MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmə davam etdirildi
20-09-2024, 19:07
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda vəsatətlərin müzakirəsi olub.
Ötən prosesdə məhkəmədə MN-in Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləmiş polkovnik Rafael Xələfovun məhkəməyə çağırılması ilə əlaqəli vəsatətə uyğun olaraq hakim bildirib ki, bu haqda R.Xələfovun vəkilinə məlumat verilib. Rafael Xələfov COVID-ə yoluxduğu üçün məhkəməyə gəlməyib: “Virusa yoluxduğunu sübut edən sənəd təqdim edən Rafael Xələfov gələn iclasda məhkəmədə iştrak edəcəyini bildirib”.
Bayram Bayramovun vəkili Tahir Şamxalov cinayət işi üzrə büdcədən məbləğlərin silinməsi barədə elektron sistemə yerləşdirilən məlumatların dəqiqləşdirilməsini xahiş edib: “Həmin sənədləri əldə etsək, kimə nə qədər ödənildiyini bilərik”.
Məhkəmə vəsatəti təmin edib.
Cəlal Kazımovun müdafiəçisi mühasibatlıqla bağlı eksperizanın təyin olunması üçün vəsatət verdiklərini xatırladıb və təmin olunmasını istəyib.
Məhkəmə cinayət işi üzrə aylar və illər üzrə hesablamanın yenidən aparılması üçün ekspertizanın təyin olunması barədə verilən vəsatəti qismən təmin edib.
General Nizami Məmmədovun vəkili Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin növbəti məhkəməyə gətirilməsi və Rafael Xələfovla birlikdə sualları cavablandırması barədə vəsatət verib.
Məhkəmə vəsatətin təmin olunmasına əsas olmadığını bildirərək, vəsatəti təmin edilməmiş saxlayıb.
Növbəti məhkəmə prosesi sentyabrın 27-nə təyin olunub.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.