"Qida zəhərlənmələrinin sayı gizlədilir" - Ekspert

9-05-2024, 10:34           
"Qida zəhərlənmələrinin sayı gizlədilir" - Ekspert
Son vaxtlar ölkədə qidadan zəhərlənmə halları xeyli artıb. Hətta qida zəhərlənmələrindən ölənlərin sayında da artım müşahidə olunur. Bir müddət əvvəl Şəmkirdə 9 nəfər, Lerikdə 11 nəfər, ötən gün isə Zaqatalada 40 nəfər dönərdən zəhərlənib.
Qeyd edək ki, bir müddət əvvəl, Xalq yazıçısı Çingiz Abdullayev, ardınca Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndəsi də qidadan zəhərlənib. Mayın 7-də isə Səbail rayonu ərazisində yerləşən “My Music” hotelində də qidadan zəhərlənmə halı qeydə alınıb. 4 nəfər kişi qidadan zəhərlənib, onlardan 2-si vəfat edib. Zərərçəkənlərin ailə üzvləri qeyd ediblər ki, oteldə verilən göbələk onları zəhərləyib.
Qida Təhlükəsiliyi Agentliyindən bildirilib ki, ötən il 763 nəfər qidadan zəhərlənib. Onlardan 143-ü təsdiqini tapmış zəhərlənmə faktıdır. Qida zəhərlənməsi ilə əlaqədar qeydiyyata alınmışların sayı 1128 nəfərdir. Təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı isə 285 nəfər təşkil edir. Zəhərlənmədən ölənlərin sayı 2 nəfər olub.
Ekspertlər deyir ki, Azərbaycanda qida zəhərlənmələri ilə bağlı statistika real deyil və həqiqətdə göstərilən rəqəmdən daha çoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az-a bildirib ki, il ərzində baş vermiş qida zəhərlənməsinin çox cüzi hissəsi hesabatlarda öz əksini tapır:
“Zəhərlənmələrin dəqiq sayı gizlədilir. Ən pisi də odur ki, qida zəhərlənməsinə görə heç bir ciddi iş görülmür. Normalda qidadan zəhərlənməyə görə xidmət göstərən təşkilat tərəfindən vətəndaşa kompensasiya verilməlidir. Amma bizim cəmiyyətdə belə hala çox nadir hallarda rast gəlinir. Qəribədir ki, qidadan zəhərlənən vətəndaş müalicəni çox zaman öz vəsaiti hesabına aparır. Bu, sadəcə, anormallıqdır”.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, yay ayarında temperatur yüksək olduğu üçün istənilən bişirilən yemək otaq temperaturunda 1 saatdan artıq qaldıqda onun tərkibində kimyəvi, fiziki, bioloji, mikrobioloji çirklənmələr baş verir. Bu qida qəbul edildikdə zəhərlənməyə səbəb olur:
“Göbələklərin açıq ərazidən, meşədən toplanması tövsiyə olunmur. Çünki onların arasında zəhərli olan və olmayanları var. Bəzən “rəngli göbələklər zəhərlidir” deyirlər. Ancaq yeyilə bilən göbələklərə bənzər göbələklər də var ki, onlar insan üçün təhlükə törədə bilər. Hər bir insan qida alergiyasının olub-olmamasını dəqiq bilməlidir. Göbələkdən istifadə edildikdə mənşəyi məlum olan, marketlərdə, bazarlarda sərin yerdə, doğru şəkildə saxlanılanları almaq lazımdır. Bu yüksək risk qrupuna aid olan ətlərə də aiddir. Ət də uzun müddət açıq havada qalmalı deyil. Bir dəfə donu açılıb bişirilməlidir”.
M.Hüseynova vurğulayıb ki, ictimai-iaşə obyektlərində və istirahət mərkəzlərində qida seçərkən xüsusilə yay aylarında çox diqqətli olmaq lazımdır. Ət, toyuq və süd məhsulları yüksək risk qrupuna aiddir. Bu məhsullar soyuducuda saxlanılmalıdır. Yalnız istifadə olunan zaman soyuducudan çıxarılmalıdır:
“Təəssüf ki, bəzi istirahət mərkəzlərində və digər ictimai-iaşə obyektlərində qidalara düzgün şəkildə nəzarət olunmur. Təbii ki, belə olan halda zəhərlənmələrin baş verməsi qaçılmazdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.