Xeops piramidasını qullar tikməyibmiş
Bu gün, 10:56

Giza yaylasında aparılan qazıntılar zamanı piramidaların qullar tərəfindən tikilmədiyini göstərən qraffitilər aşkar edilib.
TEREF Teleqraf-a istinadən xəbər verir ki, bu barədə misirşünas alim Zahi Havass bildirib.
Qazıntılar zamanı Xeops piramidasının daxilində yerləşən dəfn kamerasının üstündə divarın üzərində bir-birini əvəz edən işçi briqadalarının adları, iş günlərinin sayı və əməkhaqqı hesablanması əks olunub. Tapılan rəsmlər Vadi əl-Carf papirusunun məzmununu tam təkrarlayır.
Qeyd olunur ki, bu kəşf piramidaların qullar deyil, peşəkar mövsümi briqadalar tərəfindən tikildiyini təsdiqləyir.
“Qazıntılar zamanı burada minlərlə heyvan sümüyü, o cümlədən 11 inək və 33 keçinin sümüklərini tapdıq. Bu say gündə təxminən 10000 işçini təmin etmək üçün kifayət qədərdir”, – Havass bildirib.
O qeyd edib ki, belə bir rasion qulların yediyi qidadan çox fərqlənirdi. Alimin sözlərinə görə, qullar bişmiş mərci ilə kifayətlənirdilər. Bundan əlavə, piramidanın yaxınlığında yaşayış evləri, anbarlar, çörəkxanalar və hətta xəstəxana yerləşən bir qəsəbə aşkar edilib.