"Təhsil ödənişindən "asılı" qalan universitet, bəzən tələbənin şıltaqlığına dözməli olur"
24-04-2024, 11:28
Ötən gün sosial şəbəklərdə bir status qarşıma çıxdı. Ali təhsil müəssisələrindən birinin tələbəsi universitetin onun saqqal saxlamasına iradı olduğunu dilə gətirirdi. Tələbə yazır ki, ona tapşırılıb dərsə saqqalını qırxıb gəlsin. Əslində tələbələrin dərsə saqqallı gəlməsi həqiqətən yaxşı hal deyil. Çünki tələbənin xarici görünüşünün nizam-intizamla, dərsə olan məsuliyyəti ilə birbaşa əlaqəsi var. Yəni xarici görünüşünə diqqət yetirməyən tələbə, heç təhsilinə də diqqət yetirməz. Bəs aksesuarlar, geyim tərzi və ya saqqal saxlamaqla bağlı hansısa məhdudiyyətlər varmı?
Təhsil məsələləri üzrə ekspert İlham Əhmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Elm və Təhsil Nazirliyi səviyyəsində tələbələrin zahiri forması, geyimi, saqqal saxlaması və s. ilə bağlı hər hansı tələb yoxdur. Hər bir universitetin öz daxili nizam-intizam qaydaları var. Elmi şuranın qərarı ilə nizam-intizam qaydalarına tələbələrin sadə geyinməsi, cırıq cinslər geyinməməsi, saqqal saxlamaması və s. ilə bağlı əlavələr edilə bilər.
“Hər şey əslində geyimdən, xarici görünüşdən başlayır. Tələbənin ciddiliyi, dərsə münasibəti və universitet haqqında təəssürat onun xarici görünüşü ilə müəyyən korrelyasiya yaradır”-deyə ekspert vurğulayıb. Birinci kursdan tələbələrə universitetin daxili nizam-intizam qaydalarını izah etmək və bu qaydalara əməl etmək tələb olunmalıdır. Tələbə ilə bağlanan təhsil müqaviləsində də bu maddələr əks olunmalıdır.
“Xoşagəlməz vəziyyət var. Saqqal saxlayanların sayı xeyli çoxalıb. Kimlərsə dini əqidəsinə görə saqqal saxlayırlarsa, onlarla da hər hansı bir formada danışıb, izah etmək olar. Hər bir dində elm və təhsil yüksək qiymətləndirilir. Peyğəmbərimiz deyir ki, 1 saat elm öyrənmək 70 illik ibadətdən üstündür. Saqqal saxlamaq da ibadətin bir forması ola bilər. Amma elm-təhsil gənc üçün daha vacibdir. Hətta lazım olsa, Çinə də bu məqsədlə getmək tələb edilirsə, onda saqqalı bir az səliqəyə salmaq və təhsil mühitinə uyğunlaşmaq daha yaxşı deyilmi?
Dini əqidəsinə görə saqqal saxlayanların sayı elə də çox deyil, onlara hansısa bir formada güzəşt etmək də olar. Amma ümumən universitetlərdə bu məsələlərlə diqqət verilməlidir. Universitetlər çox məsələlərdə tələbələrə güzəştə getməli olurlar. Çünki universitetlər maliyyə baxımından tələbələrdən asılıdır. Hər tələbə universitetin büdcəsinə pul gətirir, ona görə tələbəni qovmaq, tələbəyə hansısa iradlar bildirmək universitet üçün olduqca çətindir. Düşünülür ki, tələbə birdən ciddi qadağalar səbəbi ilə bu universitetdən çıxar və başqa təhsil müəssisəsinə gedər. Amma bütün universitetlərdə eyni tələblər olsa, tələbə elə öz universitetində qoyulan intizam qaydalarına əməl etməklə təhsilini davam etdirər. Hazırda universitetlərin maddi sıxıntıları imkan vermir ki, tələbələrə qarşı tələbkar olsun.
İlham Əhmədov bu məsələ ilə bağlı universitetləri qınamır. Ekspert qeyd edib ki, nazirlik universitetləri publik hüquqi şəxs edib. Bu da o deməkdir ki, universitetlər pul qazanıb özünüzü saxlamalı və nazirlikdən kömək gözləməməlidir. Bizim universitetlər yalnız təhsil ödənişlərindən pul qazana bilirlər. Çünki illər ərzində universitetlərə heç bir inverstisiya edilməyib, inkişaf olmayıb, innovasiyalar yaradılmayıb, elmin səviyyəsi zəifləyib, elmin kommersiyalaşdırılması imkanı yoxdur və s.
“Azərbaycanın bir çox universitetlərində təhsil haqqı 1500-2000 manat civarındadır. Bu da universitetin nəinki inkişafına və mövcud vəziyyətdə öz ehtiyaclarını təmin etməsinə yetərli deyil. Hətta keçən il nazir özü qeyd etmişdi ki, “1500 manata mühəndis hazırlamaq olmaz”. Düz deyir. Əgər dövlət maliyyə vermirsə, qrant vermirsə, sponsorlar yoxdursa, elmi tədqiqatlara özəl və dövlət qurumları sifariş vermirsə, heç bir maliyyə yardımı yoxdursa, onda tələbələrin təhsil haqqı 4-5 min manat olmalıdır ki, universitet tədricən inkişaf etsin. Amma bizim universitetlərin verdiyi təhsilin keyfiyyəti 5 minlik deyil, universitetlər də qiyməti artıra bilmirlər. Heç əhalinin də bu məbləği ödəmə imkanı yoxdur. Hər il minlərlə tələbə heç 1500 manatlıq təhsil haqqını ödəyə bilmir, universitetdən xaric olunur.
Bu səbəbdən də, bu problemlər universiteti məcbur edir ki, “tələbələrin nazı ilə oynasın”, onların bütün şıltaqlığına dözsün”-deyə İlham Əhmədov bildirib. İstənilən halda, tələbələr səliqəli olsalar daha yaxşı olar.
İradə Cəlil, Bizimyol.info