Sabiq nazirin bağının gözətçisi dəmir paçası ilə bir neçə nəfəri niyə döyüb? - TƏFƏRRÜAT
20-08-2024, 18:18
Sabiq rabitə naziri Əli Abbasovun bağında gözəntçi işləmiş şəxs dəmir parçası ilə bir neçə nəfəri döydüyü üçün saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Qaradağ rayonu, Səngəçal bağları deyilən ərazidə baş verib.
Hadisə 2021-ci ildə baş versə də, tərəflər arasında mübahisə davam etdiyindən cinayət işi 2024-cü ildə yenilənib. 1984-cü ildə Bakı şəhərində doğulmuş Saleh Cəfərov (soyad şərti) həmin ərazidə keçmiş rabitə naziri Əli Abbasovun bağında işləyib. Hazırda isə Əbülfəz adlı şəxsin bağında işləyir.
Mübahisə isə Ekologiya və Təbi Sərvətlər Nazirliyində Balıq artırma zavodunda vəzifədə işləyən Amil adlı şəxsin ona tapşırdığı yerə görə baş verib. Amil aylıq ona 300 manat pul verməklə Səngəçal bağlarındakı çimərlik ərazisinə yaxın yerə də nəzarət etməyi tapşırıb.
Həmin ərazi isə sənədlə Rüstəm adlı şəxsə məxsus olub. Rüstəm yaxınları ilə həmin əraziyə gəlib, həyətə daxil olarkən Saleh onlarla mübahisə edib. Mübahisə davaya çevirilib və təqsirləndirilən şəxs dəmir parçası ilə Rüstəmi vurub. Daha sonra Rüstəmin yanında gələn şəxslərə də hücum edib.
Zərərçəkmiş şəxs deyib ki, Saleh həmin ərazidə ayrı-ayrı vətəndaşlara məxsus torpaq sahələrini özününki kimi təqdim edərək zəbt etməklə yanaşı, tapdığı müştərilərə vətəndaşlara məxsus torpaq sahəsini göstərərək satıb. Ona məxsus torpağı da satmaq istəyib. Buna görə aralarında illərdir ki, mübahisə yaşanır. Ona görə də Rüstəm məhkəmədə təqsirləndirilən şəxsi cəzalandırılmasını istəyib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Qeyd edək ki, Əli Abbasov 2004-2014-cü illərdə rabitə və informasiya texnologiyaları naziri, 2014-2016-cı illərdə rabitə və yüksək texnologiyalar naziri olub.