Papanın Ermənistan səfərinin digər məqamları: - mətbuat azadlığı ilə bağlı ciddi problemlər var

15-07-2016, 13:57           
Papanın Ermənistan səfərinin digər məqamları: - mətbuat azadlığı ilə bağlı ciddi problemlər var
İtaliyanın "İl Primato Nazionale" xəbər portalında Alberto Paladdinonun müəllifi olduğu "Papa Frensisk boğulan azadlıqlar və sosial gərginlik arasında olan Ermənistanda" adlı məqalə dərc olunub.

Məqalə qeyd olunur: "Papa 2016-cı ilin bu aylarında Qafqaza səfər edir. 24-26 iyun tarixlərində Ermənistanla başlayan bu səfər 30 sentyabr - 2 oktyabr tarixlərində Gürcüstan və Azərbaycanla davam edəcək. Təsadüfi deyil ki, səfərin proqramı da təfərrüatlı olaraq son günlərdə yayılmışdır. Amma Roma Papasının xristian Ermənistana səfəri bu ölkədəki yerli xristian icmalarını, qədim erməni kilsəsini ziyarət etmək kimi dini xarakterli ziyarət olmaqla yanaşı, bəlkə də bu ölkədə gərginliyi artıran xoşagəlməz hadisələrə də şərh verməli idi. İnsan hüquqlarının müdafiəsinə çalışan aktivistlərin etirazları elə Frensiskin təyyarədən enməsi ərəfəsində başlamış və Papanın bütün səfəri zamanı davam etmişdir. Hadisələrin mərkəzində isə ofisi Fransada yerləşən Ermənistandakı siyasi məhbuslar komitəsinin müraciəti dayanırdı və Papa Frensiskdən Dağlıq Qarabağ münaqişəsininə aid faciəvi hadisələrin mərkəzində dayanmış Zhirayr Sefilyanın azad olunması bəradə olan petisyaya qoşulması istənilmişdi. Ermənistanda çoxları tərəfindən milli qəhrəman hesab olunan və müharibədəki xidmətlərinə görə birinci dərəcəli medalla təltif olunmuş Zhirayr bir müddətdir ki, antidemokratik tərzi və erməni siyasi aparatında tüğyan edən geniş korrupsiya ilə bağlı prezident Serj Sarkisyanı tənqid edən “yeni erməni cəbhəsi” adlı siyasi qrupun təşviqatçısıdır".

Bildirilir ki, komitə Papanı prezidentin opponentlərinin həbs probleminə biganə qalmamağa və məhbuslarla bağlı vasitəçilik üçün Ermənistan rəhbərliyi ilə müzakirə aparmağa çağırıb: "Zhirayr Sefilyan bu ilin aprelində digərləri ilə birgə bir sıra mühüm dövlət binalarına hücum təşkil etmək və müxtəlif silah saxlamaq ittihamı ilə 20 iyun tarixində həbs edilib. Bu səbəbdən Sefilyan məhkəmə tərəfindən ona qarşı məhdudlaşdırıcı tədbir kimi həbs qərarı verildikdən sonra həbsxanaya göndərilmişdir, lakin aktivistlər bildirirlər ki, bu saxta ittihamın əsasında məqsəd Ermənistanın siyasi panoramasında narahatlıq yaradan bir səsi boğmaqdır. Sefilyan erməni xalqının yoxsullaşması, Ermənistanın beynəlxalq nüfuzunu itirməsi, aprel döyüşlərində Azərbaycan ordusuna məğlub olması, iqtisadiyyatın dağılması və bu gün ona nəzarət edən və sərhədlərini qoruyan Rusiya kimi başqa bir dövlətdən tam asılı vəziyyətə düşdüyünə görə hakimiyyətdə olan xuntanı davamlı olaraq tənqid edir, onu avtoritar, cinayətkar adlandırır. Etirazın digər səbəbi isə prezident Serj Sarkisyana artıq 2018-ci ildə başa çatacaq ikinci prezidentlik müddətindən sonra hakmiyyəti öz nəzarəti altında saxlamağa imkan verən Ermənistanda 2015-ci ildə keçirilmiş "qeyri-demokratik" referendumla bağlıdır. Avropa Şurası Parlament Assambleyasının müşahidəçilərinin verdiyi bəyanata görə referendum ciddi saxtakarlıqla keçirilmişdir".

Məqalədə deyilir ki, Ermənistanda siyasi məhbusların sayı 14 nəfərdən ibarətdir və onlar üçün insan hüquqları komitələri uca səslə mübarizə aparırlar: "Söhbət Voloda Avetisyan, Şant Arutunyan, Alek Poqosyan, Avetis Avetisyan, Liparit Petrosyan, Vardan Vardanyan, Vage Mkrtıçyan, Albert Marqaryan, Sevak Mnaçakanyan, Ayk Arutunyan, Mkrtıç Ovannisyan, Ayk Kureqyan, Gevork Safaryan və nəhayət Zhirayr Sefilyandan gedir. Papanın səfəri münasibətilə bu məhbus aktivistlər üçün vətəndaş cəmiyyətinin təşəbbüsü ilə "fleşmob" təşkil etmək düşünülmüşdü, lakin radikal müxalifət qrupu sayılan "Ermənistanın təsis parlamenti" (Armenia’s founding parliament) tərəfindən verilmiş şərhə görə, polis etiraz tədbirini dağıtmaq üçün yüzlərlə insanın azadlıq və hərəkət hüququnu pozub. “Polisin hərəkətləri qanunsuzdur və əsas insan hüquq və azadlıqlarını pozur”, - deyə qrupun bəyanatında qeyd olunur və əlavə olunur ki, yeni həbs olunanlar arasında bu şəxslər ola bilər: Şahen Harutyunyan, Qagik Yegiazartyan, Ramik Manukyan, Tiqran Manukyan, Vahram Petrosyan, Paylak Tevanyan, Tiqran Mazmanyan, Tiqran Kirişçyan, Elmon Yegnukyan, Mikayel Nazaryan, Sergey Kyureqyan, Nerses Gevorkyan, Sevak Manukyan və Hovannes Qazaryan. Həmçinin Papa ilə görüşü nəzərdə tutulan və ona məktub çatdırmalı olan məşhur erməni yazıçısı Qaspari polis tərəfindən həmin məktubun mətnini yoxlamaq bəhanəsi ilə saxlanılmışdır.

Qeyd etmək lazımdır ki, bu ilin əvvəllərində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Forumunun Direktorlar Komitəsi Ermənistan rəhbərliyi tərəfindən vətəndaş və siyasi fəalların insan hüquqlarının pozulması hallarının artması ilə bağlı narahatlığını bəyanat edib: "2016-ci ilin əvvəlindən Ermənistan hakimiyyəti siyasi opponentlərə qarşı repressiyaları gücləndirib və daha bir nəfərin həbs edilməsi ilə siyasi məhbusların sayı 13-ə çatıb. Hakimiyyətin hazırda həbsxanada olan məhbuslara qarşı təzyiq məqsədilə amansız üsullardan istifadəsi vəziyyəti daha da ağırlaşdırıb. “Gənc müxalifətçi, vətəndaş fəalları və hüquq müdafiəçilərinə qarşı hücumlar və təhdidlər davamlı hal almaqdadır”, - Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun cari ilin 1 fevral tarixli press-relizində deyilir. Ağır məhdudiyyətlər və insan hüquqlarının pozulmasından nadir hallarda danışan mətbuat şəffaf məlumatlar təchiz edən və Ermənistanın sonuncu müxalifətçi KİV-i olan "İlkin məlumat” portalının bağlanması xəbərini yaymışdır. 2010-cı ildən fəaliyyət göstərən bu portal Ermənistanda obyektiv məlumat çatdıran əsas KİV olmağa çalışırdı. Portal öz fəaliyyətinə xitam verməklə bağlı mətbuat açıqlaması yaymışdır".

Qeyd olunur ki, digər tərəfdən, bu epizod Ermənistanda mətbuat azadlığı ilə ciddi problemlərin mövcud olduğunu göstərir: "Xatırladaq ki, 23 iyun 2015-ci il tarixində İrəvanda ictimai nümayişi izləyən müxtəlif KİV-lərdən olan jurnalistlər polis tərəfindən təhqir olunmuş, onlarla pis rəftar olunmuş, həbs edilmişlər. Bundan əlavə, ötən ilin 6 dekabr tarixində Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum keçirilərkən jurnalistlərin öz funksiyalarını yerinə yetirməsinə mane olan bir sıra ciddi hallar da baş vermişdir. Hər iki halda, media azadlığı üzrə ATƏT-in nümayəndəsi Dunya Miyatoviç jurnalistlərə qarşı maneələr və təhdidlərin olmasına görə narahatlığını bildirmiş və əlavə etmişdir ki, jurnalistlərin təhlükəsizliyi hər an təmin edilməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.