50 milyondan çox büdcə yeyintisi, qohum-əqrəbanın formal işə götürülməsi… “SOCAR-AQŞ” MMC-nin keçmiş rəhbərinə 15 il cəza istənildi
Bu gün, 16:14

50 milyondan çox büdcə yeyintisi, qohum-əqrəbanın formal işə götürülməsi… “SOCAR-AQŞ” MMC-nin keçmiş rəhbərinə 15 il cəza istənildi
“SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru, 50 milyon manatdan çox mənimsəmədə ittihamı olunan Ramin İsayevin işi üzrə bir ildir davam edən məhkəmə istintaqı başa çatıb.
Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin İsayevin işi üzrə iyulun 17-də keçirilən məhkəmə prosesində prokuror çıxış edib. Dövlət ittihamçısı Ramin İsayevin 15 il azadlıqdan məhrum edilməsini, onun özünün və qohumlarının adına olan, üzərinə həbs qoyulmuş əmlakların isə müsadirə olunmasını məhkəməyə təklif edib. Prokuror bildirib ki, Ramin İsayevə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrilə ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapıb.
Qeyd edək ki, Ramin İsayev iki ildir həbsdədir. Onun məhkəməsi ötən il iyulun sonunda başlayıb. Məhkəmə prosesi qapalı keçirilib, media nümayəndələri buraxılmayıb.
Məhkəmədə üç qurum - SOCAR-AQŞ”, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Ramin İsayev Türkiyə vətəndaşlığı alıb, milyonları orada daşınmaz əmlakların alınmasına yönəldib, bir hissəsini də banka yatırılıb.
Bundan başqa, 28 qohumunu, tanışını formal şəkildə işə götürərək, büdcənin hesabına onlara yüksək maaşlar verib.
Ramin İsayev isə özünü təqsirli bilmir.