Həbsdəki bankirin həyat yoldaşının ölkədən qaçmasının şok səbəbləri

13-06-2016, 10:06           
Həbsdəki bankirin həyat yoldaşının ölkədən qaçmasının şok səbəbləri
ahangir Hacıyevin xanımı haqda həbs qətimkan tədbiri seçilib; vaxtilə Hacı Məmmədov girovluğunda olmuş Zamirə Hacıyeva 18 milyon mənimsəmədə ittiham olunur...
“Beynəlxalq Bank işi”ndə yeni sensasion məlumatlar yayılıb. Məlum olub ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona gedib.

Bundan əvvəl də Zamirə Hacıyevanın Beynəlxalq Bankın işi ilə bağlı saxlanıldığı haqda xəbərlər yayılmışdı. Lakin Baş Prokurorluq məlumatı təkzib edib. Bununla belə, məlum olub ki, Zamirə Hacıyeva həbs olunmasa da, onun “Beynəlxalq Bankın işi” çərçivəsində istintaqa cəlb olunması doğrudur. Virtualaz.org yazıb ki, Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs qətimkan tədbirini Bakının Nərimanov Rayon Məhkəməsi baş prokurorun müavini Rüstəm Usubovun təqdimatı ilə çıxarıb. Zamirə Hacıyeva mütəşəkkil cinayətkar qruplaşmanın tərkibində 18 milyon manatlıq mənimsəmədə ittiham olunur.

Lakin Z.Hacıyeva barədə məhkəmə qərarından belə məlum olur ki, o, xeyli müddət əvvəl - 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub. R.Usubovun imzaladığı həbs sanksiyasında Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. Ancaq göründüyü kimi, Cahangir Hacıyevin həyat yoldaşı hələ Beynəlxalq Bankın işi üzrə həbslərin başlamasından əvvəl ölkəni tərk edib və onun saxlanılması mümkün olmayıb.

“Yeni Müsavat”ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsi Z.Hacıyeva haqda məlum qərarı 1 iyun 2016-cı ildə verib.

Bu tarixdən az əvvəl C.Hacıyev həbsdən vəkili vasitəsi ilə mətbuata ilginc açıqlamalar verib. “Yeni Müsavat” həbsdəki bankirin məlum açıqlamalarını “Cahangir Hacıyev hakimiyyəti ”içəri"dən silkələyir" başlığı altında dərc etmişdi. Həmin açıqlamlarında C.Hacıyev ondan ittiham üzrə tələb edilən məbləğləri səhmlər şəklində artıqlaması ilə geri qaytardığını bəyan edib...

Hakim Turqay Hüseynovun imzaladığı qərarda qeyd olunur ki, CM-nin 179.3.1 və 179.3.2 maddələri ilə ittiham olunan Zamirə Şirəli qızı Hacıyeva “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyən əri Hacıyev Cahangir Feyzi oğlunun bir neçə cinayətinin törədilməsi üçün bankın bir neçə filialının müdiri ilə birgə cinayət əlaqəsinə giriblər. 2009-cu ildən 2015-ci ilə qədər 18 milyon 429 min manat mənimsəyiblər.

Qərardan aydın olur ki, Z.Hacıyeva ölkəni Bakı Hava Limanı vasitəsi ilə 15 noyabr 2014-cü ildə tərk edib. Həmin tarixdən 27 may 2016-cı ilə qədər istintaqçıların bankirin həyat yoldaşına sualları olmayıb. Həmin tarixdə isə Z.Hacıyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək barəsində CM-in 179 3.1 və 179.3.2 maddələri ilə təqsirləndirlən şəxs qısmində cəlbetmə qərarı qəbul edilib. Lakin Zamirə Hacıyeva ölkədə olmadığından ona ittiham elan edilməsi mümkün olmayıb və bu səbəbdən də Nərimanov Rayon Məhkəməsinə təqdimat verilməklə barəsində həbsli axtarış elan edilməsi haqda qərar verilməsi xahiş olunub. Qərara görə, Z.Hacıyeva saxlanılacağı təqdirdə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçiləcək.

Z.Hacıyevanın barəsindəki qərara diqqət etsək, maraqlı məqamlar üzə çıxır. C.Hacıyev Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə onun ailə üzvü yarıdan çoxu dövlətə məxsus olan bankın pullarını şəxsi vəsaiti kimi sağa-sola xərcləyib. Həmin dövrdə bankda dövləti təmsil edən Maliyyə Nazirliyinin müvafiq qurumlarının nə işlə məşğul olduqları bilinmir. Üstəlik, 2009-2015-ci illər aralığında mətbuatda Beynəlxalq Bankda baş verən qanunsuzluqlar haqda dövri mətbuatda, “Yeni Müsavat” qəzetində saysız-hesabsız yazılar dərc olunub. Həmin yazılardan biri üzrə vaxtında araşdırma başlasaydı, bu gün C.Hacıyevin həyat yoldaşının 18 milyon manat mənimsəməsi faktı üzrə cinayət işi də ortalıqda olmazdı.

* * *

Z.Hacıyevanın adı mətbuatın gündəminə ilk dəfə 2005-ci ilin martında gəlmişdi. Onu həmin ilin fevralında hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi oğurlayaraq əri C.Hacıyevdən külli miqdarda - 15 milyon avro pul tələb etmişdilər. 2005-ci il martın 10-da həyata keçirilən “Qara kəmər” əməliyyatı ilə Hacı Məmmədovun dəstəsi ifşa olundu və Zamirə Hacıyeva girovluqdan azad edildi. Sonradan məhkəməsində H.Məmmədov bildirdi ki, C.Hacıyevdən həyat yoldaşına görə 15 milyon avro tələb etsələr də, ondan 2 milyon avro alıb Z.Hacıyevanı azad etmək niyyətində olublar.

Daha bir maraqlı məqam isə budur ki, film kimi həyat yaşayan Hacıyevlər MTN-in bu əməliyyatından sonra qurumun rəhbəri Eldar Mahmudovla quda olmuşdular. Hacı Məmmədov da məhkəməsində dəfələrlə deyirdi ki, o, osminoqun bir qoludur. H.Məmmədov osminoqun başı haqqında, digər qolları barəsində danışmırdı. O və onunla mühakimə edilənlərin bir çoxu ömürlük həbsə məhkum edildilər. Lakin təkcə H.Məmmədov barəsində məhkəmə hökmü çıxarılandan sonra ömürlük məhbusların saxlanıldığı Qobustan Qapalı Həbsxanasına köçürülmədi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad edilənə qədər, qanunlara zidd olaraq 10 ildən artıq bir müddətdə H.Məmmədovun MTN təcridxanasından köçürülməsinə imkan vermədi. Həmin müddət ərzində isə Eldar Mahmudovun qudası, Beynəlxalq Bank rəhbəri C.Hacıyev bankın pul vəsaitlərini özünün istədiyi kimi xərcləməyə imkanlar əldə etmişdi.

Bütün bunları bir təsadüf hesab etmək sadəlöhvlük olardı və gec-tez araşdırılması labüddür. Amma vaxtında araşdırma aparılsa, Z.Hacıyevanın misalında olduğu kimi dövlətə vurulan ziyanların da qarşısını almaq mümkün olar. Qeyd edək ki, C.Hacıyevin həbsindən sonra onun banka rəhbərliyi dövründə 6 milyarddan çox vəsaitin kredit şəkilində müxtəlif nazirlərin xahişi ilə ayrı-ayrı şəxslərə verildiyi üzə çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.