DSX-nın əsgərinin müəmmalı ölümü - Baş leytenant həbs edildi - DETALLAR

3-12-2024, 00:12           
DSX-nın əsgərinin müəmmalı ölümü - Baş leytenant həbs edildi - DETALLAR
Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.

TEREF xəbər verir ki, bakupost.az -ın əldə etdiyi məlumata görə, onun həbsi həmin hərbi hissəsədə xidmət edən əsgər Orucov Həbib İlham oğlunun ölümü ilə bağlıdır.

Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpədici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələylə bağlı istintaq davam edir.

Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da dünyasını dəyişib. Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyevin bildirdiyinə görə, o, odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Məsələylə bağlı dünyasını dəyişən Həbib Orucovun anası Tünzalə Nəcəfova Bakupost.az -a açıqlama verib. O, Orxan Rzalının həbs olunduğunu təsdiqləyib və oğlunun ölümündə baş leytenantı günahlandırıb:

“Mən bilirəm ki, o zabit oğlumu özünü öldürməyə məcbur edib. Mənim uşağım canını çox istəyən idi. Mümkün deyildi ki, o özünə qıysın. Qardaşım meyiti görüb. Deyir ki, alnında çapıq izi, çiynində isə göyərmiş ləkə vardı. Mən hərbi hissəyə gedib əsgərlərlə danışdım. Uşağı keçən ayın 25-dən bəri sıxışdırırmış. Əsgərlər deyir ki, Həbibin üstünə qışqırır, ağzına gələni deyirdi. Oğlum bizimlə ancaq Orxan Rzalının telefonuyla əlaqə saxlaya bilirdi. O da oğlumun başının üstündə dayanırdı. Ona görə də baş verənləri danışa bilməyib. Bəziləri dedilər ki, o çapıq çoxdan var idi. Ekspertiza hamısını araşdırmalıdır. Mən Orxan Rzalının ömürlük həbs olunmasını tələb edirəm”.

Bakupost.az Fotoda: Əsgər Həbib Orucov

Fotoda: baş leytenant Orxan Rzalı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.