləri də yaddan çıxmasın: Abdulla, Allahverdi Qurbanov, Alxas İbrahimov, İdris Şahverdiyev, Ağakişi Yusifov və digərləri...”.

Qeyd edək ki, Qatır Məmməd Gəncə bölgəsində məşhur qaçaq dəstəsinin başçısı olub. Adam öldürdüyü üçün sürgün olunub, ancaq qaçaraq bolşeviklərlə dostlaşıb. Yenidən həbs olunaraq sürgün olunsa da, 1917-ci il rus inqilabından sonra geri dönüb və öz dəsətəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı mübarizə aparıb.
Milli hökumətin hərbi naziri Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirən Qatır Məmməd bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozub.
Qatır Məmməd ölkənin paytaxtı ilə Qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu partladıb ki, Fətəli Xan Xoyskinin başçılıq etdiyi Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində erməni soyqırımına məruz qalmış köməksiz Azərbaycan türklərini erməni-rus vəhşiliyindən qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
Qatır Məmməd Cümhuriyyət hökumətinin qoşunu tərəfindən mühasirəyə alınaraq öldürülüb. Azərbaycan milli hökumətinin ən qatı düşmənlırindən olmuş Qatır Məmməd Sovet Azərbaycanı zamanında xalq qəhrəmanı elan edilib, heykəlləri qoyulub, adına küçələr salınıb. Haqqında kino çəkilib.

ATV.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.