Sem Altman "Merge Labs"a 250 milyon dollar yatırır - "Neuralink"ə rəqib olan startap
Bu gün, 17:18
"OpenAI"ın baş direktoru Sem Altman beyin-kompüter interfeysləri üzərində çalışan və açıq şəkildə İlon Maskın "Neuralink" şirkətinə rəqib olmağı hədəfləyən "Merge Labs" startapına sərmayə yatırır. "Merge Labs"ın dəyəri 850 milyon dollar olaraq qiymətləndirilir və şirkət bu mərhələdə 250 milyon dollar cəlb edir. Bu məbləğin əhəmiyyətli hissəsinin "OpenAI"ın vençur bölməsi tərəfindən təmin ediləcəyi bildirilir.
"Merge Labs" Sem Altman və rəqəmsal identifikasiya layihəsi "Worldcoin" ilə tanınan Alek Blaniya (Alex Blania) tərəfindən təsis edilib. Cəlb olunan vəsaitlərin elmi-tədqiqatların dərinləşdirilməsinə, klinik sınaqların keçirilməsinə və texnologiyaların kommersiya istifadəsinə hazırlanmasına yönəldilməsi planlaşdırılır. Beyin-kompüter interfeysləri (BCI) sahəsində liderlik uğrunda yarış bu onilliyin əsas texnoloji mübarizəsinə çevrilə bilər. Mask və Altmanın bu prosesdə iştirakı isə marağı daha da artırır.
"Merge Labs"ın əsas rəqibi olan "Neuralink" 2016-cı ildə İlon Mask tərəfindən təsis olunub və bu yaxınlarda şirkət 9 milyard dollar dəyərində qiymətləndirilərək 650 milyon dollar sərmayə cəlb edib.