Kərə yağının qiyməti süni şəkildə qaldırılır?
19-08-2024, 18:14
Kərə yağının qiyməti süni şəkildə qaldırılır?“Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb. Bunu Dövlət Statistika Komitəsinin yaydığı statistik rəqəmlər də təsdiqləyir. Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur. Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər. Yağlı süd yağsız südlə müqayisədə daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, həmişə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır. Beləliklə, dünya bazarında yağ bahalaşır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Bu səbəbdən də bahalaşmanın Azərbaycana təsiri qaçılmazdır”.
Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O deyib ki, qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər:
“Bazarda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur. Lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin”.