Nəcməddin Sadıkov gedəndən sonra hər şey müsbətə doğru dəyişib?
Bu gün, 17:20

Türkiyəli bir jurnalist diplomatik mənbələrə istinad edərək iddia edib ki, Azərbaycan Silahlı qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov müharibə vaxtı Türkiyəyə aparılıb, dindirilib və sonra Rusiyaya göndərilib.
Özünə vətənpərvər, hər addımbaşı "dövlətimə xidmət edirəm" deyən azərbaycanlılar da düşüb ortalığa Nəcməddin Sadıkovun qabırğasına döşüyür.
Bir neçə həftə bundan əvvəl efirlərin birində qonaq idim. Özünü dahi sayan politoloqlarımızdan biri dedi ki, bir ölkənin baş qərargah rəisi vurulursa, o ordu dağılmış hesab olunur. İranı nəzərdə tuturdu. Mən də dedim ki, a kişi, Azərbaycan ordusu müharibəni baş qərargah rəissiz apardı və qazandı. Biri dedi, bu sadəcə iddiadır, bu yalandır, sərəncam yox idi. Bir o qaldı məni vətən xaini çıxarsınlar. Əslində bu tip vəziyyətlə dəfələrlə üz-üzə qalmışdım. Polad Həşimov şəhid olanda ilk mən yazdım. Onda da eyni vəziyyət. O qədər ittiham etdilər ki, axırda yazını publikdən "şəxsən özüm" üçün dəyişdirdim. Aradan bir neçə saat keçməmiş hazırkı Baş Qərargah rəisi Kərim Vəliyevin kövrələrək Polad Həşimovun şəhid olmasını açıqlayandan sonra elə həmin adamlar düşdülər sosial şəbəkələrin canına.
İndi Nəcməddin Sadıkovun vəzifədə olan vaxtı dili çıxmayan, adın yazmağa gücü çatmayanlar dişinin dibindən çıxanı yazırlar.
Bunu oxuyanlar, yaxud məni tanıdığını iddia edən fındıq boyda beyni olanlar proqnoz edirlər ki, fürsət yaranıb, Səxavət Nəcməddin haqqında daha betər şeylər yazacaq. Axmaqlar!
Nəcməddin Sadıkov vəzifədən gedəndən sonra mənim üçün bitib!
Gələk türkiyəli jurnalistin iddiasına. Əvvəla o diplomatik mənbə kimdirsə ya onunla məzələnib, ya da kimsə yanında çayxana söhbəti edib, o da götürüb bunu yazıb. Əvvəla Nəcməddin Sadıkov müharibə vaxtı ordudan kənarlaşdırıldı. Gözümün qabağında bu şəxsi heyətə elan edildi. Müharibə zamanı bu informasiyanın gözümdə bir köpüklü dəyəri yox idi.
İddiada deyilir ki, Nəcməddin Sadıkov Türkiyəyə aparılıb. Bu birincisi Azərbaycan hüquq mühafizə orqanlarının aşağılaması deməkdir. Sən necə dövlətsən ki, sənin ordunun nəinki indiki zamanını, gələcək 50 illik potensialını bilən adamı başqa bir ölkəyə dindirməyə göndərirsən? Azərbaycan bu qədər acizdir? İddianın sonunda deyilir ki, dindirmədən sonra Nəcməddin Sadıkovun Rusiyaya getməsinə icazə verilib. Dindirmisənsə və Rusiyaya işlədiyini sübut etmisənsə, niyə Rusiyaya göndərirdin? Ya necə aparılmışdısa elə də gətirirdin Azərbaycana, göndəridin cəbhə bölgəsinə, maşının altına mina qoyub, havaya uçururdun, ya da sübutları verirdin məhkəməyə damlayırdın. Rusiyaya niyə? Şanlı Azərbaycan mətbuatının Nəcməddin Sadıkovun avto qəza törətməsi videosunu yaymasından uzun vaxt keçməyib. Yəni, adam Rusiyaya xidmət edir, Azərbaycandakı obyetləri əlində, yağ-bal içərisində yaşayır. Heç nə anlamadım. Anlayan oldusa məni də başa salsın.
Nəcməddin Sadıkova görə başıma gəlməyən qalmadı. Niyə yazırdım? Çünki torpaqların sülh yolu ilə qayıdacağına inanmırdım, müharibənin olacağına əmin idim, ordudakı problemləri işıqlandırırdım ki, aradan qaldırılsın, güclü olaq. İndi yazmağa mövzu yoxdur? "N" qədər. Nəcməddin Sadıkov gedəndən sonra hər şey müsbətə doğru dəyişib? Nəysəəə.
Özümə söz vermişdim ki, Nəcməddin Sadıkovla bağlı bir də heç nə yazmayacam. Anlayanlar anladılar ki, bu yazdığım da Nəcməddin Sadıkovla bağlı deyil.
Yeri gəlmişkən Azərbaycan müdafiə naziri Zakir Həsənovun müşaviri türkiyəli General-leytenant Bəxtiyar Ersaya Ərdoğan vəzifə verib. Türkiyəyə gedir. Dəhşət çox sevindim...
Səxavət Məmməd
TEREF