Lənkəranda kişinin müəmmalı ölümü: "Söz vermişdilər ki, iki günə ayağa qalxacaq"
28-08-2024, 09:28
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş vermiş ölüm hadisəsinin bəzi detalları məlum olub. Belə ki, Lənkəran şəhər sakini, 54 yaşlı Mübariz Şərifov ürək problemi ilə əlaqədar xəstəxanaya müraciət edib. Mərhumun oğlunun sözlərinə görə, Şərifov əməliyyat zamanı dünyasını dəyişib:
"Hansı səbəbdən ölməsi barədə bizə məlumat verilmir. Atamda heç bir ciddi problem yox idi, sadəcə müayinəyə gətirmişdik. Ürəyində problem var idi, dedilər ki, infarkt keçirə bilər və təcili əməliyyat olunmalıdır. Əməliyyatdan sonra iki günə ayağa qalxacaq deyirdilər, bizə belə söz vermişdilər".
Mərhumun qohumu əlavə edib: "Rəhmətlik sağlam şəkildə xəstəxanaya gəlmişdi. Heç bir problem yox idi, hər şey qaydasında idi. Sonradan xəbər verdilər ki, dünyasını dəyişib. Səbəbini soruşanda dedilər ki, ürək fəaliyyətini dayandırıb".
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.