Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - ARAŞDIRMA + VİDEO

28-03-2024, 16:14           
Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - ARAŞDIRMA + VİDEO
Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub.

Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu ad ona vəftiz zamanı verilib. Amma valideynləri sonradan fikirlərini dəyişiblər və uşağa XVIII əsrdə yaşayan Peru inqilabçısı II Tupak Amarunun adını vermək qərarına gəliblər. Şakur soyadını isə Tupak doğma atası oğlunun doğulmasını gözləmədən ailəni tərk etdiyinə görə ögey atasından alıb.

Tupakın 17 yaşı olanda ailəsi Baltimordan Kaliforniyanın Marin-Siti şəhərinə köçmək məcburiyyətində qalıb. Şakurun anası tezliklə narkotikə aludə olub və Tupak da narkotikə qurşanıb. Qəribədir ki, ailə cinayət və zorakılıqdan qaçmaq üçün Nyu-Yorkdan köçür, lakin burada daha çox təhlükə və bədbəxtlik ilə üzləşir.

Tupak Şakur kriminal həyat tərzi yaşayırdı, bunu heç gizlətmirdi.

1993-cü ildə Tupak Şakur iki polis əməkdaşını güllələyir və qanun onun tərəfini tutur. Məsələ burasındadır ki, polislər sərxoş olublar və Şakur onları maşınına mindirmək istəməyəndə ona hücum ediblər. Üstəlik, polislərin özlərində oğurluq silah olub. Onlar məhkəmədə çaşqın və yalan ifadələr veriblər. Dava polisin qaçması ilə başa çatıb, lakin Şakur hər ikisini güllələyib. Bu, özünümüdafiə hesab olunub.

1995-ci ildə Tupak bir fanata cinsi təcavüz etdiyinə görə 4 il həbs edilir. Oradakı hekayə bütün əvvəlki hallarda olduğu kimi qaranlıqdır. Tupak Şakur dustaqxanada bir il belə qalmadan azadlığa buraxılır. Bu, “Death Row” səsyazma studiyasının rəhbəri tərəfindən verilən təxminən 1,5 milyon dollarlıq girov sayəsində baş verir. Leyblın rəhbəri Şuq Nayt sənətçinin qarşısına şərt qoyur: o, Tupakın imzaladığı müqavilə müqabilində azadlığa buraxılacaq. Şakur 3 yeni albom buraxmalı olur.

7 sentyabr 1996-cı il tarixində Tupak Las-Veqasda naməlum şəxslər tərəfindən güllələnərək öldürülür. Bu, Şakur və onun meneceri ilə Mayk Tayson və Brüs Seldon arasında keçirilən boks matçında iştirak etdikdən sonra baş verir. Şakur menecerinin “BMW 750i” avtomobilinin sərnişin oturacağında əyləşir. Yol kəsişmələrinin birində ağ rəngli “Cadillac” avtomobilin yanında dayanır və oradan naməlum şəxslər reperi güllələyirlər. Onun mühafizəçiləri hücum edənləri təqib etsələr də, nəticəsi olmur.

Ən çox yayılmış versiya Orlando Andersonun qisası olsa da, qətl bu günə qədər açılmamış qalır. Bundan başqa, məlumdur ki, Şakurun ölümündən az sonra Orlandonun hesabına külli miqdarda pul daxil olmağa başlayır və buna görə də qətlin əsl sifarişçisinin qarşı tərəfin lideri olan repçi Notorious B.I.G. olması versiyası yaranır. Əvvəllər yaxşı dostlar olan repçilər sonradan güclü rəqibə çevriliblər və fanatları da “şərqçi-qərbçi” olaraq bölünmüşdü. 1997-ci ildə Notorious da güllələnərək öldürülür.

Açıqlanmamış vəsiyyətinə uyğun olaraq reperin qaradərili qardaşları qazlı su, toyuq qanadları, yəni Tupakın sevdiyi yeməklərini alıb, sahildə dostunun külünü marixuanaya qarışdıraraq siqaret kimi çəkirlər və “Bunu dostumuz özü istəyib” deyirlər.

Dostları onun ölümünün sadəcə gözdən uzaqlaşmaq üçün bir yalan olduğunu, bir gün onun geri dönəcəyini də söyləyiblər.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.