Təbriz şəhərində iki gündə bir yol-nəqliyyat qəzası nəticəsində bir nəfər ölür

14-10-2024, 15:35           
Təbriz şəhərində iki gündə bir yol-nəqliyyat qəzası nəticəsində bir nəfər ölür
Təbrizdə hər ay 15 nəfər yol-nəqliyyat hadisələri nəticəsində həyatını itirir.

Təbrizin yerli mətbuatı Mühəndislik İdarəetmə Təşkilatı və Nəqliyyat Şəbəkəsinin direktoru Məhəmmədrza Roşəniyə istinadən yazır ki, Təbrizdə hər iki gündə bir ölümcül yol qəzası baş verir. Ötən il belə qəzalar nəticəsində 147 nəfər dünyasını dəyişib.

Roşəni bu ilin əvvəlindən qəzalarda ölüm hallarının artdığını və hazırda ayda 15 nəfərin həyatını itirdiyini qeyd edib.

O, həmçinin vurğulayıb ki, şəhərdə köhnə avtomobillərin istifadəsi artıb. Banklar bu avtomobillərin yenilənməsi üçün maliyyə dəstəyi göstərmir, ətraf mühitin qorunması ilə bağlı təşkilatlar isə bu maşınların yaratdığı problemlərə hər hansı tədbir almır.

Hazırda Təbriz Bələdiyyəsi şəhər nəqliyyatının kompleks planının ikinci mərhələsini həyata keçirir. Roşəni bildirib ki, layihə 2006-cı ildə başlamış, lakin müəyyən çətinliklər səbəbindən dayandırılmışdı. İndi Tehranın Tərbiyət Müdərris Universiteti ilə əməkdaşlıqla işlər yenidən bərpa olunub. Planın məqsədi şəhərin nəqliyyat problemlərini müəyyən etmək və onların həlli üçün iqtisadi yollar təqdim etməkdir.
Həmin rəsminin sözlərinə əsasən, Təbriz şəhərində son 18 ildə nəqliyyat layihələri ilə əlaqədar genişmiqyaslı tədqiqatlar aparılmadığı məlum olub.

İranda, xüsusən də Təbriz kimi böyük şəhərlərdə yol-nəqliyyat qəzalarında ölən vətəndaşların sayının artması ölkədə yol təhlükəsizliyi və şəhər nəqliyyatı sahəsində ciddi bir böhranın mövcudluğunu göstərir. Köhnəlmiş avtomobillərin sayının artması, yerli istehsal olunan avtomobillərin standartlara uyğun olmaması və lazımi şəhər infrastrukturunun çatışmazlığı bu böhranı dərinləşdirən əsas amillərdir.

Bu problemlər təkcə şəhər daxilində deyil, şəhərlərarası yollarda da özünü göstərir. Standartlara cavab verməyən nəqliyyat vasitələri, avtomobillərin köhnəlməsi, yolların qeyri-standart olması və sürücülük təhsilindəki çatışmazlıqlar qəzaların əsas səbəbləri arasındadır. Bu problemlərin nəticəsində İranda hər il minlərlə insan həyatını itirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.