Alimlər günəş sistemində Yerə yaxın ən soyuq yeri aşkarlayıblar
17-08-2024, 17:24
London Universiteti və Uorik Universitetinin (Böyük Britaniya) alimləri belə qənaətə gəliblər ki, Günəş sistemində ən soyuq yer Yerə yaxın ərazidə - Ayın səthində yerləşə bilər. Kosmik aparatların müşahidələrinin göstərdiyi kimi, Ayın bəzi sahələri uzaq Plutondan daha soyuqdur.
Müvafiq araşdırmanı "Live Science" elmi portalı dərc edib.
Mütəxəssislər 2009-cu ildə Ayın cənub qütbündəki kölgəli kraterlərdə NASA-nın ətraf mühitin vəziyyətini qiymətləndirən Ay Kəşfiyyat Orbiti missiyasının məlumatlarını təhlil ediblər. Ölçmələrə əsasən, bu yerlərdə temperatur -248,15°Selsi (25° Kelvin) təşkil edir.
Müqayisə üçün deyək ki, Plutonun səthinin orta temperaturu -232,75°Selsi (40,4°Kelvin) təşkil edir.
Alimlər əmindirlər ki, Ayın cənub qütbünün Merkuridən Mars və Yupiter arasındakı asteroid qurşağına qədər daxili Günəş sisteminin ən soyuq yeri olaraq qalır.
Bununla belə, Ay kraterləri Neptunun orbitindən kənarda geniş kosmik buz sahəsi olan Oort buludundan daha isti ola bilər. Oort buludunda temperatur -268,15° Selsiyə (5° Kelvin) çatır ki, bu da mütləq sıfıra yaxındır.
Tədqiqatçılar qeyd ediblər ki, buludun özü o qədər uzaqdadır ki, onu Günəş sisteminin hissəsi hesab etmək olmaz, baxmayaraq ki, elm adamlarının bu məsələdə müxtəlif fikirləri var. Yerlə Oort buludunun yaxın sərhədi arasındakı məsafə 2000 astronomik vahiddir ki, bu da Yerlə Günəş arasındakı məsafədən 2000 dəfə artıqdır.