Bu görüş və gözləntilərim mənə bir filmi xatırlatdı.
Bu gün, 00:00

Putin və Tramp arasında Alyaska görüşünə saylı saatlar qalıb. Bu görüş və gözləntilərim mənə bir filmi xatırlatdı.
Hər kəsə tövsiyə etdiyim film var - "Dönüş nöqtəsi", Entoni Hopkins baş rolda.
Baş qəhrəman həyat yoldaşının xəyanətini tutaraq onu öldürür, amma bu, sadə qətl deyil. Hüquqi müstəvidə məsuliyyətdən yayınmaq üçün o, mürəkkəb bir ssenari qurur. Lakin məsələnin mahiyyəti başqa yerdədir.
Məhkəmə zalında cinayətkar dövlət ittihamçısı ilə qarşılaşır və onun zəif yerini görür: prokuror tələsir, bu onun son işi idi və yeni vəzifəyə keçmək üçün işi tez bitirməyə çalışır. Qatil isə bu tələskənliyi silaha çevirir. Nəticədə ittihamçı işi uduzur, cinayətkar isə azadlığa çıxır.
Bu gün Alyaskada baş verənlər də oxşar ssenarini xatırladır. Trampın şəxsi hədəfi var - Nobel Sülh Mükafatı. O, bu məqsəd uğrunda "sülhü" öz zaman cədvəlinə uyğunlaşdırmağa hazırdır, hətta Moskva üçün sərfəli şərtlər daxil olsa belə. Putin bunu bilir. O, Entoni Hopkinsin "Dönüş nöqtəsi" filmindəki baş qəhrəman kimi soyuqqanlı gözləyir və lazımi düyməyə basmağa hazırdır.
Avropa olmasaydı, bu "saziş" çoxdan imzalanmış olardı. Amma hələ vaxt var. Günün sualı isə budur: "Dönüş nöqtəsi" filminin finalındakı kimi, bir insanın şəxsi ambisiyaları cinayətkara legitimlik qazandıracaqmı?
Kamran Cəfərov