Geoloq Yerdəki ən qədim suyu tapdı və onu içdi: Nə hiss etdiyini danışdı

Bu gün, 15:06           
Geoloq Yerdəki ən qədim suyu tapdı və onu içdi: Nə hiss etdiyini danışdı
Kanadadakı bir mədən quyusunda aparılan araşdırmalar zamanı professor Barbara Şervud-Lollar rəhbərliyi ilə çalışan alimlər komandası Yer üzündə indiyədək qeydə alınmış ən qədim suya rast gəlib. Təxminən 3 kilometr dərinlikdə aşkar edilən bu suyun yaşı 1,5 milyard ilə 2,6 milyard il arasında qiymətləndirilir. Daha da maraqlısı isə odur ki, professor bu suyu içərək onun dadını şəxsən təcrübədən keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" "Nature” jurnalında dərc olunan araşdırmaya istinadla xəbər verib.

Qədim, amma axan su

Şervud-Lolların komandası əvvəlcə daş qatlarında ilişib qalmış kiçik miqdarda su cibləri tapmağı ümid edirdi. Lakin suyun saniyədə bir litrə yaxın sürətlə axdığı müşahidə olundu. Araşdırma rəhbəri bu barədə belə deyib:

"İnsanlar bu suyun sadəcə qayada ilişib qalmış azacıq bir miqdar olduğunu düşünür. Amma əslində, su böyük təzyiqlə üzərinizə doğru axır".

Suyun dadı: Çox duzlu və acı

Şervud-Lollar suyun dadını belə təsvir edib: "Çox duzlu və acı idi, dəniz suyundan qat-qat duzlu".

Onun sözlərinə görə, bu qədər duzlu su tapmaq geoloqlar üçün ümidverici əlamətdir. Çünki nə qədər su uzun müddət yerin altında qalarsa, o qədər çox minerallarla zənginləşir və duzluluq artır. Bu da onun qədimliyini təsdiq edən mühüm göstəricidir.

Suda qədim həyat izləri tapıldı

Araşdırmanın ən mühüm hissələrindən biri isə həmin suyun kimyəvi tərkibinin təhlili zamanı məlum olub. Alimlər burada mikrobioloji həyatın izlərini aşkar ediblər. Məlum olub ki, milyardlarla il əvvəl həmin mühitdə mikroblar yaşayıb.

Şervud qeyd edib: "Məhlulda müşahidə etdiyimiz siqnalın bioloji mənşəli olduğunu sübut edə bildik".

Bu isə o deməkdir ki, həyat Yer səthindən uzaqda, qaranlıq və soyuq geoloji qatlarda da mümkün ola bilərmiş.

Hər hansı mənfi təsir qeydə alınmadı

Hərçənd suyun dadı spesifik və xoşagəlməz olsa da, Şervud-Lollar bu qədim suyu içdikdən sonra heç bir mənfi təsir müşahidə etmədiyini bildirib.

Bu kəşf, yalnız Yer tarixindəki ən qədim su mənbəsini müəyyən etməklə kifayətlənmir – o, həm də ekstremal şəraitlərdə həyatın varlığına dair dəlillərlə astrobiologiya sahəsində gələcək araşdırmalara böyük töhfə verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru