Milyondan artıq seçicinin adı niyə siyahılarda yoxdur? – ARAŞDIRMA

11-07-2024, 00:06           
Milyondan artıq seçicinin adı niyə siyahılarda yoxdur? – ARAŞDIRMA
Prezidentin köməkçisi Zeynal Nağdəliyev bildirib ki, Azərbaycanda 6 milyon 334 min 444 seçici var. Bu, təxminən ölkə əhalisinin 60 faizindən bir qədər artığının adının seçici siyahısında olması deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il may ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 10 milyon 193 min 571 vətəndaş mövcuddur. Həmin qurum bildirir ki, 2023-cü ildə 0-17 yaşlı uşaqların sayı 2 milyon 634 milyon nəfər olub. Lakin Komitənin təqdim etdiyi rəqəmlər arasında 17-18 yaşadək yeniyetmələrin sayı ilə bağlı məlumat yoxdur. Dövlət qurumu bu yaşdakı yeniyetmələrin statistikasını aparmayıb. Bu yaş qrupunu orta məktəb məzunlarının sayı ilə təqribi müəyyənləşdirmək mümkündür. 2024-cü ildə və daha əvvəlki illərdə Azərbaycanda hər il 11-ci sinfi 100 minə yaxın şagird bitirib.

Qanunvericiliyə görə 18 yaşına çatmış Azərbaycan vətəndaşları seçkilərdə səsvermə hüququna malikdir. Beləliklə, vətəndaşların ümumi sayından 0-17 yaş qrupunda, 17-18 yaş aralığında olanları və adları seçici siyahısında olan vətəndaşları çıxsaq, belə mənzərə yaranır

10 milyon 193 min 571:

- 6 milyon 334 min 444

- 2 milyon 634 min

- 100 min nəfər

= 1 milyon 124 min 556 min nəfər.

Deməli seçki hüququ olan vətəndaşların 1.1 milyondan çoxunun adı seçici siyahısında yoxdur. Dərhal ağıla gəlir ki, onlar Rusiya və başqa MDB ölklərinə, eləcə də Türkiyəyə, bəzi Avropa ölkələrinə üz tutmuş əmək miqrantlarıdır. Amma paradoksal vəziyyət yaranır: əgər ölkəni tərk etmiş insanlar Azərbaycan vətəndaşları kimi statistikada qalırsa, onların adları seçici siyahısında da göstərilməlidir.

O da mümkündür ki, neft bumu illərində Bakıya və digər iri şəhərlərə əyalətlərdən köçən vətəndaşların bir qismi seçici siyahılarından kənarda qalıb. Statistika qurumları və Mərkəzi Seçki Komisiyyası onların uçotunu düzgün aparmayıb. Hər halda seçki hüququ olan 1.1 milyon nəfərin adlarının seçici siyahısında hansı səbəbdən olmaması araşdırılmalı və ictimaiyyətə bu barədə dolğun məlumat verilməlidir. (AzPolitika.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.