“Dövlət büdcəsi hesabına yalançı məşğulluq yaranır ki, ölkədə işsizlik problemi şişməsin” - Xalid Kərimli
Bu gün, 17:28

“Azərbaycanda işsizlərin sayı Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə 229 min nəfərdir. Ümumiyyətlə ölkədə təqribən 5,4 milyon iqtisadi fəal əhali var. Onun 5,2 milyonu məşğul əhali hesab olunur”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanda dövlət işçilərinin sayının azalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə 200 mindən çox əhali işsiz kimi qeydiyyata alınıb:
“200 mindən çox əhali işsiz kimi qeydiyyata alınmış hesab olunur. İşsizlərə işsizlik sığorta fondundan ortalama 436 manat müavinət ödənilir. İşsiz kimi qeydə alınmağın qaydaları var. Yəni işsiz aktiv surətdə iş axtaran olmalıdır. Ən azı 2 təklif olunmuş uyğun işdən imtina etməməlidir. Çünki iş axtarmayanda, ard-arda təklif olunmuş işlərdən imtina edəndə artıq işsiz sayılmır. Vətəndaşın mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq varsa, o da işsiz sayılmır”.
Qeyd edim ki, təqribən 20 mindən çox özəl sektor daha çox iş yeri verir. Dövlət sektorunda 873 min, özəl sektorda 896 mindir. Son vaxtlar 1 neçə aydır ki, özəl sektor işsizliyin statistikasında dövlət sektorunu keçib. Əvvəllər mən təhlil edəndə baxırdın ki, bərabər verirlər. Amma bunun demək olar ki, 49%-ni dövlət sektoru verir. Bunun özü də qəribə rəqəmdir. Biz deyirik bazar iqtisadiyyatı, xüsusi mülkiyyət. Bununla belə təqribən 49 -50 %-in məşğulluğun dövlət verirsə, bu keyfiyyətli məşğulluqla bağlı, özəl sektorun gücüylə bağlı suallar yaradır. Çünki söhbət muzdlu işlərdən gedir. İqtisadi məşğul əhali daha çoxdur. Amma muzdlu işlə işləyənlərin statistikasında cüzi olaraq özəl sektor 1-2 % qabaqdadır”.
Xalid Kərimli vurğulayıb ki, dövlət idarəetməsi özəllə müqayisədə daha səmərəsizdir:
“Qonşu dövlətlərə baxanda görürsən ki, bizim dövlətə oxşar dövlətlər, postsosial, postsovet dövlətlərində dövlət sektoru 30 % və onun altındadır. Bu göstərir ki, özəl sektorumuz hələ zəifdir, məşğulluğu təmin edə bilmir. Dövlət büdcəsi hesabına, hətta bəzən yalançı məşğulluq da yaranır ki, ölkədə işsizlik problemi şişməsin. Mən hesab edirəm ki, gələcəkdə dövlət sektoru iş yerlərinin statistikası daha da azalmalıdır. Dövlət büdcəsinə pul hardan gəlir? Xalqın sərvəti olan neftin büdcəyə transferti və ordan da əməkhaqları verilir. Yəni dövlət kompakt olmalıdır. Dövlət kiçik olmalıdır. Bilirik ki, dövlət idarəetməsi, dövlət müəssisəsi, özəllə müqayisədə daha səmərəsizdir. Bu baxımdan mən hesab edirəm ki, muzdlu işçilərlə əlaqədar statistikanın tərkibində dövlətin payı getdikcə azalmağı daha məqsədəuyğun olardı. İnsanların ən çox özəl sektorda çalışması daha yaxşı olardı”.