MARAFON QAÇIŞININ TARİXİ
Dünən, 09:04
Dörd ildən bir keçirilən beynəlxalq Olimpiya oyunlarına daxil olan yüngül atletika yarışlarından biri də Marafon qaçışıdır. Bu yarış idman azarkeşləri tərəfindən çox sevilir. Ona görə də yüngül atletika üzrə yarışlar məhz Marafon qaçışı ilə bitir.
Olimpiya yarışları ilk dəfə Qədim Yunanıstanda Miladdan çox-çox əvvəl keçirilmişdir. Müasir Olimpiya oyunlarına o dövrdə mövcud olan bir çox idman növləri də daxildir. Marafon qaçışının tarixi Qədim Yunanıstanla bağlı olsa da, o zaman belə idman növü olmamışdır. Marafon qaçışının yaranması çox maraqlı tarixi hadisə ilə bağlıdır.
Böyük qüdrətə və gücə malik olan Əhəmənilər dövlətinin hökmdarı I Dara öz dövlətinin sərhədlərini genişləndirmək üçün qonşu dövlətlərə hücumlar edirdi. Onun Əhəmənilər dövlətinin tərkibinə qatmaq istədiyi ölkələrdən biri də Yunanıstan idi. Miladdan öncə 499-cu ildə I Dara yunan torpaqlarına hücuma keçdi. Əhəməni ordusu bir sıra şəhərləri özünə tabe etdi. Nəhayət, I Daranın ordusu Yunanıstanın Marafon şəhərinə yaxınlaşıb döyüşə hazırlaşmağa başladı. Afina şəhər başçısı da öz ordusunu həmin yerə göndərdi.
Yunanıstanla İran arasında ən böyük döyüşlərdən biri sayılan Marafon döyüşü e.ə. 490-cı il sentyabrın 12-də baş verdi. Uzun çəkən döyüşdə afinalılar qalib gəldilər.
Məşhur rəvayətə görə, qələbədən sonra Fidippid adlı döyüşçü həmyerlilərinə qələbə xəbərini çatdırmaq üçün qaça-qaça doğma şəhərinə tərəf yollanır. Fidippid Marafon şəhərindən Afinaya qədər dayanmadan qaçır və şəhərə gəlib çatan kimi: “Sevinin, afinalılar, biz qalib gəldik!” - deyərək ölür. Bununla da, o öz adını tarixə həkk edir.
1896-cı ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yeni yarış növü - Marafon qaçışı məhz bu döyüşçünün fədakarlığı şərəfinə təsis olunmuşdu.
https://e-derslik.edu.az/