Sürücülüyə yararlılıq barədə arayışın etibarlılıq müddəti azaldılıb - Ekspertlər nə deyir?
17-08-2024, 15:22
Sürücülük vəsiqəsi imtahanına buraxılış üçün alınan sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın etibarlılıq müddəti 3 ildən 1 aya qədər azaldılıb. Əvvəllər sürücülük vəsiqəsi almaq məqsədi ilə imtahana hazırlaşan şəxslər bir dəfə sürücülüyə yararlı olmaq haqqında arayış əldə etməklə 3 il ərzində həmin sənədlə təkrar imtahanlara buraxılırdılar. Bundan sonra isə belə olmayacaq. Çünki tibbi arayışın etibarlılıq müddəti 30 günədək azaldılıb.
Ekspertlər nə düşünürlər?
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rövşən Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, bu addımı düzgün hesab etməyib:
"Hər ay bu tibbi arayışın alınması məntiqli deyil. Çünki normalda insanlar 6 aydan bir tibbi müayinədən keçirlər. İmtahandan kəsilən şəxslərin növbəti imtahanlarda iştirak etmək üçün yenidən bu arayışı almağı maddi baxımdan onlara ziyandır. Aparıcı ölkələrdə həmin sağlamlıq haqqında arayışın etibarlılıq müddəti 6 aydır".
"Sürücülüyə yararlı olmaq haqqında arayışın etibarlılıq müddətinin 6 ay olması daha yaxşıdır"
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da Sputnik Azərbaycan-a bildirib ki, əgər tibbi təşkilat sağlamlıq haqqında arayışın etibarlılıq müddətinin çox olduğunu düşünürsə, yəqin onlarda bununla bağlı müəyyən araşdırmalar var:
"Ancaq düşünürəm ki, tibbi arayışın etibarlılıq müddətinin 1 ay olması çox azdır. Ən azından bu tibbi arayışın etibarlılıq müddətinin 6 ay olması daha məqbul hesab edilə bilər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bu arayışın müddəti məsələsinə yenidən baxması yaxşı olardı. Sürücülük vəsiqəsi almaq üçün imtahana gedən şəxslərin bir çoxu ilk imtahanda uğur qazana bilmir və növbəti imtahanlara girirlər. Bu zaman isə həmin arayış qüvvədən düşmüş olacaq. Ona görə də bu tibbi arayışın etibarlılıq müddətinin 1 ay olması olduqca azdır, bunun 6 aya qədər uzadılması yaxşı olar".
Bu tibbi arayışın etibarlılıq müddəti niyə azaldılıb?
Bakı Baş Səhiyyə Mərkəzinin şöbə müdiri Ceyhun Məmmədli mediaya açıqlamasında deyib ki, 3 il zaman kəsiyində vətəndaşın sürücülüyə uyğun sağlamlığını itirmək ehtimalı çox böyükdür:
"Bu halda arayış şəxsin sağlamlığını doğru əks etdirməmiş olur. Bu səbəblə sürücülüyə yararlılıq barədə tibbi arayışın qüvvədə olma müddəti 3 ildən 30 günə qədər azaldılıb".
TƏBİB-in əməkdaşı Aygün Xəlilova mediaya açıqlamasında deyib ki, həmin arayışlarda etibarlılıq müddəti 3 il deyil, 1 ay şərti olaraq qeyd edilir. Onun sözlərinə görə, müayinəsi aparılan vətəndaşda 1 ay sonra hər hansı bir ciddi problem yarana bilər:
"Buna görə də onun təkrar yoxlanması zəruridir. Arayışın yararlılıq müddətinin 1 ay qeyd olunması şərti xarakter daşıyır. Bu arayış vətəndaşın mövcud sağlamlıq durumunu qiymətləndirir".
O bildirib ki, vətəndaşlar sürücülüyə yararlı olmaq haqqında tibbi arayışı elektron olaraq da əldə edə bilərlər:
"Hər iki halda tibb müəssisəsinə ilkin müraciət, laborator analizlərin verilməsi, həkim qəbullarından keçmək zəruridir. Bu arayışı müayinələrdən keçdikdən sonra elektron formada da əldə etmək mümkündür".
Sağlamlıq haqqında arayış niyə ödənişlidir?
Qeyd edək ki, sürücülük vəsiqəsi almaq üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışın verilməsinə görə rüsum 50 manatdır.
Keçən il TƏBİB-in yaydığı məlumatda bildirilib ki, tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır:
"Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər icbari tibbi sığortanın xidmətlər zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər icbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisəsinə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır. Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır".
Qeyd edilib ki, məqsədimiz vətəndaş müraciət etdikdə onun sağlamlığını müəyyən etmək, bütün profilaktik müayinələri həyata keçirməkdir:
"Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir".
Məlumatda bildirilmişdi ki, tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib.