Quşların gizli həyatı: Boşluq tap, müharibədə qalib ol
Bu gün, 15:12

"Yuvalarını ancaq hazır ağac boşluqlarında quran dişi quşlar digər növlərlə müqayisədə daha aqressiv olurlar".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Nature Ecology & Evolution" jurnalında yayımlanan araşdırmada qeyd olunur.
Özləri yuva qura bilməyən dişi quşlar ağac gövdələrindəki, hasarlardakı və ya qayalıqlardakı mövcud boşluqları axtararaq orada məskunlaşmağa məcbur qalırlar. Belə sığınacaqlar nadir və məhdud olduğu üçün, bu resursları itirmək onların çoxalma imkanlarını təhlükə altına salır. Nəticədə, bu quşlar yuvalarını daha aqressiv şəkildə müdafiə edirlər.
Alimlər qaranquşlar, sərçələr, bülbüllər, cırtdan quşlar və digər növləri tədqiq edərək müxtəlif yuvalama strategiyalarını müqayisə ediblər. Araşdırmanın nəticələrinə əsasən, quşların aqressiv davranışına əsasən yuva qurma üsulu təsir edir. Nəsil yaxınlığı və ya testosteron səviyyəsi isə bu baxımdan daha az rol oynayır.
Ən aqressiv davranışlar məhz dişi quşlarda müşahidə olunub.
Genetik analizlər isə göstərib ki, bütün növlərdə aqressivliyə cavabdeh ümumi gen yoxdur. Hər bir növün aqressivliyə səbəb olan özünəməxsus gen kombinasiyası mövcuddur.