Qarın ağrısı, ürəkbulanma və qusma: Mədə-bağırsaq problemləri infarktın gizli əlamətləri ola bilər
Bu gün, 17:28

"Ürəyin işemik xəstəliyi məkrli bir xəstəlikdir və gec aşkar olunduğu təqdirdə, miokard infarktının inkişafına səbəb ola bilər".
Bu barədə rusiyalı kardioloq Yuri Daniluşkin Gazeta.ru-ya müsahibəsində danışıb.
Kardioloqun sözlərinə görə, bəzən bu xəstəlik mədə-bağırsaq traktına xas olan qeyri-aşkar simptomlarla özünü büruzə verir ki, bu da vaxtında diaqnoz qoyulmasını çətinləşdirir.
Ürəyin işemik xəstəliyinin ilkin əlamətlərindən biri stenokardiyadır. Bu zaman döş sümüyünün arxasında sıxıcı və təzyiqedici ağrı yaranır və bu ağrı sol çiyinə, boyuna, çənənin aşağı hissəsinə və ya sol kürək sümüyünün altına yayıla bilər. Adətən belə ağrılar bir neçə dəqiqədən artıq çəkmir. Lakin kardioloqun bildirdiyinə görə, bəzi hallarda simptomlar qeyri-tipik ola bilər - məsələn, kəskin diş ağrısı, döş qəfəsinin sağ tərəfində diskomfort, ürəkbulanma və qusma kimi əlamətlərlə müşahidə oluna bilər.
Statistikaya əsasən, ürəyin işemik xəstəliyindən əziyyət çəkən insanların 10-20 faizində məhz belə qeyri-adi simptomlar müşahidə olunur. Bu hallarla daha çox qadınlar qarşılaşırlar.
Yuri Daniluşkin xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasının, arterial təzyiqin mütəmadi ölçülməsinin və ürək-damar xəstəliklərinin inkişafına səbəb olan zərərli vərdişlərdən uzaq durmağın vacibliyini vurğulayıb.
"40 yaşdan yuxarı bütün kişilər və 55 yaşdan yuxarı qadınlar boyun damarlarının ultrasəs müayinəsindən keçməlidirlər. Hətta kiçik aterosklerotik lövhələr aşkar edilərsə belə, bu xəstələr ürək işemiyası baxımından daha ətraflı müayinədən keçirilməlidirlər", - deyə o qeyd edib.
Kardioloq əlavə edib ki, qadınlarda menopauzadan sonra ateroskleroz daha sürətlə və aqressiv şəkildə inkişaf edir. Buna görə də, onlar sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər.